DÜZ HƏDƏFƏ
Məktəb ərazisində aparılan qanunsuz tikintinin qarşısı
alındı
Hörmətli oxucular. Qəzetimizin bu sayından başlayaraq
"Düz hədəfə" adlı yeni rubrika altında təhsil sistemində
baş verən neqativ hallar, məktəblərdə olan mövcud
problemlər, valideyn, müəllim, şagird və tələbələrin
haqlı şikayətləri və digər bu kimi məsələlərlə bağlı
yazıların dərc olunması nəzərdə tutulur. İlk hədəfimiz
Bakı şəhəri 115 nömrəli məktəbin ərazisini qanunsuz zəbt
edənlərdir. Qəzetimizi izləyin.
Paytaxtın Binəqədi rayonundakı 115 nömrəli tam orta
məktəbə məxsus 90 kvadratmetr torpaq sahəsi qanunsuz
zəbt olunub və ərazi hasarlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata
keçirilmiş operativ araşdırma zamanı məlum olub ki,
qanunsuz tikinti işləri "Paradise" klubun işçiləri
tərəfindən aparılıb.
Faktla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət
edilib. Əraziyə baxış keçirildikdən sonra qanunsuz
tikinti sökülüb.
Qeyd edək ki, Prezident İlham Əliyev 11 avqust 2014-cü
il tarixində Binəqədi rayonundakı 115 nömrəli tam orta
məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı
vəziyyətilə tanış olub. Dövlət başçısının tapşırıqlarına
uyğun olaraq, əsaslı şəkildə yenidən qurulmuş 1380
şagird yerlik məktəbdə təmir işləri yüksək standartlara
uyğun həyata keçirilib. Təhsil müəssisəsinin bir
hektarlıq həyətyanı sahəsində də müvafiq abadlıq və
quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.
Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt
olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul
etməlidir ki, bu cür qeyri-sağlam tendensiya
təhsilalanların Konstitusiya hüquqlarının pozulmasına
səbəb olur. Təhsil müəssisələrinin ərazilərinin zəbt
olunması hallarına qarşı Azərbaycan Respublikası
qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri
davam etdiriləcəkdir.
|