Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Təhsilin inkişafında multimedia sistemlərinin rolu

 

Fatma MUSTAFAZADƏ,
Bakı şəhər 20 nömrəli tam orta məktəb-liseyin kimya müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, əməkdar müəllim

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı" təhsilin inkişafında tarixi nailiyyət kimi qiymətləndirilir.

Təhsilin keyfiyyəti onun məzmununun tələbata uyğun müəyyənləşdirilməsindən birbaşa asılıdır. Bu mənada İKT-dən istifadə tədris zamanı əyaniliyi, informasiyaların qəbulolma sürətini, tədris prosesinə şagirdlərin marağını artırır, müəllim əməyini yüngülləşdirir.

Müasir tədris prosesində multimedia sistemlərinin tətbiqinin böyük əhəmiyyəti vardır. Motivasiyaların yaradılması, mövzuya aid materialların təqdimatı, tətbiqi suallarla şagirdlərin işlədilməsi onlarda mövzuya dair geniş, aydın təsəvvür yaradır. Bu baxımdan "ağıllı lövhə"lərin (MİMİO elektron lövhəsi, "Prometan" lövhəsi və s.) məktəblərdə istifadəsinin faydası böyükdür.

Ölkəmizdə təhsil sistemində müxtəlif fənlər üzrə elektron təlim materialları və əyani vəsaitlər hazırlanıb məktəblərin istifadəsinə verilmişdir. Fənlər üzrə Təhsil Portalında olan mövzulara aid elektron resurslardan, "İnnovativ Tədris Mənbələri" şirkətinin hazırladığı kimya, biologiya, Azərbaycan tarixi, ibtidai siniflərdə riyaziyyat, ana dili, həyat bilgisi, ingilis dili fənləri üzrə multimedia elektron resurslarından məktəbimizin müəllimləri dərslərində istifadə edir, internetin geniş imkanlarından yararlanıb təqdimatlar hazırlayırlar. Müxtəlif fənlər üzrə audiovizual vəsaitlər milli tədris proqramlarına əsaslanmışdır. Kimya fənni üzrə resurslar  ümumi, həm də qeyri-üzvi kimyaya aid hazırlanmışdır. Hər biri 2 hissədən ibarətdir. Ümumi kimyaya aid dərslər 7, 8, 9-cu, qeyri-üzvi kimyaya aid dərslər 7, 8, 9, 10-cu sinifləri əhatə edir. Dərslərdəki animasiyalı slaydlardan ümumiləşdirmə və nəticə mərhələsində istifadə etmək olar. Hər mövzudan sonra şəkillərlə verilən testlərlə, praktik testlərlə dərsin yaradıcı tətbiqetmə və ya möhkəmləndirmə mərhələsində şagirdlərin qazandıqları bilikləri yoxlamaq mümkündür. Yoxlama düyməsinin köməyilə cavabların düzgünlüyünü dərhal yoxlamaq olur. Qeyri-üzvi kimya hissəsində elementlərin təbii birləşmələri, mineralların şəkilləri slaydlarla verilir. Eyni zamanda mövzuya aid maraqlı xəbərlər, kimyaçı alimlərə aid məlumatlar, kimyəvi lüğət şagirdlərin dünyagörüşlərinin artmasına səbəb olur. Kimya kabinetlərində sorucu şkafların, bir çox reaktivlərin  olmaması  səbəbindən dərs zamanı bir çox təcrübələr göstərilmir. Bu resurslarda mövzulara aid təcrübələrin videonümayişi kimyəvi reaksiyalar haqda həm təsəvvür yaradır, həm də təhlükəsizlik baxımından əlverişlidir. Bu resurslardan şagirdlər də istifadə edib biliklərini zənginləşdirə bilər.

Mən avqust-sentyabr aylarında kimya fənn kurikulumunun tətbiqi ilə əlaqədar təlimçi kimi Zaqatala, Balakən, Göyçay rayonlarında oldum. Bu rayonlarda savadlı, peşə fəaliyyətini sevən, yaradıcı, təşəbbüskar müəllimlərlə tanış oldum. Dərslərini elektron resurslarla zənginləşdirən müəllimlərimiz çoxdur. Kənd məktəblərində dərslərində internetin imkanlarından istifadə edə bilməyən müəllimlərin USB yaddaş kartlarında təqdim olunan multimedia tədris resurslarından istifadə etmələri sevindirici haldır. Yaradıcı müəllim hər bir şəraitdə öz fəaliyyətini lazımi istiqamətdə qurmağı bacarır. Mən bu bacarığı  həmin rayonlardakı müəllimlərin fəaliyyətində gördüm.

Müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov