Böyük Britaniyanın Quacquarelli Symonds (QS)
kompaniyası Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə
olan ölkələrinin ən yaxşı universitetlərinin reytinq
cədvəlini açıqlayıb. Ən yaxşı 100 ali məktəb
sıralamasında Azərbaycanın 3 universiteti yer alıb.
Bunlar Bakı Dövlət Universiteti, Qafqaz Universiteti
və Xəzər Universitetidir. Hər üç universitet
reytinqin yeddinci onluğunda yerləşiblər.
Dünya universitetlərinin qlobal reytinq sıralamasının
tərtib olunması sahəsində ciddi nüfuza malik
Quacquarelli Symonds (QS) kompaniyasının yeni reytinq
cədvəlinə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət
Universiteti başçılıq edir. İkinci yeri Rusiyanın
Novosibirsk Dövlət Universiteti ilə Çexiyanın Karlovı
Universiteti tutublar. Ən yaxşı 100 universitet
sırasında Rusiyanın 26 ali məktəbi yer alıb. Reytinq
sıralamasında (www.iu.qs.com/eeca2014-rankings-results)
Çexiya və Türkiyə hərəsi 10 universitetlə, Polşa 9,
Qazaxıstan 8, Macarıstan və Ukrayna 6 ali məktəblə
təmsil olunub. İlk onluqda Varşava (Polşa), Tartu
(Estoniya), Praqa Texnik Universiteti (Çexiya),
Sankt-Peterburq Dövlət Universiteti, Yagellon
Universiteti (Polşa), Orta Doğu Texnik Universiteti
(Türkiyə) və Masarik Universiteti (Çexiya) yer alıblar.
Reytinq Avropa və Asiyanın Çexiya, Bolqarıstan,
Macarıstan, Estoniya, Qazaxıstan, Latviya, Litva,
Polşa, Serbiya, Sloveniya, Slovakiya, Türkiyə,
Ukrayna da daxil olmaqla bütövlükdə 30-a yaxın ölkəni
əhatə edir. Yeni reytinqin hazırlanması gedişində 368
universitetin fəaliyyəti təhlil olunub. Ali məktəblər
qiymətləndirilərkən akademik nüfuz, işəgötürənlər
arasında nüfüz, müəllim-tələbə nisbəti, əcnəbi
tələbələrin və müəllimlərin, elmi dərəcəli əməkdaşların
sayı, internet resurslarının effektivliyi, dərc olunmuş
məqalələrin sayı, elmi məqalələrdən sitatgətirilmə kimi
kriteriyalar əsas götürülüb. Tədqiqatlar gedişində 7000
alimin bu və ya digər universitet barədə rəyləri də
nəzərə alınıb.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |