Dekabrın
16-da Təhsil Nazirliyi "Mütaliə mədəniyyətinin və oxuya
motivasiyanın yüksəldilməsi" layihəsinin təqdimatını
keçirib.
Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta
məktəbdə keçirilən təqdimatda təhsil naziri Mikayıl
Cabbarov, Milli Məclisin üzvləri, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar Rzayev, qeyri-hökumət
təşkilatlarının rəhbərləri, yazıçılar, Bakı və
Sumqayıtın orta məktəb direktorları iştirak edib. 23
nömrəli tam orta məktəbin direktoru Yuliya Kərimova
qonaqları salamlayaraq layihənin təqdimatını edib.
Təqdimatda təhsilalanlarda mütaliə mədəniyyətinin və
oxuya marağın artırılmasının əhəmiyyəti vurğulanıb.
Sonra müxtəlif yaş qruplarında təhsil alan
şagirdlərdən təşkil olunan klubların üzvləri
oxuduqları kitabları müzakirə ediblər. Müzakirə tədbir
iştirakçıları tərəfindən maraqla izlənilib. Nazirin
təklifi ilə qonaqlar da müzakirəyə qoşulublar və
şagirdlərin mütaliə etdiyi kitablarla bağlı fikirlərini
açıqlayıblar.
Mikayıl Cabbarov yazıçılara müraciət edərək onları uşaq
ədəbiyyatına aid yeni hekayələrin, müasir dövrlə
səsləşən əsərlərin, ümumilikdə, yeni məzmunun
yaradılmasında fəal iştirak etməyə çağırıb.
Nazir şagirdlərdə mütaliə mədəniyyətinin
yüksəldilməsində valideynlərin də üzərinə böyük yük
düşdüyünü qeyd edib. Övladının hər bir qayğısına qalan
valideynlər onlarda kitab oxuma vərdişinin yaranmasına
da diqqət yetirməlidirlər. Bununla bağlı Mikayıl
Cabbarov maraqlı statistika açıqlayıb. Amerika Birləşmiş
Ştatlarında məktəb yaşı çatmamış uşaqları olan əhalinin
60 faizi hər gün onlara kitab oxuyurlar.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar və
Birliyin katibi Çingiz Abdullayev layihənin əhəmiyyətini
yüksək dəyərləndiriblər. Təhsil Nazirliyinin şagirdlərdə
mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində
apardığı işləri təqdir edən AYB rəsmiləri bu prosesə
dəstək verəcəklərini bildiriblər.
Qeyd edək ki, layihənin əsas məqsədi təhsil
müəssisələrində mütaliə edən icmanın yaradılması
vasitəsilə şagirdlərdə oxuya marağın artırılması,
məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər
mətn növləri ilə tanışlığını təşviq etməkdir.
Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında
oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə
yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə
reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.
|