Bakı
Slavyan Universiteti yarandığı gündən bir çox maraqlı
layihələr həyata keçirir ki, bunlardan biri də "Bir
günlük Xəlifə" özünüidarəetmə günüdür. Xatırladaq ki, bu
layihə Azərbaycanın ali təhsil ocaqları arasında yeganə
olaraq BSU-da 2002-ci ildən etibarən hər ilin 13 dekabr
tarixində həyata keçirilir və tələbələrdə
özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin
inkişafında, onların peşə məsuliyyətini dərk etməsində
önəmli rol oynayır. Belə ki, məhz həmin gün
universitetin rektor, prorektor, dekan və s. rəhbər
vəzifələrində tələbələr tərəfindən səsvermə yolu ilə
seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr
bir günlük universitetdə tədris prosesi, inzibati və s.
işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər
həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdiyi
qərarlar tam olaraq hüquqi qüvvəyə malik olur. Onu da
qeyd edək ki, xəlifələr 13 dekabrdan sonra "Kölgə
kabineti" tərkibində bir il müddətində seçildikləri
rəhbər vəzifələrini davam etdirirlər.
Ötən illərdən fərqli olaraq bu il "Xəlifə günü" dekabrın
15-nə təsadüf edib. Öncəliklə "xəlifə"lərin iş günü ali
təhsil ocağının foyesində yerləşən ümummilli lider
Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri
qoymaqla başlayıb. Sonra "xəlifə"lər, BSU, BDU və
ADU-nun beynəlxalq münasibətlər fakültələrində təhsil
alan tələbələrin iştirakı ilə"Beynəlxalq münasibətlərin
tarixi və hazırkı zamanda elmi baxış nəzərindən tədrisi"
mövzusunda "dəyirmi masa" keçiriblər.
Növbəti tədbir ali təhsil müəssisəsi nəzdində fəaliyyət
göstərən Türkiyə Araşdırmaları Mərkəzində baş tutub.
Türkiyə səfirliyinin müşaviri Abdülqaffar Büyükfırat
tələbələrlə görüşüb. Görüş çərçivəsində "Bir millət, iki
dövlət" adlı qısametrajlı film nümayiş olunub.
Xəlifə günü Ukrayna Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Aleksandr Pavloviç
Mişşenko BSU-nun Ukrayna Tədris - Mədəniyyət Mərkəzində
tələbələrlə görüşüb. Tədbirdə tələbələrdən ibarət
"Slavyanoçka" rəqs qrupu müxtəlif rəqs nümunələri ilə
çıxış edib.
Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin
nümayəndəsi, xanım Branislava Vaqnerova ali təhsil
ocağının qonağı olub və tələbələrlə Çexiyanın
iqtisadiyyatı, mədəniyyət və incəsənəti haqqında maraqlı
söhbət aparıb. Görüş zamanı görkəmli çex rəssamı Alfonso
Maria Muchoya həsr olunmuş təqdimat keçirilib.
Xəlifə günü çərçivəsində - jurnalistika və Azərbaycan
filologiyasında təhsil alan tələbələr üçün tanınmış
jurnalist Etibar Babayevin ustad dərsi olub.
Belarus Dili və Mədəniyyəti Mərkəzində Belarus
Respublikasının Azərbaycandakı konsulu Alek
Aleksandroviç tələbələrlə görüşüb. Görüşdə "Belarus
ədəbiyyatının inkişafı" adlı təqdimat olub.
Filologiya fakültəsində yazıçı Natella Osmanlı
"Ədəbiyyat qadınların gözü ilə" mövzusunda tələbələrə
"açıq dərs" keçib. Həmçinin həmin fakültənin III kurs
tələbələrinə cərrah Qail Qasımovun tibbi biliklər
fənnindən mühazirəsi təşkil olunub.
Magistratura şöbəsində qonaq olan Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı
direktoru Oktay Səmədov və tanınmış kulturoloq,
professor Fuad Məmmədovla "Pulla alına bilməyən
dəyərlər" mövzusunda disput-klubda görüş keçirilib.
"Bədən dilimiz nədən bəhs edir" psixoloji seminarında
jurnalist Rövşən Məmmədov və psixoloq Fidan Ağayeva
magistrant və tələbələrlə maraqlı diskussiyalar
aparıblar.
Xəlifə günü Oksford Universitetində təhsil alan
azərbaycanlı tələbələrlə BSU tələbələrinin görüşü
yaddaqalan olub. Söhbət zamanı müxtəlif fikirlər irəli
sürülüb, tələbələrin fəaliyyətlərini genişləndirə
bilmələri üçün məsləhətlər verilib.
Tələbələrin "xəlifəlik" etdikləri bir gün ərzində BSU-da
həmişəki iş rejimi gözlənilib və rəhbər vəzifələri icra
edən 32 tələbə gün ərzində vəzifələrini məharətlə yerinə
yetirməyə çalışıb.
BSU-nun Mətbuat xidməti |