Qazaxıstan Respublikasının təhsil və
elm naziri beynəlxalq elmi-praktik konfransın
iştirakçılarına təbrik məktubu göndərib
Dekabrın
5-də Bakıda "Avropa" otelində Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin birgə təşkilatçılığı ilə
"Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin
formalaşması" mövzusunda ikigünlük beynəlxalq elmi
konfrans keçirilib. Azərbaycan ilə yanaşı, Rusiya,
Gürcüstan, Qazaxıstan və Latviyadan olan tanınmış
alimlərin iştirak etdikləri konfransı TPİ-nin direktoru,
hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq
Azərbaycan təhsil sistemində aparılan islahatlardan,
təhsilimizin inkişafı və dünya təhsil sisteminə
inteqrasiyası istiqamətində görülən işlərdən danışıb.
Q.Novruzov qeyd edib ki, Azərbaycanda təhsil sahəsinə
böyük dövlət qayğısı vardır. Ölkəmizdə təhsil sahəsində
həyata keçirilən dövlət proqramları, əsası 1999-cu ildə
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil
islahatları çərçivəsində təhsilin məzmunu, onun optimal
idarəetmə sisteminin yaradılması istiqamətində ciddi
addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən ötən il oktyabrın 24-də təsdiq olunmuş
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda yaxın gələcəkdə islahatların
əsas strateji istiqamətlərinin öz əksini tapdığını deyən
Q.Novruzov bu mühüm sənəddən irəli gələn vəzifələrin
birinin yüksək mənəvi-əxlaqi dəyərlərə malik gənc
nəslin yetişdirilməsi olduğunu diqqətə çatdırıb.
Q.Novruzov bildirib ki, konfransın keçirilməsində məqsəd
də təhsilalanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət
kimi formalaşması sahəsində müasir meyillər, qabaqcıl
təcrübənin mübadiləsi və Azərbaycan təhsilinə
inteqrasiyasıdır.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin
Qurbanov iştirakçıları Təhsil Nazirliyinin rəhbərliyi
adından salamlayıb və konfransın mövzusunun
cəmiyyətimiz üçün çox aktual və əhəmiyyətli məsələyə
həsr olunduğunu bildirib: "Bu gün hər bir ölkənin
qarşısında çox mühüm vəzifə durur. Biz çox mürəkkəb,
yeni, qlobal çağırışlar dövründə yaşayırıq. Belə bir
dövrdə bilikli, yüksək dünyagörüşə malik, həm də mənəvi
cəhətdən sağlam gəncləri formalaşdırmaq ən mürəkkəb
vəzifələrdən biridir".
Sovet dönəmində təhsil sistemində avtoritar pedaqogikaya
üstünlük verildiyini söyləyən nazir müavini o vaxt buna
alternativ sistemin yaradılmasına cəhdlər olunduğunu,
yaranan yeni sistemlərdən birinə humanist pedaqogika
deyildiyini diqqətə çatdırıb. Bildirib ki, bu sistemin
özünəməxsus nəzəriyyəsi və təcrübəsi var idi. Çox şadam
ki, humanist pedaqogikanın əsaslarını qoyanlardan biri
olan Şalva Amonaşvili bu tədbirdə iştirak edir. Nə qədər
çətin olsa da o, sovet ideologiyası şəraitində özündə
güc taparaq və heç nədən qorxmayaraq yeni humanist
pedaqogikanın əsaslarını yaratmağa müvəffəq olub.
Nazir müavini belə bir məqamı diqqətə çatdırıb ki, çox
vaxt məktəb direktorları tədrisin komponentlərindən
söhbət açır, lakin tərbiyə məsələlərinə o qədər də
diqqət yetirilmir.
Ölkəmizdə təhsil sisteminin qarşısında duran ən vacib
məsələlərdən birinin təhsilalanların özlərini şəxsiyyət
kimi göstərə bilməsinə şərait yaratmaq olduğuna diqqət
çəkən nazir müavini yeni texnologiyalar vasitəsi ilə
mənəviyyat məkanımıza daxil olan Qərb mədəniyyətinin
mənfi cəhətlərinin qarşısının alınmasının vacibliyini
vurğulayıb, bu işdə təhsil sisteminin üzərinə mühüm
vəzifələr düşdüyünü söyləyib.
Daha sonra konfransda çıxış edən Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədr müavini Şaiq Əsgərov, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət
Qəhrəmanova, Milli Məclisin deputatı, professor
Bəxtiyar Əliyev, Qafqaz Universitetinin rektoru Ahmet
Saniç, Xəzər Universitetinin təsisçisi, Direktorlar və
Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı,
ADPU-nun professoru Fərrux Rüstəmov, BDU-nun professoru
Hikmət Əlizadə, Dağıstan Dövlət Pedaqoji
Universitetinin kafedra müdiri, professor Cəfər Mallayev,
Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının
prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki,
professor Şalva Amonaşvili cəmiyyətin inkişafında
təhsilin rolundan, təhsildə mənəvi-əxlaqi dəyərlərin
əhəmiyyətindən söz açıblar.
Konfransda 200-dən çox gənc alim və mütəxəssis, tanınmış
ziyalıların pedaqogikada humanist yanaşmanın bir çox
müasir aspektlərini əhatə edən məruzələri toplu şəklində
çap olunaraq iştirakçılara paylanılıb. "Təhsildə
mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin
formalaşması" mövzusunda beynəlxalq elmi konfrans öz
işini bölmələrdə davam etdirib.
Qazaxıstan Respublikasının təhsil və elm naziri
A.Sarinjipov Bakıda "Təhsildə mənəvi-əxlaqi dəyərlər
harmonik şəxsiyyətin formalaşmasının əsasıdır"
mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın
iştirakçılarına təbrik məktubu göndərib. Məktubda nazir
elmi-praktik konfransın təşkilatçılarını və qonaqlarını
Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi
adından salamlayaraq bildirir ki, mənəvi-əxlaqi dəyərlər
insana həyatın mənasını açan, həqiqət yolunu ona
göstərən yüksək dəyərlərdir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |