Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda
üç ay yarım davam edən breyn-rinq intellektual yarışı
başa çatıb.
Dekabrın 14-də yarışmanın final oyunu keçirilib. "Baku
Crystal Hall"da baş tutan və AzTV kanalı ilə yayımlanan
oyunda iki seçim və iki final görüşü olub. Bütün
görüşlər rəqiblərdən biri 5 xal toplayana qədər davam
edib. İlk seçim görüşündə sentyabr ayının qalibi
"Kapital bank" komandası ilə oktyabr ayının qalibi "Nar
Mobile" komandası qarşılaşıblar. Maraqlı və gərgin keçən
mübarizədə "Nar Mobile" kiçik üstünlüklə (5:4) qalib
gəlib. Sonra "Nar Mobile" komandası öz seçiminə əsasən
"Azərbaycan klubu" ilə oynayıb və parlaq qələbə qazanıb:
5:0.
Final görüşlərində "Nar Mobile" və "Romantik"
qüvvələrini sınayıblar. "Romantik" komandası hər iki
görüşü (5:2 və 7:3) udaraq ikinci mövsümün qalibi və
"Bilik kuboku"nun sahibi olub. Qalib komandaya habelə
oyunların sponsoru "Kapital bank"ın hesabında 3 min AZN
olan plastik kartı, Təhsil Nazirliyinin elektron kitab
oxuyucusu təqdim edilib.
Xatırladaq ki, dekabrın 21-də 2014-cü ilin qalibini
müəyyənləşdirmək üçün birinci mövsümün qalibi "Kapital
bank"la ikinci mövsümün qalibi "Romantik" komandası
arasında daha bir oyun keçiriləcək.
Bu görüşdə üstün gələn komanda 2014-cü ilin qalibi
olacaq.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |