Dekabrın
18-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil
ocağının 95 illik yubileyinə həsr olunmuş təntənəli
mərasim keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, dünyanın müxtəlif ölkələrinin ali məktəb
rəhbərləri, alimlər və mütəxəssislər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları universitetin təsis
olunmasını əks etdirən rəsm tablosu və BDU-nun 95 illiyi
ilə bağlı sərgiyə baxıblar.
Mərasim iştirakçılarını salamlayan BDU-nun rektoru Abel
Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişaf
mərhələləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat
verib, təhsil müəssisəsində qazanılan nailiyyətləri
diqqətə çatdırıb. Rektor bildirib ki, BDU elmin,
təhsilin və milli şüurun inkişafında mühüm rol oynayıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qocaman
jurnalist, BDU-nun professoru Şirməmməd Hüseynovun
"Şərəf" ordeni ilə təltif olunduğunu bildirib.
Sonra nazir ali dövlət mükafatını yubilyara təqdim edib.
Təhsil naziri zəngin tarixi ənənələrə malik BDU-nun
yaranma tarixindən, tədris ocağının 95 illik səmərəli
fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına
göstərilən dövlət qayğısından danışıb. BDU-nun keçdiyi
inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, bu gün bu
təhsil müəssisəsinin məzunları Azərbaycan elminin
çiçəklənməsinə dəyərli töhfələrini verirlər.
Ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu
xatırladan nazir ulu öndərin daim Azərbaycan elminin və
təhsilinin inkişafına xüsusi qayğı göstərdiyini, onun bu
siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib.
Azərbaycanda ali təhsil sisteminin prioritetlərini
sadalayan təhsil naziri ölkəmizin müasir dünyaya
inteqrasiyası baxımından yüksək səviyyəli kadr
hazırlığının zəruriliyini önə çəkib. Elmlə təhsilin
vəhdətinin təşkilində ali məktəblərin üzərinə düşən
vəzifələrə diqqət çəkən nazir universitetlərlə biznes
dünyası arasındakı əməkdaşlığın genişləndirilməsinin
zəruriliyi haqqında fikirlərini bildirib.
Yubiley münasibətilə ali məktəbin professor-müəllim
heyətini, tələbələrini təbrik edən təhsil naziri zəngin
ənənələr və yüksək potensial sayəsində BDU-nun bundan
sonra da ölkə təhsilində aparıcı rolunu qoruyub saxlaya
biləcəyinə inandığını söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif
Əlizadə, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin rektoru Viktor Sadovniçi, Azərbaycan
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov,
Türkiyənin Ərdahan Universitetinin rektoru Ramazan
Qorxmaz, eləcə də İran, Albaniya, Gürcüstan, Dağıstan və
digər ölkələrin ali məktəb rektorları təbriklərini
çatdırıb, müsəlman Şərqində ilk dünyəvi ali məktəb olan
BDU-ya uğurlar arzulayıblar.
|