Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Uşaq bağçasından görünən gələcək

 

Böyütmək üçün seçinO, adəti üzrə işə hamıdan tez gəlir. Səhər günəşini təzə əkilmiş güllərin və ağacların yarpaqları üzərində, şehlərin parıltısında görmək, onların çöhrəsindəki incə təbəssümləri sezmək ona xüsusi zövq verir. Təzə əkilmiş  ağaclara və  güllərə xüsusi qayğı ilə yanaşır, onların körpə balalar kimi nazını çəkməkdən xüsusi zövq alır. Bu adam bütün işlərində son dərəcədə inadkardır. O, heç zaman təbiətin şıltaqlıqları qarşısında məğlub olmağı xoşlamır. Əgər ona gətirilən və ya verilən gül kollarını, ağac tinglərini qəbul edibdirsə, deməli onlara görə özünü məsuliyyətli hesab edir və buna görə hər cür bəhanəni və bəraəti yersiz hesab edir. Çünki o özünü öz işinin- rəhbərlik etdiyi müəssisənin bütün sahələri üzrə səriştəli və kifayət qədər məlumatlı  hesab edir, yaşına və səriştəsinə söykənmədən daim öyrənməyi çalışır və ona görə də hamının yanında hörmət və nüfuz sahibidir.

Bu gün də eyni qayda ilə bağçanın həyətinə daxil oldu. Səhər günəşinin şəfəqləri nar gülləri kimi yarpaqların üzərində qızarırdı. Yaşıl çəmənlərin və ağacların üstünə qırmızı tül kimi sərilmiş günəşin şəfəqləri altında bu incə təbiət körpələrin məsum çöhrələrini xatırladırdı. Bütün bunlardan xüsusi zövq ala-ala o, hər tərəfi diqqət-nəzərlə seyr etdi, sonra bağbanla salamlaşdı və kiçik sual-cavabdan sonra öz otağına tərəf getdi, əl çantasını ora qoyub yenidən uşaqlar qəbul edilən foyeyə gəldi.

Müdir - Aydəmirova Validə Paşa qızı zövqə, bir az dəbə və bir az da fəsilə uyğun gözəl geyimli, orta yaşlı, nurani, səbrli, təmkinli, ciddi və işgüzar bir qadındır.

Mən özümü təqdim etdim, bağçadan yazmaq istədiyimi bildirdim. O, razılıqla gözləməyi xahiş etdi.

Uşaqların gəlişi başlamışdı və valideynlər - bəziləri tələsik, bəziləri səbrlə uşaqlarını tərbiyəçilərə təhvil verirdi, sonra onunla məxsusi olaraq salamlaşır, hal-əhval tutur və gedirdilər. Bu gözəl görüntü on-on beş dəqiqə davam etdi və sonra biz onun dəvəti ilə iş otağına yollandıq.

Mən bir daha ona gəlişimin məqsədini izah etdim. Əlavə etdim ki,  Xəzər rayonunda sizin bağça haqqında hamı  yüksək fikirdədir. Buzovnadan, Mərdəkandan, Şüvəlandan, Yeni Suraxanıdan sizin bağçaya valideynlərin uşaq gətirmələrindən məlumatım var. Bu, əlbəttə, burada işçilərin səriştəli və məsuliyyətli olmasından, təlim-tərbiyənin yüksək səviyyədə qurulmasından xəbər verir, dedim. Sağ olun, - dedi, - məlumatlılıq insanı həmişə düzgün istiqamətə yönəldir və ağıllı qərar verməyə kömək edir.

Mən hiss etdim ki, zamanla birgə ayaqlaşa bilən, öz işində kifayət qədər səriştəli olan bir müəssisə rəhbəri qarşısındayam. 

Bağça işinə həvəsinin nə vaxt yaranması ilə maraqlandım. Bəlkə də o ilk baxışda adi görünən bu sualı  gözləmirdi, bir az fikirləşdi və sanki nəyi isə yada salmaq, nəyi başlanğıc kimi götürmək istədiyini fikirləşirdi və nəhayət, dilləndi:

- Mənim həyat yoldaşım həkim idi. Çox ziyalı və  geniş dünyagörüşlü  adam idi. Bizim ilk körpəmizin hələ bir ayı tamam olmamışdı. Mən onun evdəki iş stolunun üstündə Makarenkonun "Kniqa dlya roditeley" kitabını gördüm. Hərdən boş vaxt tapan kimi o kitabı vərəqləyirdim və vaxt keçdikcə mən o kitabla yaxşı tanış ola bilmişdim. Artıq tərbiyədən söz düşəndə  biz tez-tez o kitaba müraciət edirdik. Mənim marağımı nəzərə alaraq sonradan o, Makarenkonun "Pedaqoji poema"sını da alıb gətirdi və gülə-gülə dedi ki, Aydəmirovlar ailəsi bu gün kiçik bir bağdır, lakin o ildən-ilə böyüməli, necə deyərlər, barlı-bəhərli olmalı və cəmiyyət üçün faydalı nəsil yetişdirməlidir. Ailə isə onun başlanğıcıdır, dedi.  Onun adı Heydər idi. Sonra bir az fikirləşib, dedi: - sənə bir sürpriz təklifim var, mən görürəm aldığım kitablar artıq sənin stolüstü kitabların olub, oxuyub öyrənməyə çox meyillisən, xüsusən də uşaqların tərbiyəsi ilə bağlı.  Hazırlaş,  ali məktəblərin birinə daxil ol. 1980-ci ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna daxil oldum və 1984-cü ildə oranı məktəbəqədər müəssisələrdə tərbiyəçi ixtisası üzrə bitirdim.

1985-ci ildə qəsəbəmizdə - Binədəki 107 nömrəli körpələr evi-uşaq bağçasında işə başladım. Mən bir ay olardı ki işləyirdim. Heydər işdən qayıtmışdı. İşimin necə getdiyini, mənim üçün çətin olub-olmadığını soruşdu və dedi ki, Validə, mən bu gün yenə hərbi komissiyada iştirak edirdim. Neçə vaxtdır, təhlil etdikcə bu qənaətə gəlirəm ki, bağçalarda tərbiyə alan uşaqlarda sağlamlıq daha möhkəmdir. Deməli, bağçalar təkcə tərbiyə ocağı deyil, həm də əsl sağlamlıq beşiyidir. Sonra yarıciddi, yarızarafat gülə-gülə dedi: - Ona görə, sən də çalış ki, Aydəmirovların əlindən ancaq sağlam balalar çıxsın.

1995-ci ildə məni 152 nömrəli bağçaya müdir dəvət etilər. Sonradan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təmir olunmuş bu gözəl bağça - köhnə adı və özü tarixdə qalmış, - 2009-cu ildə yenidən fəaliyyətini davam etdirən bu bağça həmin bağçanın layiqli varisidir. Özəlləşdirmədən sonra bağçamız "Binə bağçası" MMC adlanır.

Mənim suallarım qurtarmamışdı.

Validə xanımı gözləyən valideynlər vardı. Uşaqlarını bağçaya yazdırmaq istəyirdilər. Biz onun xahişi ilə on beş dəqiqə fasilə etdik. Bu müddət ərzində mən məşğələ keçən uşaqların maraqlı baxışları altında musiqi otağı, idman zalı, yemək otağı və tibb bacısının otağı ilə tanış oldum. Burada həyat sanki qaynayırdı. Gələcək cəmiyyətin övladlarının mənəvi cəhətdən zəngin və fiziki cəhətdən sağlam böyümələri üçün hər cür şərait yaradılmışdı. Otaqlar isti  və işıqlı idi. Təmir son dərəcədə zövqlə aparılmışdı.

On beş dəqiqədən sonra biz yenidən söhbəti davam etdirdik.

Validə xanımın otağında bütün qruplara nəzarət üçün monitor işləyirdi. Biz beş dəqiqə monitor vasitəsi ilə qruplarda uşaqlarla aparılan tərbiyə prosesini izlədik.

- Validə xanım, mən hiss edirəm ki. bu bağçanın keyfiyyətlə fəaliyyət göstərməsində Aydəmirovalar ailəsinin böyük rolu var.

- Hə, elədir, dörd qız anasıyam. Böyük qızlarım Alidə və Sənubər tibb universitetini, kiçik qızlarım Rəna və Gülnar ayrı-ayrı pedoqoji universitetlərin məktəbəqədər fakültələrinin məzunudurlar. Qızlarımın üçünün bağça yaşında uşaqları burada tərbiyə almışdır və indi də ikisi tərbiyə almaqda  davam etməkdədir.  Onlar təbii olaraq bu bağça ilə münasibətdədirlər. İkisi - Rəna əvəzçilik üzrə, Gülnar isə tam ştatla buranın işçisidir. Bu tərbiyəçi qızlarım mənim həm nümunəvi işçilərim, həm pedaqoji məsləhətçilərim, həm də ümumi keyfiyyət üzrə ictimai nəzarətçilərimdir. O biri həkim qızlarım isə bağçanın ictimai qaydada sağlamlıq üzrə məsləhətçiləridirlər. Ona görə bizim bağçada xəstələnmə halları olduqca aşağıdır. Mən bilirəm ki, təmizlik, sanitariya-gigeniya qaydalarına ciddi əməl olunması sağlamlığın ilkin şərtidir. Bu sahədə mən güzəşti sevmirəm və bütün işçilərdən bunu məsuliyyətlə tələb edirəm.

Söhbət zamanı öyrəndik ki, peşəkarlıq bacarıqlarını, ixtisas səviyyələrini daima yüksəltmək, pedaqoji kollektiv qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Uşaqların təlim-tərbiyə məsələləri ilə bağlı valideynlərlə əməkdaşlığa böyük önəm verilir.  Validə xanım dedi ki, uşaqların müasir tələblər səviyyəsində tərbiyəsi üçün bütün səylərimizi birləşdirmişik. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə yüksək səviyyədə təmir edilib, bütün müasir avadanlıqlarla birgə balaca nəslin ixtiyarına verilən bu bağçada öz öhdəliyimizi biz də böyük məsuliyyətlə yerinə yetirməyə diqqət yetiririk.

Biz beləcə söhbəti yekunlaşdırdıq. O, məşğələ otağına, ingilis dili məşğələsində  iştirak etmək üçün tələsirdi. Mən musiqi zalındakı bir körpənin ad gününün qeyd olunmasına həsr olunmuş səhnəyə bir qədər tamaşa etdikdən sonra bağçanı tərk etdim... 

Müslüm İSAYEV,
şair-publisist

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov