Dekabrın
15-də "Hilton" otelində Təhsil Nazirliyinin elektron
resurslarının təqdimat mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazir
müavinləri, Milli Məclisin deputatları, müvafiq dövlət
qurumlarının rəsmiləri, elektron resursları ilə məşğul
olan ekspertlər, bir sıra ali məktəblərin rektorları,
ümumi təhsil müəssisələrinin direktorları və fənn
müəllimləri iştirak ediblər.
Mərasimi təhsil naziri Mikayıl Cabbarov açaraq hamını
burada görməkdən məmnunuluq hissi keçirdiyini bildirib.
Nazir qeyd edib ki, informasiya texnologiyalarının
yüksək inkişaf tempi və qloballaşma fonunda təhsilin
informasiyalaşdırılması "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə
tutulan əsas məqsədlərdən biridir. Təhsil Nazirliyinin
şəbəkə əsaslı təhsilin coğrafiyasını daha da
genişləndirəcəyini deyən nazir müxtəlif növ elektron
təhsil resurslarının hazırlanması istiqamətində müvafiq
layihələrin həyata keçirildiyini söyləyib.
Bu gün ölkənin sosial-iqtisadi həyatının bütün
sahələrində uğurla icra olunan müasirləşmə siyasətinin
təməlində ölkə Prezidentinin irəli sürdüyü müvafiq
konsepsiyanın durduğunu xüsusi vurğulayan təhsil naziri
dövlət başçısı cənab İlham Əliyevin bununla bağlı
fikirlərini mərasim iştirakçılarının diqqətinə çatdırıb:
"Ölkəmizi müasirləşdirməliyik, zənginləşdirməliyik.
Çünki müasir dünyada hər şeyi bilik, savad, təhsil həll
edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər
yetirsək, görərik ki, burada tərəqqini müəyyən edən
neft-qaz yox, məhz bilik, texnologiyalar, təhsildir.
Ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək
üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə,
gənclərimizin maarifləndirilməsinə yönəltməliyik".
Təhsil naziri çıxışında böyük həcmdə tədris və təlim
materiallarını əhatə edən elektron resurslarının ənənəvi
öyrənmə formalarını zənginləşdirdiyini deyərək qeyd
olunan resursların bir mənbədə cəmləşdirmək üçün
www.e-resurs.edu.az portalının yaradıldığını bildirib.
Qeyd edilib ki, portal vasitəsilə hər bir istifadəçi
elektron dərsliklər, videodərslər, müsabiqələr, elektron
tapşırıqlar, müxtəlif oyunlar və digər bu tipli təhsil
resurslarına çıxış əldə edə bilər. Nazir onu da
vurğulayıb ki, Təhsil Nazirliyinin ötən ildən dərsliklər
üzərində müəlliflik hüququnu əldə etməsi elektron
resursların yaradılması işinə böyük təkan verib:
"Müəlliflik hüququ bizə imkan verir ki, dərslikləri tam
açıq şəkildə internetə yerləşdirək və hər bir
istifadəçiyə pulsuz olaraq təqdim edək".
Sonra Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları
şöbəsinin müdir müavini Emin Əmrullayev elektron
resursları təqdim edib.
Təhsil Nazirliyinin elektron resurslarının təqdimatı və
sonda elektron resursların tətbiqi ilə bağlı hazırlanmış
videoçarxın nümayişi mərasim iştirakçıları tərəfindən
maraqla qarşılanıb.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |