Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Şagirdi xilas etmək naminə özünü qurban verdi

 

Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi",
konul.nehmetova@mail.ru

Sabirabad şəhərinin Nizami Gəncəvi adına 5 nömrəli orta məktəbinin texnologiya müəllimi, 2 noyabr 1957-ci il təvəllüdlü Əhliman Hüseynovun əfsanələşən fədakarlığının gerçəklərini zaman təhriflərə uğratmasın deyə qələmə almaq, tarixin yaddaşına yazmaq üçün hərtərəfli araşdırmağa qərar verdik. İnternet saytlarından başlayaraq yerli əhalinin danışdığı söhbətlərə ehtimallar, gümanlar da qarışdığını nəzərə alıb, hadisə yerində olmağı,  mərhum müəllimin ailəsi, yaxın dostları, müəllim yoldaşları, şagirdləri ilə görüşməyi lazım bildik. Bütün söhbətlərin içindən yalnız təsdiqini tapmış faktlara əsaslanmaqla üçüncü sinif şagirdi Güldəstə Faiq qızı Hüseynovanı xilas etmək naminə öz həyatını qurban verən Əhliman Hüseynovun adını bir müəllim kimi əbədiyyətə qovuşduran son hekayətini oxuculara olduğu kimi təqdim edirik. 

Hər gün keçilən yolda son iz... 

Sabirabad rayonunda Kür üzərində tikilən yeni körpüdə bir müəllim ömrünün son addımları maşın təkərinin asfalta çəkdiyi dərin bir iz kimi qaldı... Şahidi olduq dipdiri alacalanmış gözlərimizlə, yaddaşımıza cızıldı o iz elə körpünün üzərində qalmış dərinliyi ilə.

5 dekabr 2014-cü il tarixində Sabirabad Rayon Təhsil Şöbəsindən Nizami Gəncəvi adına 5 nömrəli məktəbin direktoru Bilal Əhmədova zəng olundu: "Sizin məktəbdə Əhliman müəllim işləyirmi?". "Bəli" cavabını verən direktor belə bir acı, sarsıdıcı xəbər aldı: "Əhliman müəllimin maşını Kürə düşüb, yanındakı uşağı xilas edib, özü həlak olub". Həyatını Kür qırağında keçirən Əhliman müəllimin iş yoldaşları buna inanmaq istəmədilər. Bunu yenə bir zarafat kimi qəbul etdilər. Məktəbin texnologiya müəllimi, Əhliman müəllimin uşaqlıq dostu, qohumu, həmkarı Balaxan Rəsulov uzun illərdən qalma bir zarafatı bir gün əcəl kimi qəbul etmək məcburiyyətində qalacağını ağlına da gətirməzdi: "O, həmişə balıqçılıqla məşğul idi. Zarafat edərdik ki, düşərsən suya. Dərsə gecikəndə zarafat edərdik ki, yəqin suya düşüb. Həmin gün Bilal müəllim Əhliman müəllimin suya düşüb həlak olduğunu deyəndə yenə zarafat kimi qəbul etdik. Amma  təəssüf ki, artıq bu,  zarafat deyildi...". Məktəbin bütün müəllimləri, şagirdləri dərin yasa batıb, amma ailəsində hələ hüzr məclisi qurulmayıb Əhliman müəllimin. Çünki cəsədi hələ də tapılmayıb. Kürdə dörd kater gecə-gündüz müəllimin cəsədinin axtarışı ilə məşğuldur. Oğullar, qohumları və kəndin kişiləri 12 gündür ki, soyuq havada Kürün sahillərində dolaşmaqdan əldən düşüblər. Böyütmək üçün seçin

Görmüşük, insanın sağ qayıtmasına qurban deyərlər, amma Əhliman müəllimin artıq üç övladını da itirmiş qoca anası oğlunun cəsədinin tapılmasına qurban deyib. Mərhum müəllimin anasının, həyat yoldaşının, qızlarının göz yaşlarına şahid olmaq unudulmaz acı xatirədir.

Əhliman müəllimin xilas etdiyi üçüncü sinif şagirdi Güldəstə Hüseynovanın nənəsini də müəllimin evində gördük. Uşaqla görüşmək istəyimizi biləndə həkimlərin icazə vermədiyini söylədi. Amma özü hadisə haqqında bizə məlumat verdi:

- Əhliman müəllim 5 nömrəli məktəbdə işlədiyi müddətdə 20 il Cavad kəndindən təxminən 5-6 kilometrlik yolu hər gün piyada gedib. Son dövrdə övladlarının köməyi ilə 07 markalı maşın alan müəllim qonşuluqda yaşayan qohumunun iki övladını da özü ilə götürüb Mirzə Ələkbər Sabir adına 1 nömrəli məktəbə gətirirdi. Təsadüfdənmi, qismətdənmi həmin gün Hüseynovların kiçik oğlu xəstə olduğu üçün məktəbə gedəsi olmayıb. Əhliman müəllim yalnız Güldəstəni özü ilə götürməli olub. Kürün üzərindəki yeni salınmış körpüdən keçəndə maşın asfalta dərin bir iz salaraq dəmir məhəccəri aşırıb suya düşüb. Hadisənin hansı səbəbdən baş verdiyini heç kim dəqiq bilmir. Yalnız hamının təsdiq etdiyi bir gerçək odur ki, həmin gün körpünün üstü nazik bir buz təbəqəsi ilə örtülmüşdü. Yol sürüşkən idi. Güldəstənin nənəsinin dediyinə görə, uşaq yalnız onu xatırlayır ki, çaya düşəndən sonra maşında Əhliman müəllim ona deyib: "Qızım, düşdük suya, çantanı çıxar kürəyindən". Maşının qapısını açıb uşaqla bərabər atılıb suya. Uşağı boynuna alıb körpüdən 500 metrə qədər məsafəyədək üzərək sahilə yan almağa çalışıb. Amma Kürün suyu gur olduğundan və çox soyuq olması səbəbindən heç cür sahilə yaxınlaşa bilməyib Əhliman müəllim. Fəryad edərək səsini yoldan keçənlərə duyurmaq istəyib. Yoldan ötən maşınlar dayanıb, adamlar axışıb Kürün sahilinə, lakin onu xilas etmək hamıya mümkünsüz görünüb. Hamı bir-birindən kömək istəsə də, kimsə cürət edib suya girə bilməyib. Yalnız iyirmi iki yaşlı bir gənc oğlandan başqa... 

Adını doğruldan bu gənc kimdir? 

Son nəfəsinə qədər uşağı xilas etməyə çalışan müəllimin səyini davam etdirən gənc oğlanı soraqlayıb tapmaq istədik. Bunu eşidən gənc yubanmadan görüşümüzə gəldi. Hündürboy, yaraşıqlı bir oğlan durdu önümüzdə. Adı Dəyanət olan bu gənc ədəbli, təmkinli, yetkin ədaları ilə də diqqətimizi çəkdi. Haqqında eşitdiklərimizin və ilk görünüşdə yaratdığı təəssüratdan düşündüyümüz bu oldu: Haqlı olaraq deyirlər ki, ad insanın xarakterinin formalaşmasında rol oynayır.

Şıxəliyev Dəyanət Maqsud oğlu 1993-cü ildə Sabirabadın Türkədi kəndində anadan olub. Ailənin beş övladının ikincisidir. Ramil Məmmədov adına Türkədi kənd tam orta məktəbini bitirib. Orta təhsillidir. 2012-2013-cü illərdə əsgərlik xidmətində olub. Uşaqlıqdan Kürdə üzməyi öyrənib. Sonra Sabirabad rayonu Olimpiya Kompleksində üzgüçülüklə, cüdo  ilə məşğul olub. Hazırda Sabirabad şəhərində ticarətlə məşğuldur.     

Dəyanət: "O anda xilas etməkdən başqa heç nə düşünmədim..." 

Dəyanət hadisənin gerçəklərinin ən yaxın şahididir. Buna görə də həqiqətləri onun özündən eşitmək istədik: "Adətən, mən işə tezdən getmirəm, amma həmin gün düşündüm ki, işim çoxdur,  evdən tez çıxdım. Səkkizə qalmışdı, maşında termometrə baxdım, gördüm mənfi doqquz dərəcə soyuq var. Elə o anda  körpüyə çıxmağıma az qalmışdı, gördüm ki, dəmir məhəccər düşdü suya. Maşının da düşdüyünü bilmədim. Sonra gəlib yaxınlaşanda gördüm ki, iki maşın dayandı körpüdə. Mən də dayandım. Gördüm ki, suya maşın düşüb. Gözümüz önündə yavaş-yavaş batmağa başladı, bu anda iki nəfər çölə çıxdı. Necə çıxdıqlarını görə bilmədim. Sahildə hamı bir-birinə qışqırırdı ki, gəlin kömək edin.  Amma bilmirdilər ki, necə kömək etsinlər, Kürün ortası.., soyuq... Gördüm ki, kömək edən yoxdur, səki ilə qaçdım üzü aşağı. Yüz metr gedəndən sonra gördüm ki, bir kişinin son nəfəsidir, çağırır ki, kömək edin. Gödəkcəmi, köynəyimi çıxarıb atdım özümü suya. Bilmirəm, necə üzüb çatdım onlara. Yaxınlaşanda gördüm, artıq kişi donub. Uşaq yarım metr ondan arxada qalıb. Uşaq "Əmi, mənə kömək elə" deyib yapışdı boynumdan. Onu boynuma atıb, başladım sahilə üzməyə. Sahilə doğru yaxınlaşanda bir az qorxdum. Gördüm, soyuq kəsir məni. Çünki yüz əlli metr axmışdıq. Axan zaman bir az dayanırdım deyə, su məni dondururdu. Otuz metr qalmış qışqırdım ki, ay camaat, siz özünüz də gəlin. Nə qədər qışqırdım gəlmədilər. Gördüm onlardan bir kömək olmayacaq, yenə özümdə güc toplayıb üzməyə başladım. Sahilə iki metr qalmış mənə ip atdılar. İki dəfə atdılar, birincidə qolumun yanına düşdü, tuta bilmədim. İkinci dəfə atanda qoluma düşdü, tutdum ucundan, çıxdım sahilə. Uşağı verdim camaata, apardılar xəstəxanaya. Məni də bükdülər gödəkcəyə, oturub maşına getdim evə".

"Suya atılan zaman nə düşünürdünüz, qorxu keçirmədiniz ki" sualımıza Dəyanət cavab verdi ki: "Həmin an xilas etməkdən başqa heç nə düşünmürdüm. Qorxsaydım, atılmazdım ki?..".

Dəyanətin söhbəti mənə Abdulla Şaiqin "Daşqın" hekayəsini xatırlatdı. Sabirabadda biz də bədii əsərlərdə təsvirini gördüyümüz  ürəkli həyat qəhrəmanlarından biri haqqında şahidlərdən eşitdik, digəri ilə yaxından tanış olduq: Dəyanət!

Yəqin ki, bu hadisə Azərbaycan müəlliminin və Azərbaycan gəncliyinin ruhunu, fədakarlığını, mənəviyyatını və saflığını əks etdirən kövrək duyğulu bir salnamə kimi hələ çox danışılacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov