"Təhsil" Respublika İdman Mərkəzinin yığma komandası
Belarusun paytaxtı Minsk şəhərində keçirilən akrobatika
gimnastikası üzrə beynəlxalq "Bondarev Kuboku"
turnirində ölkəmizi təmsil edib.
İdman akrobatikası məktəbinin yaradıcılarından biri olan
Leonid Livşiçin xatirəsinə həsr olunmuş turnirə
Azərbaycanla yanaşı, Belarus, Moldova, Rusiya,
Qazaxıstan, Belçika və Böyük Britaniyanın müxtəlif
şəhərlərindən gəlmiş 300-dən çox idmançı qatılıb.
İdmançılarımız yarışda akrobatikanın 5 növündən 4-ü üzrə
mübarizə aparıblar. Qadın cütlüyü üzrə gənclərin
proqramında Emiliya Nəzərli və Raziyə Seyidli turnirin
qalib olublar. Böyüklərin proqramında isə Aynur
Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanova III yerə
çıxıblar. Kişi cütlüyü üzrə gənclərin proqramında
Bəxtiyar İbrahimov və Seymur Babayev III yeri tutublar.
Ağasif Rəhimovla Nurcan Cabbarlının iştirak etdiyi
qarışıq cütlükdə də təmsilçilərimiz III yeri qazanıblar.
"Təhsil" RİM-in daha 4 yetirməsi - Seymur Cəfərov və
Murad Əkbərov IV yeri, Lamiyə Nəcəfli və Jalə Abbasova
isə V yeri tutublar.
Beləliklə, turnirdə iştirak edən 13 idmançımızdan 9-u
Azərbaycana medalla qayıdıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |