Avropa Ali Təhsil Müəssisələri Assosiasiyasının
(EURASHE) təşkilatçılığı ilə 3-4 dekabr 2014-cü il
tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində
beynəlxalq konfrans keçirilib.
Litva Universitetləri Şurası və Vilnüs Tətbiqi Elmlər
Universitetinin ev sahibliyi etdiyi konfrans "Ali
təhsildə keyfiyyəti necə təmin etməli" mövzusuna həsr
olunub.
Konfransın işində Avropa və ABŞ-ın 95 universiteti və
təhsil təşkilatlarını təmsil edən 230-dan çox nümayəndə
iştirak edib.
Təhsil Nazirliyinin Lisenziyalaşdırma və akkreditasiya
sektorunun baş məsləhətçisi Əfqan Abdullayev tədbirdə
"Keyfiyyətin təmin olunmasında şəffaflıq və hesabatlılıq
məsələlərinə dair" məruzə ilə çıxış edib.
Konfrans iştirakçıları ali təhsildə keyfiyyətin təmin
olunması yollarını və mexanizmlərini müzakirə ediblər.
Tələbə yönümlü təlimdə keyfiyyət və keyfiyyətin təmin
olunması, keyfiyyət, keyfiyyət təminatı və keyfiyyət
mədəniyyəti, keyfiyyətin təmin olunmasında Avropa
standartları, ikili təhsil proqramlarında keyfiyyət,
qloballaşma və keyfiyyətin təmin olunması, müəssisələrlə
(işəgötürənlərlə) keyfiyyət əməkdaşlığı, professional
ali təhsildə keyfiyyətin təmin olunmasının mahiyyəti
kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Konfransda Avropa Ali Təhsil Müəssisələri
Assosiasiyasının prezidenti Andreas Orfanides, Litvanın
təhsil və elm nazirinin müavini Rimantas Vaitkus, Vilnüs
Tətbiqi Elmlər Universitetinin rektoru Gintautas
Brajunas, Avropa Ali Təhsildə Keyfiyyətin Təminatı
Assosiasiyasının (ENQA) direktoru Mario Kelo, Avropa
Şurasının ali təhsil üzrə eksperti Klara Engels-Perenyi
də məruzələrlə çıxış ediblər.
Həmçinin, konfransda "Ali təhsildə daxili keyfiyyətin
təmin olunması" adlı məlumat-sorğu kitabının təqdimatı
olub. Kitabın müəllifi, Avropa Akkreditasiya
Konsorsiumunun menecment qrupunun (ECA) və Niderland
Akkreditasiya Cəmiyyətinin üzvü Luçien Bollaert kitab
haqqında məlumat verib. |