Təvəkkül ƏLİYEV,
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri, əməkdar müəllim
Azərbaycan
xalqının ümummilli lideri, böyük şəxsiyyət və dövlət
xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyə olunmasını təhsil sisteminin qarşısında duran ən
mühüm vəzifə hesab edərək deyirdi: "İndi bizim
təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib,
onları gələcəyə hazırlamaqdır. Amma, bununla yanaşı, ən
böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır,
müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü
hazırlamaqdır". Ulu öndər gənclərin vətənpərvərlik
tərbiyəsi dedikdə onlarda vətənə, torpağa, millətə
sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərinin
formalaşdırılmasını nəzərdə tuturdu.
Müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə
Prezidenti İlham Əliyev də öz çıxışlarında uşaq və
gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini
dönə-dönə vurğulamış, bu işin dövlətin təhsil, gənclər
siyasətinin prioritet məsələlərindən biri olduğunu
diqqətə çatdıraraq demişdir: "Biz böyüməkdə olan nəslin
vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz
ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk.
Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının
əsasıdır".
Dahi rəhbərin və ölkə başçısının bu müdrik tapşırıq və
tövsiyələrini hər zaman əldə rəhbər tutan ölkəmizin
çoxminli təhsil işçiləri, o cümlədən Şuşa rayonunun
ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri məktəbli
gənclərin vətənpərvərlik tərbiyəsinə, onlarda
milli-mənlik şüurunun inkişafına, dövlətçiliyə sədaqət
hissinin artmasına daim xüsusi diqqət yetirir, bu
istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirirlər.
Vətənpərvərlik, o cümlədən hərbi -vətənpərvərlik insanı
səciyyələndirən əsas keyfiyyətlər olduğundan onun
böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və
gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə
təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən,
məktəblərin ən vacib vəzifələrindən olmuşdur. Müasir
dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar
yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl
vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.
Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl
Cabbarovun müvafiq əmri ilə 2013-2014-cü tədris ilindən
başlayaraq ümumtəhsil məktəblərinin V-XI siniflərində
ilk dərsin "Mənim Vətənim - doğma yurdum" mövzusuna həsr
olunması şagirdlərdə vətənpərvərlik ruhunun
yüksəldilməsində mühüm rol oynayır. İkinci ildir ki, bu
dərslər rayonumuzun məktəblərində də yüksək səviyyədə
aparılır və şagirdlərdə vətənpərvərlik hissinin
artmasına güclü təsir göstərir. Eləcə də Təhsil
Nazirliyinin "Məktəb qəhrəmanları ilə tanınır" adlı yeni
layihəyə başlaması bütün ölkədə olduğu kimi rayonumuzun
pedaqoji kollektivlərində də müasir təhsilimizin
milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirilməsinə,
şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasına, Milli
Qəhrəmanlarımızın daim yaddaşlarda yaşadılmasına xidmət
edəcək bir təşəbbüs kimi qiymətləndirilir.
Təhsil Nazirliyinin göstərişi əsasında ötən dərs ilindən
başlayaraq Azərbaycan Respublikasının müasir tarixinə
aid seçilmiş mövzuların ulu öndər Heydər Əliyevin adını
daşıyan mərkəzlərdə tədris edilməsi ölkəmizin müasir
tarixinin şagirdlər tərəfindən fəal öyrənilməsinə marağı
artırır, onlarda vətəndaşlıq və vətənpərvərlik
hisslərinin daha da gücləndirilməsinə xidmət edir.
Təhsil Nazirliyinin daha bir təşəbbüsü də yüksək qiymətə
layiqdir. Məlum olduğu kimi, nazirliyin müvafiq əmri ilə
cari dərs ilindən başlayaraq respublikanın ümumtəhsil
məktəblərinin VIII siniflərində "Qarabağın tarixi" adlı
fakültativ kurs tədris olunur. Fakültativ kurs üçün
proqram və vəsait hazırlanaraq yerlərə göndərilmişdir.
Artıq rayonumuzun məktəblərində də qeyd olunan kursun
tədrisinə başlanılıb. Həmin kurs Qarabağımızın tarixinin
dərindən öyrənilməsində, şagirdlərin vətənpərvərlik
tərbiyəsində mühüm rol oynayacaqdır.
Vətənpərvərlik tərbiyəsi vətəni tanımaq və sevməkdən
qaynaqlanır. Bu baxımdan ölkə rəhbərinin göstərişi ilə
"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyaların
keçirilməsi məktəblilərin vətənpərvərlik tərbiyəsində
olduqca mühüm əhəmiyyətə malikdir. Rayonumuzun
məktəbliləri də bu tur-aksiyalarda fəal iştirak edirlər.
Doğma yurdlarını görməyən şagirdlərimiz arasında
"Şuşamızın qəhrəman oğulları", "Vətən mənim, Vətən
sənin, bizlər isə bu Vətənin" və s. mövzularda inşa yazı
müsabiqələri, "Vətən qəhrəmanları ilə tanınır",
"Azərbaycan bayrağı Şuşada və Xankəndidə
dalğalanacaqdır" tədbirlərinin, Milli Qəhrəmanların ailə
üzvləri, hərbiçilərlə şagirdlərin görüşlərinin
keçirilməsi və digər bu kimi tədbirlər bütün
məktəblərimizdə təşkil olunmuşdur.
Məktəblilər arasında vətənpərvərlik, o cümlədən, hərbi-
vətənpərvərlik hissini artıran amillərdən biri də hər il
respublika üzrə keçirilən "Şahinlər" və "Cəsurlar"
hərbi-idman oyunlarıdır. Rayonumuzun ümumtəhsil
məktəblərinin yuxarı sinif şagirdləri həmin oyunlara
gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin səyi
ilə ciddi və məsuliyyətlə hazırlaşırlar. Bunun
nəticəsidir ki, "Şahinlər" hərbi-idman oyunlarının Bakı
şəhərinin 11 və məcburi köçkün rayonlarının 3
komandasının iştirakı ilə may ayında keçirilən zona
mərhələsində rayonumuzu təmsil edən Malıbəyli kənd 1
nömrəli tam orta məktəbin komandası uğurla çıxış edərək
güllə atıcılığı nominasiyasında I yeri tutmuş və fəxri
fərmanla təltif olunmuşdur. 9 nömrəli tam orta məktəbin
komandası isə "Cəsurlar" hərbi-idman oyunlarının zona
mərhələsində 14 iştirakçı komanda arasında VI yeri
tutmuşdur.
Bu cür tədbirlərin sistemli xarakter alması məqsədilə
Şuşa RTŞ-nin əmrinə əsasən 2014-cü ilin noyabr ayı
məktəblərdə "Gənclərin çağırışaqədərki hazırlığı" fənn
aylığı elan edilmişdir. Aylıq çərçivəsində rayonun
məktəblərində müxtəlif səpgili hərbi-idman yarışları,
X-XI sinif şagirdlərinin döyüş silahları ilə tanışlığı,
onlardan istifadə qaydalarının öyrənilməsi, Hərbi muzeyə
ekskursiyalar da planlaşdırılmışdır. Məktəblərdə təlim
silahları olmadığı üçün "açıq dərs"lərdə bu silahdan
müvəqqəti istifadə olunması məqsədilə təhsil şöbəsi
tərəfindən Şuşa Rayon Polis Şöbəsinə müraciət
olunmuşdur. Polis şöbəsinin əməkdaşının nəzarəti altında
avtomat təlim silahı rayonun bütün tam orta məktəblərinə
gətirilmiş, şagirdlər silahla əyani tanış olmuşlar.
Noyabrın 24-də rayonun 3 nömrəli tam orta məktəbində
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət
Xidmətlərinin (SHXÇDX) Şuşa bölməsi və polis şöbəsinin
nümayəndələrinin GÇH rəhbərləri və şagirdlərlə görüşü
keçirilmişdir.
Aylıq çərçivəsində məktəblilərimiz cəbhə xəttində -
Tərtər rayonu ərazisində yerləşən hərbi hissədə olmuş,
əsgər və zabitlərlə görüşmüşlər.
Belə tədbirlərdən biri də Şuşa Rayon Təhsil Şöbəsinin
təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərinin X-XI
siniflərində təhsil alan gənclərin çağırışaqədərki
hazırlığı rəhbərlərinin Heydər Əliyev adına Ali Hərbi
Məktəbdə müəllim və kursant heyəti ilə görüşü olmuşdur.
Görüşün keçirilməsinin əsas məqsədi gənclərə
hərbi-vətənpərvərlik hisslərinin aşılanması, onların
orta məktəbdə oxuduqları dövrdən ölkənin müdafiəsinə
psixoloji cəhətdən hazırlanmasıdır.
Gənclərin Ali Hərbi Məktəblə tanışlığı çox maraqlı və
canlı alındı. AHM-in "Maddi-texniki təminat"
kafedrasının rəisi polkovnik-leytenant Qılman İmanov
kafedra haqqında, burada olan T-72 M1 tankının və BMP-2
piyadaların döyüş maşını qurğularının iş prinsipləri
haqqında şagirdlərə məlumat verdi. Hərbi məktəbin
kursantları və şagirdlər təcrübi olaraq sürmə
trenajorlarında komandirlər tərəfindən verilən
tapşırıqları yerinə yetirdilər.
"Silah və atış" kafedrasının rəisi polkovnik Eldar
Maşayev PDM-2, PDM-3 piyada döyüş maşınları və T-72M və
T-90 tanklarının quruluşu və iş prinsipi haqqında geniş
məlumat verdi, tank əleyhinə idarə olunan raket atış
trenajorunda şagirdlər kursantların köməyi ilə məşq
etdilər. Zirehli texnika silahları sinfində mərmilərin
uçuş xətti, hədəfə dəyməsi və reaktiv hərəkət haqqında
məlumatlar kompüter vasitəsi ilə nümayiş etdirildi.
RQ-7V tipli atəş silahı haqqında olan məlumatlar
şagirdləri daha çox maraqlandırdı. Artilleriya sinfində
kompüterlə hədəflərin vurulması prosesi kursantlar
tərəfindən nümayiş etdirildi. Rabitə vasitələri ilə
idarəetmə sinfində idarəetmə və rabitə kafedrasının
rəisi polkovnik-leytenant Rəhman Günəşov VRC-4624, VRC,
VRC-6208, VRC-90090 tipli radiostansiyalar haqqında
şagirdlərə məlumat verdi. Mayor İlham Şıxəliyev bu
stansiyaların Türkiyə və İsraildə istehsal olunduğunu
şagirdlərin nəzərinə çatdırdı.
Çoxkanallı rabitə texnikası sinfində mayor Fərda
Hacımuradov çoxkanallı rabitənin yaradılmasından və
radio-rele rabitə haqqında, O-330-6, P-303, P-309
kanalyaratma qurğularının iş prinsipləri haqqında
məlumat verdi.
Mühəndis maneələri sinfində hərbi-mühəndis kafedrasının
polkovniki Həsən Məmmədov minalardan mühafizə haqqında
məlumat verdi, mexaniki körpülər, səngər qazan maşınlar
haqqında çəkilmiş videoçarx şagirdlərə göstərildi.
Rayonun 1 nömrəli tam orta məktəbinin məzunu, Heydər
Əliyev adına Ali Hərbi Məktəbin ikinci kurs tələbəsi
Hüseyn Elxan oğlu Ələkbərli öz həmyerli müəllimləri və
şagirdləri ilə səmimi görüşdü. Hüseyn Ali Hərbi Məktəbdə
oxuması ilə böyük qürur hissi keçirdiyini bildirərək
məktəbli gənclərə də bu ali məktəbdə təhsil almalarını
arzuladı.
Məktəblilərin hərbi- vətənpərvərlik ruhunun
gücləndirilməsi istiqamətində görülən işlər bundan sonra
da davam etdiriləcək, gənclərin çağırışaqədərki
hazırlığı fənninin tədrisinin keyfiyyəti artırılacaq,
şagirdlərdə hərbi ixtisaslara marağı artırmaq üçün
ardıcıl olaraq təbliğat işləri aparılacaqdır. |