Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda
breyn-rinq intellektual yarışının final oyunu dekabrın
14-də keçiriləcək. Ötən həftəyədək finalda oynayacaq 4
komandadan 3-nün adı məlum idi. Bunlar sentyabr ayının
qalibi "Kapital bank", oktyabr ayının qalibi "Nar
Mobile" və noyabr ayının birincisi "Romantik"
komandalarıdır. 4-cü finalçı isə dekabrın 7-də keçirilən
xüsusi seçim oyununda müəyyən olunub.
"Baku Crustal Hall"da keçirilən və AzTV kanalı ilə
yayımlanan oyunda finala sonuncu - 4-cü vəsiqə uğrunda 8
komanda mübarizə aparıb. Bu komandaların 7-si əvvəlki
oyunlarda yüksək hazırlıq nümayiş etdirən, sentyabr,
oktyabr, noyabr ayları üzrə birinciliklərin finalına
çıxmış komandalar, 1-i isə həmin gün keçirilən şans
oyununun qalibi olub.
İlk görüş şans oyununun qalibi "Fortuna" komandası ilə
"Ağdaş" komandası arasında keçirilib. 0:3 nəticəsi ilə
başa çatan görüşdə "Ağdaş" qalib olub. İkinci görüşdə
"Ağdaş" özünə rəqib kimi "Allians" komandasını seçib və
ona da 4:0 hesabı ilə qalib gəlib.
Üçüncü görüşdə "Ağdaş" "Aypara" ilə qarşılaşıb. "Aypara"
rəqibinin qələbə seriyasına son qoyub: 1:3.
Dördüncü görüşdə "Aypara" "NORM Sement" komandasını
qəbul edib və onu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Beşinci görüşdə onların seçimi ilə masa arxasında
"Sumqayıt" komandasının üzvləri əyləşiblər. Bu dəfə
sumqayıtlılar üstün (3:1) gəliblər.
Altıncı görüşdə "Sumqayıt" komandası "Bakı Ali Neft
Məktəbi" komandası ilə yarışıb. Qeyd edək ki, bu
komandalar əvvəlki oyunların birində də qarşılaşıb və
tələbələr qalib gəliblər. Bu görüşdə isə "Sumqayıt"
komandası məğlubiyyətinin əvəzini çıxıb 3:1.
Növbəti - yeddinci görüşdə "Sumqayıt" "Azərbaycan klubu"
komandası ilə oynayıb. Oyun sonuncunun 3:0 hesablı
qələbəsi ilə başa çatıb. Beləliklə, "Azərbaycan klubu"
komandası böyük finala vəsiqə alıb. Breyn-rinqə,
deyildiyi kimi, dekabrın 14-də final oyunu ilə yekun
vurulacaq. Qalib komandanı "Bilik kuboku" və digər
mükafatlar gözləyir.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |