Ölkəmizdə dərs deyən almaniyalı müəllim Aleksandr Eşer
ilə müsahibə
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
Qəzetmizin
səhifələrində dərc olunan xarici müəllimlərdən aldığımız
müsahibələr oxucular tərəfindən maraqla qarşılanıb. Biz
də oxucularımızın marağını nəzərə alaraq Azərbaycanda
yaşayan və işləyən xarici müəllimlərlə müsahibələri
davam etdiririk. Budəfəki müsahibimizi- Bakı Slavyan
Universitetinin Məktəb-Lisey Kompleksində və 160 nömrəli
Klassik gimnaziyada alman dilini tədris edən Aleksandr
Eşeri oxucularla tanış etmək istəyirik. Cənab Eşerlə
160 nömrəli Klassik gimnaziyada görüşürük. Bizimlə
görüşən müəllim salamımızı Azərbaycan dilində alır və
deyir: "Əlekisalam". Bu, müsahibə ərzində əcnəbi
müəllimdən Azərbaycan dilində eşitdiyimiz yeganə söz
olur. Onunla söhbətə başlayırıq və özü barədə məlumat
verməsini xahiş edirik:
- Mən Aleksandr Eşer. 1974-cü ildə Almaniyanın Xemnits
şəhərində doğulmuşam. Xemnits Texniki Universitetində
gimnaziya üçün müəllim hazırlığı fakültəsində tarix və
idman ixtisası üzrə təhsil almışam. 1996-2001-ci illərdə
həmin universitetdə alman dili ixtisasına da
yiyələnmişəm.
- Universitetdən sonra?
- Universitetdən sonar Saksoniya federal torpağının
Olbernhau şəhərində yerləşən gimnaziyada 5-12-ci
siniflərə alman dili, tarix və idman fənlərini tədris
etmişəm. Almaniyanın müəllim proqramı əsasında 4 il
Çinin Şanxay şəhərində, xarici dillər məktəbində alman
dili fənnindən dərs demişəm. 2012-ci ildə yenidən
Almaniyaya qayıtdım və Xemnits şəhərində yerləşən
gimnaziyada çalışmağa başladım.
- Necə oldu ki, Azərbaycana gəldiniz?
- Almaniyada "Xarici məktəblər üçün xüsusi idarə" (ZFA)
mövcuddur və bu idarə Almaniya Xarici İşlər Nazirliyinin
tapşırığı ilə alman məktəb işini xaricdə təbliğ etməklə,
Xarici İşlər Nazirliyinin mədəniyyət və təhsil
siyasətini həyata keçirir. Bu idarənin məqsədlərindən
biri alman müəllimlərinin vasitəçiliyini təmin etməkdir.
Bu müəllimlər 60-dan çox ölkənin məktəblərində alman
dili dərsinin qurulması ilə bağlı məsləhət verən
mütəxəssislərdir və onlar həmçinin Alman dili diplomu
üçün (DSD) imtahahları təşkil edirlər. Mən də bu idarəyə
müraciət edərək Azərbaycana gəlmişəm.
- Nə qədər müddətdir burdasınız?
- Cəmi üç aydır ki, bu ölkədəyəm.
Cənab Eşerin cəmi üç aydır Bakıda olduğunu biləndən
sonra düşünürük ki, onun Azərbaycan barədə məlumatı az
olar. Amma Eşerin cavabları bu fikrimizin yanlış
olduğunu göstərir.
- Almaniyada yaşayanda Azərbaycan barədə məlumatınız var
idi, yoxsa?
- Bura gəlməzdən əvvəl də Azərbaycan barədə məlumatım
var idi. Tarix müəllimi olduğum üçün Azərbaycanın çox
qədim və zəngin tarixə malik olduğunu bilirdim. Həm də
bilirdim ki, Azərbaycan artıq müasir ölkədir. Bu fakt
mənim diqqətimi çəkmişdi.
- Bəzi insanlar Azərbaycanı Avroviziya mahnı
müsabiqəsindən sonra tanıyıb. Almaniyada necə?
- Yox, Almaniyada insanların çoxu Azərbaycan barədə
məlumatlı idi. Amma Avroviziya keçirildikdən sonra
Azərbaycan, Bakı daha da məşhurlaşdı.
- Azərbaycan dilini öyrənməyə marağınız var?
- Mən məktəbdə rus dilini öyrəndiyim üçün burada rus
dilini öyrənmək şansım daha yüksəkdir. Azərbaycan dili
hərçənd çətindir, lakin mən burda olduğum müddət ərzində
bu dili öyrənməyə çalışacam.
- Neçə illik burdasınız?
- 3 il dəqiq burdayam. Lakin daha uzun müddətə də qalmaq
mümkündür.
Aleksandr Eşer deyir ki, Azərbaycan barədə əvvəldən
məlumatlı olub. Bizə də maraqlı gəldi ki, Azərbaycana
gələndən sonra onun fikirlərində hansı dəyişikliklər
olub? Elə söhbətimizi də bu məqamlara toxunaraq davam
etdiririk.
- Azərbaycana gələndən sonra fikirləriniz necə dəyişib?
- Mən Azərbaycan haqqında məlumatlı idim. Necə təsəvvür
edirdimsə elə də qarşılaşdım. Mədəniyyətinizlə hələ daha
yaxından tanış olmağa çalışıram.
- Bəs insanlarımız?
- Azərbaycan insanı çox xeyirxahdır. Çətinlik olanda tez
kömək etməyə çalışırlar. Uşağı körpə olan valideynlərə
(əgər uşaq arabasındadırsa) nəqliyyata minməyə, düşməyə
kömək edirlər. Metro və avtobusda özlərindən böyüklərə,
qadınlara, uşaqlı insanlara yer verirlər.
- Bəs şəhərdə xoşunuza gəlməyən hallar var?
- Tıxac.
- Axı tıxac bütün böyük şəhərlərdə olur?
- Yox, mən təkcə tıxacı nəzərdə tutmurdum. Sürücülər
avtomobilləri təhlükəli idarə edirlər və bu da uşaqlar
üçün xüsusilə təhlükəlidir.
Sürücülərin nəqliyyat vasitəsini təhlükəli idarə etməsi
ilə razılaşmaya bilmirik. Bütün bu mənfi nüanslar da
aradan qalxar deyib, cənab Eşerlə 3 aydır ki, yaşadığı
ölkənin adət-ənənələri, yeməkləri barədə söhbət etməyə
çalışırıq:
- 3 aydır Bakıdasınız, haranı gəzmisiniz?
- İçərişəhər və bulvarda olmuşam.
- Bəs muzeylərimizdə?
- Yox, çox təəssüf ki, işlərim çox olduğuna görə hələ də
muzeylərinizdə olmaq şansım olmayıb.
- Bakıdan başqa hansı şəhərlərimizdə olmusunuz?
- Yeni gəlmişəm və gəzməyə hələ vaxtım olmayıb.
- Azərbaycan adət-ənənələri barədə nə qədər
məlumatlısınız?
- Azərbaycanın adət-ənənələri barədə bələdçi kitabçada
qısa məlumat oxumuşdum. Həmin kitabçada milli
yeməkləriniz, mədəniyyətiniz barədə məlumatlar var idi.
- Hansı yeməklərimizi sevirsiniz?
- Yeməkləriniz dadlıdır. Dolmanı çox bəyənirəm.
Milli şirniyyatlarımızdan dadan və bəyənən müəllim,
onların adlarını tapa bilmir. Və bizə izah edir ki,
yediyim şirniyyatların tərkibində qoz var idi. Biz də
onların şəkərbura və paxlava olduğunu deyirik. O da
gülərək təsdiqləyir. Biz də bir qədər onun yaşayış tərzi
ilə maraqlanırıq:
- Məişətimizə, yaşayış tərzimizə uyğunlaşa bilirsiniz?
- Uyğunlaşmağa çətinlik çəkmirəm. Çünki ailəm və
övladlarımla gəlmişəm.
- Uşaqlarınız balacadır?
- Qızımın 10, oğlumun 1 yaşı var.
- Qızınız hansı məktəbdə oxuyur?
- Qızım Şanxayda olanda məktəbdə ingiliscə təhsil aldığı
üçün burada da təhsilini ingilis dilində davam etdirir.
Beynəlxalq məktəbdə oxuyur.
- Bəs aldığınız maaşla burada özünüzü təmin edə
bilirsiniz?
- Bəzi şeylər var ki, burada ucuzdur. Amma bəzi şeylər
var ki, Almaniyadan bahadır. Məsələn, burada hər-hansı
şirniyyatı alanda düşünürəm ki, bu çox bahadır. Amma
nəqliyyat 20 qəpikdir və bu çox ucuzdur. Lakin bütün
bunlara baxmayaraq aldığım maaşla özümü təmin edə
bilirəm.
Bəs görəsən o, bir müəllim kimi azərbaycanlı şagirdlərin
bilik səviyyəsi barədə nə düşünür. Söhbətimizi bu
istiqamətdə davam etdirik:
- Azərbaycanda şagirdlərin bilik səviyyəsini
Almaniyadakı şagirdlərin bilik səviyyələri ilə müqayisə
etmək olarmı?
- Əslində öyrənmə səviyyəsini müqayisə etmək çətindir.
Hər sinif fərqli olur. Elə sinif var ki, aşağı səviyyədə
olur, digəri daha yüksəkdir.
- Müəllim şagirdi yaxşı öyrətmək üçün hansı üsullardan
istifadə etməlidir?
- Yaxşı müəllim şagirdi öyrətmək üçün bir deyil, bir
neçə üsuldan istifadə etməlidir. Çalışıram metodları
tez-tez dəyişim ki, uşaqlar üçün maraqlı olsun. Metodlar
müxtəlifdir. Əgər oxudursa, bir metoddan, yazıdırsa,
başqa metoddan və qulaq asmaq üçün isə tamamilə başqa
bir metoddan istifadə edilir. Öz işimdə məni cəlb edən
uşaqların hansı səviyyədən hansı səviyyəyə gəlib
çatdığını görməkdir.
- Bəs işlədiyiniz məktəblər sizi qane edir?
- Əlbəttə (gülür).
Biz də ona bütün işlərində uğurlar arzu edirik. Müsahibə
üçün də təşəkkürümüzü bildirib, hər birimizin gülərüz
anında müsahibəni yekunlaşdırırıq.
Foto Rəşad RAMAZANOĞLUNUNDUR |