Xəzəngül İSRAFİLOVA,
Bakı şəhəri 116 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi
Texnologiyaların
həyatımızın bir hissəsi olduğu bir dövrdə, təbii ki,
təhsil və tədris prosesini onlardan kənarda təsəvvür
etmək mümkün deyil. İKT-nin təlimə inteqrasiyası fənlər
üzrə bacarıq və vərdişlərin əldə olunmasına, şagirdlərin
idrak və yaradıcılıq qabiliyyətlərinin inkişaf
etdirməsinə imkan verir.
Mən 22 ildir ki, ibtidai sinif müəllimi işləyirəm.
Kurikulumun tətbiqi ilə bağlı treninq və seminarlarda
iştirak etmişəm. Müasir dərsin tələbinə uyğun olaraq
dərslərimi maraqlı qurmağa çalışıram.
Fənn kurikulumlarının tətbiqi ilə bağlı fəaliyyətimdə
baş verən dəyişikliklərdən biri də təlim prosesində
interaktiv təlim metodlarından istifadə etməyimdir.
Şagirdlərdə tənqidi, yaradıcı, məntiqi təfəkkürün
inkişaf etdirilməsi, onların nümunəvi davranışa, birgə
fəaliyyət bacarıqlarına malik olması, şəxsiyyət kimi
formalaşması təlim prosesində tətbiq etdiyim forma və
üsullardan asılıdır. Fəal təlim prosesində müxtəlif iş
formaları və üsullarından istifadə etməklə
müəllim-şagird, şagird-şagird əməkdaşlığı yaradır,
müzakirə, fikir mübadiləsi aparıram. Qısa müddət ərzində
daha çox materialın öyrənilməsinə, biliklərin müstəqil
əldə edilməsinə, hər bir şagirdin öz fikrini ifadə
etməsinə imkan yaradıram.
Hər bir üsul özünəməxsusluğu ilə seçilir. Dərslərdə ən
çox müzakirə, beyin həmləsi, BİBÖ, Venn diaqramı, rollu
oyun, şaxələndirmə üsullarından istifadəyə üstünlük
verirəm. Çalışıram ki, islahatlardan irəli gələn
şagirdyönümlülük, inteqrativlik, tələbyönümlülük,
şəxsiyyətyönümlülük pinsiplərini əsas götürərək
dərslərimi müasir tələblərə uyğun qurum və yüksək
nəticələr əldə edim.
Ənənəvi təlim üsulları kimi yeni təlim metodları da o
zaman daha səmərəli olur ki, onlar dərsin mövzusuna,
sinfin səviyyəsinə uyğun seçilsin. Məsələn, debat
şagirdləri fəallaşdıran, onların hamısını müzakirəyə
qoşan, müzakirə olunan məsələ barədə öz rəyini
bildirməyə sövq edən metoddur. Lakin onun I və ya II
siniflərdə tətbiqi istənilən səmərəni vermir. Çünki bu
yaşda şagirdlər hələ müəyyən bir məsələnin, mövzuların
birlikdə müzakirəsinə tam hazır olmurlar, onlar ancaq
həmin məsələ barədə öz fikirlərini söyləyə bilirlər,
polemikaya girməkdə, şagird yoldaşının fikirlərini
dinləyib ona münasibət bildirməkdə çətinlik çəkirlər.
Ona görə də mən debatdan yuxarı siniflərdə istifadə
edirəm. Aşağı siniflərdə şagirdləri daha çox
maraqlandıran oyun, əyləncə tipli metodlara - rollu
oyunlara, krossvordlara və s. üstünlük verirəm.
Üsul və metodlar seçilərkən dərsin mərhələləri də nəzərə
alınmalı və bu zaman konkret mövzudan çıxış edilməlidir.
Bəzən dərsin motivasiya hissəsində tətbiqi yaxşı nəticə
verən metod digər mərhələdə o qədər də səmərəli olmur.
Mən bunları nəzərə alaraq dərsin motivasiya mərhələsində
şagirdlərdən düşünməyi, müqayisə etməyi tələb edən üsul
və metodlara üstünlük verirəm. Sual-cavab, beyin həmləsi
belə metodlara misal ola bilər. Dərsin tədqiqat sualının
qoyulması və tədqiqatın aparılması, yaradıcı tətbiqetmə
mərhələlərində isə məhz bu mərhələlərin mahiyyətinə
uyğun gələn klaster, Venn diaqramı, BİBÖ kimi üsulları
seçirəm.
Təlim üsul və metodlarına belə yanaşma həm müəllimi
yaradıcı axtarışlara sövq edir, həm də dərsi daha
səmərəli qurmağa imkan verir. Belə yaradıcı yanaşma
dərsi maraqlı qurmaq, şagirdlərdə dərsə marağı
artırmaqla yanaşı öyrənilən mövzuların şagird tərəfindən
daha asan qavranılmasına da imkan verir. |