Xuraman
ŞABANİ,
Bakı şəhər 6 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi
Bu gün İKT müasir təlimin ayrılmaz atributuna
çevrilmişdir. Odur ki, qarşımızda yeni məqsəd durur -
şagirdlərdə informasiya mədəniyyəti və kompüter
savadlılığını formalaşdırmaq. Müasir məktəbi yeni
informasiya texnologiyaları olmadan təsəvvür etmək
olmur. Ona görə də müasir şərait şagirdlərin kompüter
savadlılığının bünövrəsinin məktəbin ibtidai
siniflərindən qoyulmasını tələb edir. İKT bilik və
bacarıqlarına mükəmməl yiyələnməyin ən yaxşı yolu onun
orta məktəbdən başlanmasıdır. Təhsilin ibtidai
siniflərdən İKT əsasında qurulması elektron resurslardan
istifadə olunmaqla şagirdlərin gələcəkdə savadlı kadr
kimi yetişməsində mühüm rol oynaya bilər. Hazırda
ölkəmizin təhsil müəssisələrində çalışan müəllimlərin
böyük qismi dərslərində İKT vasitələrindən, internet
resurslarından istifadə edir, bu sahədə yaradıcı təcrübə
nümayiş etdirirlər. Mən də bir ibtidai sinif müəllimi
kimi öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, ibtidai
siniflərdə İKT-nin tətbiqi şagirdlərdə ətraf aləmi
informasiya baxımından təhlil etmək və müvafiq nəticələr
çıxarmaq bacarıqlarının formalaşdırılmasına imkan
yaradır. İnformasiya ilə işləmək bacarığı müxtəlif
praktik üsullara bələd olmağa, həmçinin, müasir texniki
vasitələrlə informasiya mübadiləsi aparmağa kömək edir.
Belə bir Çin deyimi var: "Mənə de - mən yaddan çıxarım.
Mənə göstər -mən yadda saxlayım. Məni cəlb et - mən
öyrənim". Doğrudan da indiki şagirdləri öyrətmək üçün
onlari cəlb etmək, cəlb etmək üçün isə maraqlı dərs
qurmaq lazımdır. Elektron resurslardan istifadə
dərslərin yüksək estetik və emosional səviyyədə
keçilməsinə imkan verir, əyaniliyi təmin edir, böyük
həcmdə didaktik materialların cəlb edilməsinə kömək
göstərir, bu isə, öz növbəsində, bir dərsdə şagirdlərlə
görülən işin həcmini bir neçə dəfə artırır.
Elektron resurslardan istifadə şagirdlərdə müstəqil
işləmək, onların tədqiqat aparmaq imkanlarını
genişləndirir, ən əsası isə təhsilin keyfiyyətinin
artmasına gətirib çıxarır. Müəllimin dərslərdə elektron
resurslardan istifadə etməsi şagirdlərdə tədrisə müsbət
münasibət formalaşdırır, onların dərslərdə emosional
durumunu yaxşılaşdırır. Bu multimedia resurslarının
müəllimlər tərəfindən hazırlanması heç də vaxt
baxımından həmişə mümkün olmur. Odur ki,
www.oxuyuruq.biz portalında yerləşdirilən resurslar
müəllimlərə öz məqsədlərinə çatmaları üçün çox böyük
kömək edir. Burada olan multimedia elementləri -
animasiya, mətn, şəkil, səs və digər komponentlər
təlimin müsbət nəticələrinə güclü təsir göstərir.
Multimedia resurslarının istifadəsi nəticəsində
dərslərdə fəallığı ilə çox da seçilməyən şagirdlər
aktivləşir, müzakirələrdə iştirak edir və öz fikirlərini
sərbəst olaraq ifadə edirlər. Mən hesab edirəm ki,
tədris prosesində elektron resurslardan istifadə təlimin
ən vacib məqsədlərindən olan bilik və bacarıqlara
yiyələnmə səviyyəsinin yüksəldilməsini təmin edir. |