Dekabrın 11-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ)
Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə
həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları
əvvəlcə institutun nəzdində fəaliyyət göstərən Heydər
Əliyev Mərkəzini ziyarət ediblər. Ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə
tanışlıqdan sonra ümummilli liderin büstü önünə əklil
qoyulub.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Sonra AMİ-nin rektoru,
Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı
çıxış edərək vurğulayıb ki, tarix boyu Azərbaycan
dünyaya alimlər, mütəfəkkirlər, nüfuzlu ziyalılar,
siyasətçilər bəxş edib. Azərbaycan tarixinin böyük bir
dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər ulu
öndərimizin adı ilə bağlıdır.
Qeyd edildi ki, ulu öndərimizin uzaqgörənliklə yaratdığı
inkişaf strategiyası Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli şəkildə
davam etdirilir. Ölkəmizdəki bütün quruculuq işləri məhz
bu ideyaların həyata keçirilməsi istiqamətində aparılır.
Sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının
müavini İradə Mahmudova, AMİ-nin Yeni Azərbaycan
Partiyası ilk təşkilatının sədri Mircəfər Həsənov və
291 nömrəli Ekologiya liseyinin direktor müavini,
qabaqcıl təhsil işçisi Zeynəb Qasımova çıxış edərək
ümummilli liderin xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə gəlişinin yenicə müstəqillik əldə etmiş
Azərbaycanı bir dövlət kimi dağılmaqdan qoruduğunu
söyləyiblər. Ulu öndər dünyada gedən prosesləri və
müasir dövrün tələblərini nəzərə alaraq cəmiyyətin,
dövlətin və ictimai münasibətlərin
demokratikləşdirilməsi problemlərinə xüsusi əhəmiyyət
vermişdir.
Sonda 193 nömrəli orta məktəbin 11-ci sinif şagirdi
Murad Əliyev və 291 nömrəli Ekologiya liseyinin 8-ci
sinif şagirdi Arzu Zeynallı tərəfindən səsləndirilmiş
ulu öndərə həsr olunmuş şeirlər tədbirdə iştirak edən
professor-müəllim heyəti və tələbələr, rayon
rəhbərliyinin nümayəndələri tərəfindən maraqla
dinlənilib.
Qeyd edək ki, dekabrın 11-də Azərbaycan Müəllimlər
İnstitutunda bakalavr, ixtisasartırma və
yenidənhazırlanma təhsili üzrə bütün dərslərin bir
hissəsi ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətinə həsr olunub.
Mətbuat və informasiya şöbəsi |