Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəz açıldı

 

Böyütmək üçün seçinDekabrın 11-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi.

İlk öncə ulu öndərin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyuldu.  

Tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Sonra Sumqayıt Dövlət Universitetində yaradılmış Heydər Əliyev Mərkəzinin açılışı oldu.

Təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdilər.

Mərkəzdə qonaqlar və universitetin kollektivi türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin qranitdən hazırlanmış barelyefi, ona aid kitablar və sənədlərlə tanış oldular. Mərkəzdə ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illər fotolarda slayd şəklində öz əksini tapmışdır. Universitetin foyesində Prezident  İlham Əliyevə həsr olunmuş fotogüşə tədbir iştirakçılarının diqqət və marağına səbəb oldu.

Tədbirdə SDU-nun rektoru Elxan Hüseynov çıxış edərək  bildirdi ki, istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, əvəzsiz siyasət dahisi, cəsur insan  və ən böyük vətəndaş kimi qalmışdır. O, Azərbaycanın ən yeni tarixində bütöv bir dövrü özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun  və milli inkişaf strategiyasının müəllifidir. Bu gün müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti  və xidməti  olmasın.

Vurğulandı ki, ulu öndərin xalq üçün gördüyü neçə-neçə tarixi xidmətləri, fədakarlıqları var. Təkcə bu misal ümummilli liderin həm yaddaşımızda, həm də azərbaycanlıların qəlbində tutduğu müstəsna tarixi yer haqda təsəvvür əldə etməyə imkan verir. Həm də göstərir ki, Heydər Əliyevin xidmətləri dünya siyasi sistemlərində müəyyən edilən "milli lider" çərçivəsinin  hüdudlarına sığmır.

Rektor çıxışında  vurğuladı ki, universitetimizdə belə bir  Mərkəzin açılışı   ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsində və təbliğində, tələbələrin həyatında mühüm rol oynayacaq. Bu elm məbədinin tarixi  keçmişinə qısa nəzər salsaq görərik ki, binanın daş yaddaşı belə Heydər Əliyevin imzaladığı fərman və sərəncamı ilə möhürlənib. Uzun illər Azərbaycan Sənaye İnstitutu  olan bu təhsil ocağının 13 iyun 2000-ci ildən Sumqayıt Dövlət Universiteti  kimi fəaliyyət göstərməsi ulu öndər  Heydər Əliyevin müstəqillik illərində də elm və təhsilin inkişafını daim diqqətdə saxlamasının bariz nümunəsidir. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmişdir.

Rektor Sumqayıt Dövlət Universitetində belə bir Mərkəzin açılmasında göstərdiyi diqqət və qayğıya görə  təhsil naziri Mikayıl Cabbarova və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova universitetin professor və müəllim heyəti adından öz xüsusi təşəkkürünü bildirdi.

Təhsil nazirinin müavini Firudin Qurbanov  çıxışında vurğuladı ki, Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Azərbaycanda ali təhsil də Heydər Əliyev dövründə inkişafa qədəm qoyub.

Firudin Qurbanov Heydər Əliyevin kadr siyasətindən danışaraq bildirdi ki, müdrik dövlət başçısının daha bir xidməti həmin illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt 15 mindən çox gənc Azərbaycandan kənarda ali təhsil almışdır. İndi həmin gənclər dövlətin idarə edilməsində, inkişafında mühüm rol oynayan məsul vəzifələrdə çalışırlar.

Bu gün SDU-da belə bir Mərkəzin yaradılması, Heydər Əliyev irsinin öyrənilməsi tələbələr üçün qiymətli mənbədir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev  çıxış edərək Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyevin mənalı ömür yolundan, dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etdi.

Bildirdi ki, ötən əsrin 40-cı illərində yaradılan Sumqayıt məhz 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində təkcə respublikamızda deyil, dünya miqyasında tanınan yaşayış mərkəzi olmuşdur.

Vurğulandı ki, ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrünü insanların sosial rifahına, xalqların dostluğuna, tərəqqiyə və inkişafa, elm və təhsilin, mədəniyyətin çiçəklənməsinə həsr etmişdir. Ümummilli liderimizin əziz xatirəsi Azərbaycanla yanaşı, xarici ölkələrdə də ehtiramla anılır.

Qeyd edildi ki, mərkəz Heydər Əliyev irsinin dərindən öyrənilməsi və gənclərin intellektual səviyyələrinin yüksəldilməsində mühüm əhəmiyyətə malik olacaqdır.

Sonra fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov,  Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent  Əmirxan İsayevin məruzələri dinlənildi. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov