Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Zəhmət və məsuliyyətin qələbəsi

 

Gördüyü iş və bu işə yanaşma tərzi insanın xarakterində silinməz  cizgilər buraxır. Təhsil işçisi kimi 49 illik təcrübəsi olan Məhərrəm Səfərovla görüşümüzün ilk anlarından sezdiyimiz əsas xarakter cizgiləri zəhmətkeşlik və məsuliyyət oldu. "Orta məktəbdən zəhmətə alışmışam. Atam kolxozda işləyirdi, mən də ona kömək edirdim,"- deyən Məhərrəm müəllim fiziki zəhmətlə həyata alışsa da, gələcəyini əqli zəhmətlə qazanıb.   Bir də qədim tarixə və zəngin  mədəniyyətə malik Qarabağlar kəndinin abidələrin yaratdığı tarixilik, ziyalı təəssübkeşliyinin doğurduğu  vətəndaşlıq duyğuları ilə zəngin mühiti Məhərrəm müəllimin ruhunun ən incə tellərini yurda bağlılıq   hissi üzərində kökləyib. 

Faktlarla zəngin həyat tarixçəsi 

Məhərrəm Tağı oğlu Səfərov 1944-cü ildə Naxçıvan MR Şərur rayonunun  çox qədim tarixə və mədəniyyətə malik olan Qarabağlar kəndində kolxozçu ailəsində anadan olub.  Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşən kəndin sayılıb-seçilən ağsaqqalı Tağı Səfərovun ali təhsil almamasına baxmayaraq, ərəb, fars dillərini mükəmməl  bilməsi, dərin mütaliəsi, yaşadığı ərazinin təbiəti qədər zəngin mənəvi aləminin övladlarının ziyalı kimi yetişməsində böyük rolu olub.

Məhərrəm Səfərov 1961-ci ildə Qarabağlar kənd orta məktəbində təhsilini başa vurduqdan sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub, 1965-ci ildə ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib.

1965-ci ildə ilk əmək fəaliyyətinə başladığı Qarabağlar kənd orta məktəbində 1969-cu ilə kimi çalışıb. 1970-ci ilin sentyabr ayına kimi Bakı şəhərinin 111 nömrəli məktəbində müəllim işləyib. Elə bu aydan da keçmiş Azərbaycan SSR Maarif Nazirliyinin Proqram-metodika idarəsində metodist, 1979-cu ildən isə həmin idarədə inspektor-metodist vəzifəsində çalışıb.

Proqram-metodika idarəsində işlədiyi 14 il müddətində ibtidai siniflər üçün elmi-metodik şuranın məsul katibi kimi (şuranın sədri professor Y.Kərimov idi)  dərsliklərin, tədris proqramlarının, dərs vəsaitlərinin hazırlanması, müzakirə edilməsi və vaxtında çapa hazırlanmasında xeyli əmək sərf edib. Çap edilmiş dərsliklərin  təkmilləşdirilməsi məqsədilə bir sıra rayonların və Bakı şəhərinin ümumtəhsil məktəblərində müzakirələr keçirib,  müəllimlərin irad və təkliflərini öyrənərək müəlliflərə çatdırıb. Nəticədə ibtidai siniflər üçün mükəmməl dərsliklər hazırlanıb.

1971-1975-ci illərdə elmi tədqiqatla məşğul olub, "İbtidai məktəb və məktəbəqədər tərbiyə" məcmuəsi, "Azərbaycan məktəbi" jurnalı və "Azərbaycan müəllimi" qəzetində elmi məqalələri dərc olunub. "Məktəbdə müəllimlərlə aparılan metodik işin sistemi" kitabı, Maarif Nazirliyinin xətti ilə "Metodbirləşmələrin işinin təşkili", "Metodik işin təşkili" kimi metodik tövsiyələri işıq üzü görüb. Müəlliflər qrupunda bir sıra dərs vəsaitlərinin, Y.Kərimovla birgə II və III siniflər üçün "Oxu" dərsliklərinin hazırlanmasında iştirak edib. Təlim rus dilində olan ümumtəhsil məktəblərinin III sinfi üçün "Azərbaycan dili" dərsliyinin müəlliflərindən biri olub.

1984-1988-ci illərdə Maarif Nazirliyinin Baş inspeksiyası, 1989-1993-cü illərdə isə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Dövlət müfəttişliyində aparıcı və baş inspektor, 1993-2002-ci illərdə Təhsil Nazirliyinin Ümumi orta, texniki peşə təhsili və məktəbəqədər baş idarəsində aparıcı mütəxəssis, sonra da baş məsləhətçi, 2010-2013-cü illərdə nazirliyin Akkreditasiya şöbəsində baş məsləhətçi vəzifələrində işləyib. 2013-cü ilin may ayından təqaüdə çıxıb.  

Zəhmətkeşlik və məsuliyyət uğurlarının əsas amilləridir  

Məhərrəm Səfərov ömrü boyunca zəhmətkeşliyi və məsuliyyəti, heç bir bəhanə ilə işdən yayınmadan çalışmağı özünə həyat prinsipi seçib. Tapşırılan vəzifələri bir məsuliyyət kimi dərk edib, lazımınca öhdəsindən gələrək göstərilən etimadları doğrultmağa çalışıb. Buna görə də həmişə təşəkkürə layiq görülüb.

Səmərəli fəaliyyəti və 60 illik yubileyi münasibətilə 2004-cü ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Bakı şəhərinin Sabunçu rayonundan Azərbaycan müəllimlərinin XII qurultayına nümayəndə seçilib.

Azərbaycan Respublikası Prezidentinin 2009 -cu il 30 sentyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının əmək veteranıdır.  

Qardaşı "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru olub 

Səfərovlar ailəsinin on övladı olub, onlardan dördü vaxtsız vəfat edib, üç qardaş, üç bacı qalıblar. Məhərrəm müəllimin həyatında Şahin Səfərovun böyük rolu olub. Buna görə də o, həyatındakı uğurlarına görə hamıdan artıq  on altı yaş özündən böyük qardaşına borclu bilir özünü. "Azərbaycan müəllimi" qəzetində 20 il (1972-1992-ci illər) baş redaktor vəzifəsində çalışan Şahin Səfərov istedadlı qələm sahibi olmaqla yanaşı, həm də novator idarəçilik keyfiyyətlərinə malik qəzetçi olub. Bu illərdə bir-birindən maraqlı mövzularla, məqalələrlə oxucuların görüşünə gələn qəzet respublikanın elmi-pedaqoji, mədəni mühitində böyük rol oynayıb.

İnstitutda oxuyan zaman Şahin müəllim qardaşını yataqxanada qalmağa qoymayıb. İki otaqlı evində ailəsi ilə bərabər yaşayan Şahin müəllim qardaşının qayğısına qalmağı da özünə borc bilib. Onun ərəb və fars dillərini mükəmməl bilməsi, klassik ədəbiyyatı dərindən öyrənməsi, bu sahədə maraqlı tədqiqatlar aparması Məhərrəm müəllimin də ədəbiyyata marağını artırıb. "İndinin özündə də çoxları bilmir ki, ibtidai təhsil pedaqogikası və metodikası fakültəsini bitirmişəm. Bəziləri elə bilirlər ki, mən ədəbiyyatçıyam," - deyir Məhərrəm müəllim. Ədəbiyyata mükəmməl yiyələnməsi sayəsində o, ibtidai siniflər üçün "Oxu" dərsliklərinin hazırlanmasında müəlliflərdən biri olub.

Məhərrəm Səfərovun əlinə qələm verən ilk müəllimi atası Tağı kişi, həyat pillələrində qalxmağı öyrədən müəllimi isə qardaşı Şahin Səfərov olub. 

"Ömür boyu öyrənmək"  prinsipi onu təhsil sahəsində saxlayıb 

Təhsil Nazirliyinə işə qəbulu ilə bağlı maraqlı xatirəsi var Məhərrəm müəllimin: "Tale elə gətirdi ki, Cəbrayıldan bir tələbə yoldaşımla görüşdük. O mənə dedi ki, mən getmişdim nazirliyə, orada qohumum var, idarə rəisidir, o şöbədə bizim ixtisas üzrə, ibtidai siniflər üzrə bir metodist yeri var, məni götürmədilər. O vaxt akademik Mehdi Mehdizadə təhsil naziriydi. Getdik onun qohumunun yanına, İmran Məmmədovla bir az söhbət etdik. Dedi, sənin burada işləməyinə etirazım yoxdur, amma gərək nazirlə danışam. Bir gün mənə zəng edib çağırdılar ora. İmran müəllim dedi, Mehdi müəllimlə danışmışam, səni qəbul edəcək.

Mehdi Mehdizadə iyirmi iki il təhsil naziri işləyib, akademik, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü idi. Təhsilin o sahəsi yox idi ki, bilməsin. Mən də hazırlaşırdım, bilirdim ki, o, mənə suallar verəcək. Qəbulunda oldum, təhsillə bağlı bir-iki sual verdi, gördü, bilirəm. Dedi, "Oğlum, sən cavansan, gələcəkdə sən dərslik müəllifi ola bilərsən burada. Elmi mövzu götürüb işləyə bilərsən. Amma səni göndərəcəyimiz idarə çox ağır idarədir. Orada biz insanları işə götürürük, iki aydan sonra qaçırlar, dözmürlər. Yəni orada səhərdən axşama qədər işləməlisən.  Sən qorxmursan ki, bu işdən. Sən qaçmayacaqsan ki?".  Dedim: "Xeyr, professor, niyə qaçım ki, əgər mən o işə düzəlirəmsə işləməliyəm də...". Çağırdı həmin idarənin rəisi İmran müəllimi, dedi: "Apar, bir ay sınaq müddəti ver, görək işə necə alışır". Mən ertəsi gündən gəldim o işə başladım proqram-metodika idarəsində. İşin məzmunuyla tanış oldum bir həftə. Gördüm ki, doğrudan da, ağır idarədir. Başladım üzərimdə çox gərgin, gecə-gündüz işləməyə. O idarənin məzmunu nə idi: bütöv respublika üzrə baza rolunu oynayırdı. Bütün dərsliklərin əlyazmaları hazırlanırdı. Orada müzakirə olunurdu, çapa hazırlayırdıq. İstər tədris proqramları, istər dərsliklər, dərs vəsaitləri... O vaxt biz Moskvaya tabe idik. Moskvadan rus dilində təlimatlar, əsasnamələr, tədris planları verilirdi. Bunu işləyirdik, rus dilindən tərcümələr edirdik. Ora biz nə artıra bilirdik? Ancaq yerli Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi saatlarını. On beş gündən sonra İmran müəllim təqdimat yazdı ki, işin öhdəsindən gəlir. Beləliklə, mənim əmrim verildi. 1970-ci ilin sentyabr ayının 20-dən Azərbaycan Respublikası Maarif Nazirliyinin Proqram-metodika idarəsində metodist vəzifəsinə işə düzəldim. Orada təcrübəli yoldaşlar var idi, onlardan bilmədiyim müəyyən məsələləri öyrəndim. İnsan ömür boyu öyrənməlidir. Beləliklə, üzərimdə gecə-gündüz çalışdım və çox qısa müddətdə özümü doğrulda bildim".

Məhərrəm müəllimin 1970-ci ilin sentyabr ayından Təhsil Nazirliyində başlayan fəaliyyəti  zəhmətkeşliyi və özünə qarşı tələbkarlığı sayəsində 2013-cü ilin may ayına kimi müxtəlif vəzifələrdə davam edib.

Üç övlad atası olan Məhərrəm müəllim həm də yaxşı ailə başçısıdır. Övladlarının tərbiyəsində həm özünün, həm də həyat yoldaşı Naibə xanımın çox böyük zəhməti olub. Hər üç övladı ali təhsillidir. Məhərrəm müəllim indi də nəvələrinin qayğısına qalır. Hazırda 6 nəvəsi var.

Məhərrəm Səfərovu 70 ilinin tamam olması münasibətilə redaksiyamız adından təbrik edir, uzun  ömür, cansağlığı arzulayırıq.  

Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov