Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Naxçıvan Dövlət Universitetində beynəlxalq konfrans keçirilib

 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universitetində "Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ali Məclisin sədri adından konfrans iştirakçılarını salamlayıb.

Şöbə müdiri çıxışında bildirib ki, Naxçıvanda təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

"Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı" bu sahədə işləri sürətləndirib. Muxtar Respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması məqsədilə Ali Məclis sədrinin imzaladığı "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin genişlənməsinə zəmin yaradıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında Bilik Fondu yaradılıb, həmçinin elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə mükafatlar təsis edilib.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və təhsil sisteminin qarşısında duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasının uğurlu davamından, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Strategiyasının təhsilin tərəqqisinə verəcəyi töhfələrdən söhbət açıb. Nazir müavini qeyd edib ki, milli təhsilin insan kapitalına olan təlabatı ödəyəcək və dünya standartlarına cavab verəcək səviyyəyə çatdırılması istiqamətində görülən işlər, Heydər Əliyev Fondu tərəfindən çoxsaylı müasir məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir.Böyütmək üçün seçin

Dövlət Strategiyasının reallaşdırılması haqqında fikirlərini bildirən F.Qurbanov nəzərə çatdırıb ki, strategiya təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun formalaşdırılmasına zəmin yaradır. Bu sənəd, həmçinin təhsil infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünə imkan yaradır. Təhsil Nazirliyi Dövlət Strategiyasının icrası istiqamətində nəzərdə tutulan hədəflərə cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlıq çərçivəsində nail olmağa üstünlük verir.

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov "Bolonya prosesi: Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələr" mövzusunda məruzə edib. O bildirib ki, universitet Bolonya sisteminin tam tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində işlər aparmaqla yanaşı, muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin də Bolonya sisteminə keçməsinə dəstək göstərir.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov "Təhsildə yeni hədəflərə yol - müasir məktəb və innovativ müəllim" mövzusundakı məruzəsində ölkəmizdə təhsil sahəsində aparılan islahatların qarşıya qoyduğu prioritet vəzifələrdən, tədris prosesində, pedaqoji kadr hazırlığında məzmun dəyişikliyi, ənənəvi metodlardan müasir tədris üsullarına keçid, beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqinin əhəmiyyəti barədə məlumat verib.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında elm və təhsilin qarşılıqlı əlaqələrindən və paralel inkişaf istiqamətlərindən, regionda elmi kadr hazırlığı prosesində ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb. Plenar iclasda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli "Təfəkküryönümlü kurikulum və gələcəyə baxış", İstanbul Əsənyurd Universitetinin əməkdaşı Davud İbrahimoğlu "Pozitiv düşüncə və beynin uyğun öyrənilməsi", Bakı Biznes Universitetinin professoru Fərahim Sadıqov "Pedaqoji elmin banisi Y.A.Komenskinin vətəni Çexiyada təhsil" mövzularında məruzələr ediblər.

İkigünlük beynəlxalq elmi konfransda 8 bölmə iclası keçirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov