Dekabrın 10-da Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi
keçirilib. Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının konfrans zalında keçirilən
yığıncaqda respublikanın müxtəlif bölgələrinin, eləcə də
paytaxt rayonlarının TİAHİ komitələrinin, ali və orta
ixtisas təhsili müəssisələrinin müəllim və tələbə
həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak
ediblər.
Öncə ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin
gündəliyi və reqlamenti təsdiq edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış
edərək təhsil sahəsində çalışanların istər iqtisadi,
sosial rifahının yaxşılaşdırılması, hüquqlarının
müdafiəsinə köməklik göstərmək, istərsə də onların
asudə vaxtlarının səmərəli təşkilinin ATİAHİ Respublika
Komitəsinin diqqət yetirdiyi ən vacib məsələlərdən
olduğunu bildirib. Sədr daha sonra respublikamızda
həyata keçirilən dövlət gənclər siyasətindən ətraflı
bəhs edib, bu istiqamətdə reallaşdırılan tədbirlərdən
danışıb. Gənclər siyasətinin dövlətin prioritet
istiqamətlərindən biri olduğunu, ümummilli lider Heydər
Əliyevin uşaq və yeniyetmələrə, gənclərə hər zaman
qayğı ilə yanaşdığını söyləyən millət vəkili bu işin
hazırda respublika Prezidenti cənab İlham Əliyev
tərəfindən də diqqətdə saxlanıldığını qeyd edib.
İclasda ATİAHİ Respublika Komitəsinin şöbə müdiri
Rüstəm Nəzirov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsində gənclər siyasəti ilə
bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə
hazırlanmış məlumatı diqqətə çatdırıb.
Azərbaycan Dövlət Neft Akademiyasının, Bakı Dövlət
Universitetinin, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitələrinin
sədrləri çıxış edərək müzakirə olunan məsələ ilə bağlı
öz fikirlərini söyləyiblər, təmsil olunduqları ali
məktəblərdə gənclərlə bağlı aparılan işlərdən
danışıblar.
Sonra ATİAHİ Respublika Komitəsinin katibi, şöbə müdiri
Mübariz Eyvazovun ATİAHİ Respublika Komitəsinin 2015-ci
il ümumi və eyni zamanda komitənin 2015-ci il
büdcəsinin, həmçinin ATİAHİ Respublika Komitəsi
aparatının ştat cədvəlinin təsdiqi ilə bağlı
hazırlanmış hesabatları dinlənilib. ATİAHİ Respublika
Komitəsinin Məclis və Rəyasət Heyəti üzvləri arasında
qismən dəyişiklik edilməsi barədə və digər müzakirə
olunan hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul
edilib.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |