Gəncə şəhərində Gənclər və İdman Baş İdarəsi və Gəncə
İntellektual Klubunun təşkilatçılığı ilə ilk dəfə "Mer
kuboku-2014" adı altında "Nə? Harada? Nə zaman?"
intellektual oyunu keçirilib. Əsas məqsəd tələbələrin
intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin
genişləndirilməsi, vətənpərvərlik hisslərinin inkişaf
etdirilməsi və s. olub.
İntellekt yarışında Gəncə şəhərinin ali təhsil
məktəblərini əhatə edən 20 komandada 140 nəfər
mübarizəyə qoşulub. Üç mərhələdə keçən yarışda müəyyən
vaxt çərçivəsində hər mərhələdə 12 sual olmaqla,
ümumilikdə 36 suala cavab tapmaq lazım gəlib. Qalib
komandalara kubok, medal və diplomlar təqdim olunub.
Yarışda iştirak edən Gəncə Dövlət Universitetinin "Eidon"
komandası ən yüksək göstəricilərə nail olub. Belə ki,
Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahovun
hazırladığı "Eidon" komandası I yeri əldə edə bilib. "Eidon"
sözünün də latınca mənası elə "qələbə" deməkdir.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Gəncə
şəhərində ilk dəfə keçirilən və bundan sonra mütəmadi
keçirilməsi qərara alınan "Mer kuboku-2014" adı altında
"Nə? Harada? Nə zaman?" intellektual oyununda qalib
gəlmiş komandanın üzvlərini-Royal Hüseynovu (komandanın
kapitanı), Fikrət Fərhadlını, İbrahim Salayevi, Royal
Məcidlini (iqtisadiyyat fakültəsinin IV kurs
tələbələri), Nürəddin Hüseynovu (fizika və texniki
fənlər fakültəsinin tələbəsi) və Şövkət Orucovanı (xarici
dillər fakültəsinin tələbəsi) qəbul edib və onlara
universitetin şərəfini qoruduqları üçün təşəkkürünü
bildirib. Qalib komandanın üzvlərinə mükafatlar təqdim
olunub.
Maqbet ƏHMƏDOV,
Gəncə Dövlət Universiteti Mətbuat xidmətinin rəhbəri |