Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 
M.Y.Lermontov - 200

M.Y.Lermontov yaradıcılığında Qafqaz və Azərbaycan mövzusu

 

Telman CƏFƏROV (Vəlixanlı),
filologiya elmləri doktoru, professor
 

Böyük rus şairi M.Y.Lermontovun 200 illik yubiley tədbirləri Azərbaycanda da geniş şəkildə qeyd olunmaqdadır. Yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer alan şairə yubiley ilində yeni əsərlər həsr edilmiş, şeirlərinin yeni tərcümələri işiq üzü görmüş, barəsində ədəbi jurnallarımızda bir sıra maraqlı yazılar dərc olunmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsi ilə ali və orta təhsil müəssisələrimizdə müxtəlif yubiley tədbirləri təşkil olunur: şairin əsərləri səhnələşdirilir və onların  motivləri əsasında rəsmlər çəkilir, Lermontov şeirlərinin ən yaxşı ifaçıları müsabiqəsi keçirilir.

Bu yubiley məqaləsində M.Y.Lermontovun həyat və yaradıcılığını dünya oxucusu üçün maraqlı edən cəhətlərə, eləcə də onu Qafqaz və Azərbaycanla bağlayan tellərə nəzər salmağa çalışacağıq.

Rus şairi M.Y.Lermontov Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətləri olan şair və yazıçılardandır. Məhz onun sayəsində məşhur məhəbbət dastanımız - "Aşıq Qərib" geniş rusdilli oxucu auditoriyasının malına çevrildi və ciddi tədqiqatlara cəlb olundu. Geniş tarixi-mədəni areala malik dilimizi şair  fransız dili ilə müqayisə edərək, söz və ifadələrimizi, atalar sözlərimizi bir sıra əsərlərində ustalıqla istifadə etmiş, ədəbiyyatımızın ayrı-ayrı nümayəndə və nümunələrinə müraciətdən öz yaradıcılığında bəhrələnə bilmişdir.    

Rusiyanın görkəmli humanist şair və mütəfəkkirlərindən olan Mixail Yuryeviç Lermontov (1814-1841) XIX əsrin birinci yarısında yaşayıb yaratmışdır. Azərbaycanda da geniş tanınan bu məşhur rus ədibini Qafqazla bağlayan və Azərbaycan oxucusuna sevdirən, ilk növbədə, onun Şərq mövzusuna müraciəti və Qafqaz xalqlarının həyatını, onların adət-ənənələrini çoxsaylı əsərlərində əks etdirməsidir. Rus poeziyasının ən yüksək zirvələrindən biri sayılan M.Y.Lermontovu tanıdan və sevdirən həm də onun yaradıcılığında rast gəlinən insan və cəmiyyət, güclü şəxsiyyət problemlərinə yanaşma tərzidir. Onun rus romantizm və realizminin sintezini özündə əxz etdirən əsərləri bu şair, nasir və dramaturqun fərdi yaradıcılıq üslubu və metodunu səciyyələndirən əsas şərtlərdəndir. V.Q.Belinskinin təbirincə desək, Lermontov öz yetkin yaradıcılığında, xüsusən də "Zəmanəmizin qəhrəmanı" romanında realist olmaqla yanaşı, eyni zamanda romantizm metodunun bir sıra xüsusiyyətlərindən məharətlə yararlana bilmişdi. Digər dahi rus tənqidçisi və yazıçısı N.Q.Çernışevski isə sonradan realist rus ədəbiyyatının ana xəttinə çevriləcək,  L.N.Tolstoy və F.M.Dostoyevski nəsrində intişar edəcək və dərinləşəcək psixoloji istiqamətin məhz Lermontov romanlarından başlanğıc götürdüyünü vurğulayırdı.

Həyat və yaradıcılığı bir-birini sıx şəkildə tamamlayan rus şairi istər poetik, istər nəsr, istərsə də dramaturji yaradıcılığında rus gerçəkliyinə söykənir, özünü dekabristlərdən sonrakı gənc rus dvoryan nəslinin nümayəndəsi kimi təqdim edirdi. Bəlkə də o, bu nəslin problemlərini rus ədəbiyyatına gətirən, kəskin şəkildə qoyan ən barışmaz şair, yazıçı və dramaturq idi. Elə bu barışmazlığının da qurbanına çevrilmişdi. Qayğıkeş nənəsinin himayəsi olmasaydı, Puşkinin ölümünə çox sərt münasibət bildirən, onun qətlində birbaşa çarı və onun əhatəsini günahlandıran və ifşa edən Lermontov ("Şairin ölümü") daha sərt cəza ala və bəlkə də ən azı Sibirə sürgün edilə bilərdi.

Uşaqkən üç dəfə nənəsilə Qafqaza səyahət edən və iki dəfə buraya sürgünə göndərilən şairə bu romantik diyar əsl ilham mənbəyi olmaqla yanaşı, həm də gözəl və orijinal mövzu, ideya, süjet, motiv və xarakterlər bəxş etdi. Bestujev-Marlinski və Puşkindən sonra Qafqaz reallıqlarını inandırıcı və incə şəkildə işıqlandıran və sələflərinə münasibətdə mövzuya daha dərindən bələdçilik nümayiş etdirən də Lermontov oldu. "Geniş azadlığın əzəl məskəni olan" Qafqaza müraciətlə şair yazırdı: 

İtirdim anamı uşaq yaşından

Sehirli axşamlar keçdi qarşımdan.

Bir səs nə zamandı getmir başımdan

Uca qayalara bağlıyam qəlbən,

Sevirəm Qafqazı mən!

Sizinlə xoşbəxtəm dağlar, dərələr,

Sizsiz düz beş ildir həmdəmim kədər.

Gördüyüm o gözəl, ilahi gözlər

Yadıma düşdükcə yanır içindən

Sevirəm Qafqazı mən!

("Sevirəm Qafqazı mən!")

 Lakin düçar olduğu bədbəxtliklər və tale uğursuzluqlarından qurtulmaq ləzzətini anlamağa macal tapmayan şair Rusiyanın bu ucqar diyarının da xoşbəxtlikdən çox uzaq olduğunu anlayır, rus ordusunun zabiti olsa belə, həqiqəti izhar etməkdən çəkinmir:

 Sən də bədbəxtliyə olursan düçar,

Vuruşlar al qana qərq edir səni!..

Yox, Çərkəz, qayıtmaz ötən illərin,

Gözləmə, gör yurdun nə deyir indi...

Azadlıq məskəni doğma ellərin

Azadlıq uğrunda can verir indi ("Qafqaz") 

Xarakter etibarilə Qafqaza bağlanan cavan şair müharibənin bu ucqar diyara gətirdiyi faciənin ağırlığını anlayır. Vətəndən, doğma Şimaldan qovulmuş Lermontov əcəlin onu Cənubda haqlayacağını əvvəlcədən hiss edir. Şairin bir çox fəlsəfı düşüncələrinə səbəb də Qafqazda keçirdiyi günlər, aylar və illər olur. "Qaya üstündə xaç", "Vidalaşma", "Xəncər", "Yollarda tələsib doğma Şimala", "Şair", "Üç palma", "Terekin hədiyyələri", "Buludlar", "Görüş", "Mübahisə", "Peyğəmbər" və s. kimi şeirlər lirik qəhrəmanın romantik duyğularını, həyat müşahidələrini və şəxsi faciəsini əks etdirməklə yanaşı, həm də böyük bir həqiqəti ortaya çıxarır ki, cavan rus şairi və zabiti "dəhşətli, qüvvətli, hesabsız ləşkər"in "Şimaldan düz Şərqə yürüş"ünü pisləyir və tufanına, boranına "qardaş olduğu" Qafqazı dinc görmək arzusunu dönə-dönə vurğulayır. Rus şairinin Qafqaz poemalarında da ("Qafqaz əsiri", "Çərkəzlər", "Kanlı", "Bostançı aulu", "İsmayıl bəy", "Hacı Abrek", "Qaçqın", "Mtsıri", "İblis") bu fıkir ifadə olunur, milli adət-ənənələrə, fərqli xüsusiyyətlərə malik olan yerli xalqların həyatı geniş şəkildə təsvir edilir. Göstərilən əsərlərində güclü şəxsiyyətləri və romantik qəhrəmanları şair qafqazlılar arasından seçir. Belə cəsarət və şücaətlərə xas olan insanların qılınc gücünə ram ediləcəyinə müəllif heç vəchlə inana bilmir.

Qafqaz müharibəsinin od-alovundan, gurlayan tufanların sınağından çıxmış şair doğma Şimalda unudulmayacağına əmin olmadığı üçün kədərlənir: 

Bu uzun illərin cəfakeşini

Görəsən, dost, aşna tanıyacaqmı?

Məni əvvəlkitək bağrına basan,

Qabağıma çıxan tapılacaqmı? 

M.Y.Lermontovun bu hissləri onun çox məşhur olan "Şair" adlı şeirindəki duyğuları ilə üst-üstə düşür. Şair-peyğəmbər sözünü qızıl oyuncağa dönüb divardan asılmış və pasa çulğalanmış xəncərə bənzədən müəllif, "şeirin ilahi ruh tək başların üzərində gəzib nəcib fıkirlər doğurduğu" zamanların arxada qaldığından təəssüflənir. Nə qədər ağır olsa da, sevdiyi Vətəndən uzaqlarda gizlənməklə özünə nicat tapır:

 Əlvida, əlvida, ey kirli Rusiya,..

Qafqaz dağlarını aşıb, bəlkə  mən

Jandarm-paşalardan olaram nihan.

 Lakin bu uzaqlıq və Vətən nisgili onu narahat edir. Onsuz da amansız hakimiyyətdən nicat gözləməyən şair, özünü doğma yurdsuz və azad dolaşan buludlara bənzədir ("Buludlar"). Yalnız yuxularında gördüyü gözəl mənzərələr ani də olsa onu acı həqiqətlərdən uzaqlaşdırır ("Yuxu"): 

Gördüm ki, vətəndə başqa cəlal var,

Axşam çırağında şənlik, ziyafət...

Gül-çiçək çələngli cavan qadınlar

Başlayıb haqqımda maraqlı söhbət. 

Vətənə olan "qəribə məhəbbət"ini "Vətən" şeirində ustalıqla nümayiş etdirən şair həm də böyük vətənpərvər idi. Tarixi mövzuda yazdığı əsərlərdə, xüsusən də "Borodino" şeirində, "Vadim" romanında və "Tacir Kalaşnikov haqqında nəğmə" poemasında o öz sənətkarlığının ecazkar qüvvəsini və potensial imkanlarını nümayiş etdirə bilir.

M.Y.Lermontov dostu S.Rayevskiyə yazdığı məktublarda Qafqaz təəssüratlarını onunla bölüşdürür. O, Tiflisdə olarkən "tatar (azərbaycanlı - T.C.) alim Əli və Əhməd"lə tanış olduğunu, Şuşa (yəqin ki, Şəki - T.C.), Quba, Qusar və Şamaxını gəzdiyini, yerli əhali ilə ünsiyyətini və hətta "fransız dili Avropada vacib olduğu qədər Asiyada geniş işlənən tatar (Azərbaycan -T.C.) dilini öyrənməyə başladığını da vurğulayırdı. Lermontovşünasların yekdil rəyi budur ki, rus şairinin Azərbaycan dili müəllimi böyük mütəfəkkir, dramaturgiyamızın banisi M.F.Axundov olmuş və məhz onun yaxından köməyi nəticəsində məşhur məhəbbət dastanımız "Aşıq Qərib" "türk nağılı" adı altında Lermontov tərəfindən yazıya alınmışdır (Oxucularımız onu da bilməlidirlər ki, erməni və gürcü alimləri rus şairinin bu dastanın guya erməni və gürcü variantlarından bəhrələndiyini sübut etməyə çalışırdılar. Lakin onlar yaddan çıxarırdılar ki, bugünkü Ermənistan və Gürcüstanın ərazilərində dastanın qeydə alınmış variantları da azərbaycanlılara məxsusdur və onların dilindən qeydə alınmışdır. Bu məsələ ilə bağlı mərhum ədəbiyyatşünas-alim Şamil Qurbanovun tədqiqatları xüsusi vurğulanmalıdır). Rus şairinin qələmə  aldığı "Aşıq Qərib" nağılında ustalıqla istifadə olunan Azərbaycan və türk söz və ifadələri, atalar sözləri, digər bir əsəri - "Görüş" şeirində Tiflis azərbaycanlılarının həyat və məişətini təsvir edən mənzərələr və nəhayət, bu əsərlərdəki Azərbaycan motivlərinin şairin dostuna yazdığı məktublardakı məqamlarla səsləşməsi onu göstərir ki, 27 ildən də az yaşamış Lermontov gələcək yaradıcılıq planlarında göstərilən mövzunun daha geniş şəkildə işlənilməsini nəzərdə tuturdu. "Görüş" şeirindən gətirdiyimiz 

İndi bildim: dünən niyə

Cavan tatar fərəhli, şad,

Daş döşənmiş geniş yolda

 Quduz kimi sürürdü at.

Əbəs yerə keçməyir o,

Sizin evin qabağından,

Onun İran köhləninə

Əbəs vurulmamış atan 

parça, "Çinar kölgəsində, yapıncı üstə..." misrası ilə başlanan poetik müşahidələr, "Valerik"dəki fəlsəfı lirik lövhələr, "Mtsıri" və "Demon" poemalarındakı Azərbaycan təəssüratları və Lermontov yaradıcılığının zirvəsi hesab edilən "Zəmanəmizin qəhrəmanı" romanı, xüsusilə son povesti "Fatalisf"də "Aşıq Qərib" dastanı motivlərinin nəzərə çarpması Azərbaycan mövzusunun rus şairinin yaradıcılığı üçün nə qədər önəmli olduğunu bir daha təsdiq edir. XIX əsrin sonlarından başlamış bu günədək Azərbaycanda Lermontovun həyat və yaradıcılığına olan maraq və məhəbbətin əsas səbəbi bununla izah oluna bilər. Elə bir müasir Azərbaycan şairi tapılmaz ki, bu böyük söz ustasının xalqımıza, dilimizə və folklorumuza məhəbbətinə, eyni zamanda rus ordusunun zabiti Martınov tərəfındən çox soyuqqanlılıqla dueldə qətlə yetirilməsinə münasibətini bildirməsin. Xüsusən də, onu dilimizə çevirən şairlər bu mövzuda gözəl şeir nümunələri yaratmışlar.

M.Y.Lermontov yaradıcılığı və XIX əsr rus ədəbiyyatında mühüm əhəmiyyətə malik olmuş, realist rus sosial-psixoloji roman janrının əsasını qoymuş və bu dövr ədəbiyyatında çox aktual görünən "artıq insan problemi"nin işıqlandırılmasına yönəlmiş "Zəmanəmizin qəhrəmanı" romanı hələ 1908-ci ildə Azərbaycan türkcəsində səslənmişdi. Bu mövzudan təsirlənən tanınmış şair və yazıçımız, rus ədəbiyyatının gözəl bilicisi və tərcüməçisi Abdulla Şaiqsə Azərbaycan həqiqətlərini əks etdirən "Əsrimizin qəhrəmanı" romanını yazmışdı. Orijinal kompozisiyaya və janr xüsusiyyətlərinə malik olan Lermontovun "Zəmanəmizin qəhrəmanı" romanı  rus romantizm və realizminin sintezini əks etdirən ədəbiyyat nümunəsi kimi dəyərləndirildiyinə, "bir insan qəlbinin tarixçəsi"ni açıb göstərdiyinə görə XX əsr ədəbiyyatımızın öncüllərindən sayılan Abdulla Şaiqin diqqətini çəkmişdi.

Elə şairin özü də o zamankı rus cəmiyyətində "artıq" göründüyü üçün aradan götürüldü. Rus tarixinin üç əsas mərhələsi barəsində üç böyük roman yazmaq planını cızan gənc, lakin dahi bir sənətkarın ömrünə vaxtından çox-çox əvvəl son qoyuldu.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov