Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Mərkəzin yetirmələri müsabiqə qalibləridir

 

Bakıdakı  21 nömrəli Uşaq-Gənclər Yaradıcılıq  Mərkəzinin  başlıca vəzifəsi  hərtərəfli biliyə və bacarığa, dünyagörüşünə malik olan, onu daim inkişaf etdirən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi və mənəvi keyfiyyətləri özündə əks etdirən vətənpərvər gənclər yetişdirməkdir. Mərkəzdə 20 dərnəkdə  1100 nəfər  uşaq, yeniyetmə və gənc məşğul olur. Burada "Milli rəqs", "Xor", "Musiqisevərlər", "Gənc dizaynerlər", "Azəri"  və "Vokal" instrumental ansambllar,  "İnci" rəqs qrupu, "Ekologiya", "Bədii gimnastika", "Bədii qiraət", "Rəsm", "Təsviri  incəsənət", "Sağlam həyat tərzi" və sair dərnəklər fəaliyyət göstərir.

Mərkəzin rəhbəri  Fatma Təhməzova  bildirdi ki,  yetirmələri beynəlxalq müsabiqə və festivallarda, müxtəlif nominasiya üzrə keçirilən  müsabiqələrdə daim qalib adını qazanıblar, diplom, medal, kuboklarla mükafatlandırılıblar. Mərkəzin istedadlı yetirmələrindən olan Cavid Məmmədov təsviri incəsənət dərnəyi üzrə Hindistanda keçirilən "Şankar" rəsm müsabiqəsində  II yerin qalibi olaraq  medalla təltif olunub və adı "Uşaq ensiklopediyası"na düşüb. Hər il Türkiyədə keçirilən ənənəvi 23 Aprel  beynəlxalq uşaq festivalının iştirakçısı olan  istedadlar diplom və fəxri fərmanlara layiq görülüblər. Aydan Hətəmli, Leyla Əkbərova, Nərgiz Zeynalova, Nurana Manafova, Elşən Fətullayev, İbrahim Əzizov, Üzeyir Bayramov, Nigar Əliyeva, Məhəmməd Behbudov, Elnurə Zalova, Eldar Hüseynov, Toğrul İbrahimli və Səid  Quluzadə mərkəzin fəxridirlər.

Qeyd edək ki, 2014-cü ilin mayında  Beynəlxalq  Biomüxtəliflik Günü  münasibətilə paytaxtın uşaq və gənclər  yaradıcılıq mərkəzləri arasında "Dünyanın mədəniyyət rəngləri" mövzusunda müxtəlif xalqların milli kuklalarının hazırlanması və bədii kompozisiyasının təqdimatı üzrə keçirilən  yarışmada  mərkəzin yetirmələri  fəallıq göstərərək  məktəb  ləvazimatları ilə mükafatlandırılıblar.

2014-cü ilin oktyabrında Bakıda Avropa Şurasının "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində  "Biz zorakılığa yox deyirik!" mövzusunda "Rənglərin dili ilə" adlı rəsm müsabiqəsində  mərkəzin  təsviri incəsənət dərnəyinin üzvlərindən  Murad və Emin Şahvələdov qardaşları, Həcər Aslanlı, Aytən Ələkbərli diplom və xatirə hədiyyələri qazanıblar.

Gənclər və İdman Nazirliyinin  9 Noyabr - Dövlət Bayrağı Gününə həsr etdiyi tədbirdə bədii qiraət dərnəyinin üzvü Gülü Rüstəmli  I dərəcəli diploma layiq görülüb.  

F.Təhməzova yaxın günlərdə mərkəzin yeni  binaya   köçürüləcəyi, orada yaradılacaq  şəraitdən maksimum   bəhrələnərək yetirmələrinin daha yüksək uğurlar qazanacaqları  barədə inamla danışdı.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov