Dekabrın 7-də "ADA" Universitetində "Azərbaycan Biznes
Keys" müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd ali təhsil
müəssisələrinin III və IV kurs tələbələrinin
biznes-yönümlü sahələrdə bilik və bacarıqlarını
təkmilləşdirmək, onların bu istiqamətdə praktiki
bacarıqlara yiyələnməsinə dəstək vermək və ölkəmizin
biznes mühitinə cəlb olunmasına vasitəçilik etməkdən
ibarətdir.
Müsabiqəyə hazırlıq məqsədilə xaricdə təhsil almış və
müxtəlif yerli, həmçinin beynəlxalq qurumlarda fəaliyyət
göstərən azərbaycanlı peşəkar mütəxəssislərdən ibarət
Biznes Akademiyası yaradılıb və burada müsabiqənin 60
iştirakçısına altı həftə ərzində bizneslə bağlı təlim
keçirilib. Akademiyanın bütün təlimlərində uğurla
iştirak edən 40 tələbəyə sertifikat təqdim olunub.
Müsabiqədə hər biri dörd nəfərdən ibarət 29 komandaya
hər həftə Harvard Universitetinin biznes keysləri təqdim
edilib. Bununla, onların praktiki bilik və
bacarıqlarının artırılmasına şərait yaradılıb.
Müsabiqənin ilkin mərhələsinə Azərbaycanın 7 ali təhsil
müəssisəsinin III, IV kurslarında və magistratura
səviyyəsində təhsil alan tələbələrdən ibarət 29 komanda
qoşulub. Eyni zamanda Gürcüstanın 5 ali təhsil
müəssisəsinin komandası yarışmaya qatılıb. Final
mərhələsinə keçən 6 komandadan ən yaxşı 4 komanda
seçilib.
Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycanın
təhsil nazirinin müavini Firudin Qurbanov, həmçinin
Gürcüstanın təhsil və elm nazirinin müavini Tamaz
Marsaqişvili iştirak ediblər.
Tamaz Marsaqişvili belə tədbirlərin gənclərin
inkişafına, bazar rəqabətinə cavab verən kadrların
hazırlanmasına müsbət təsir göstərdiyini vurğulayıb.
Qonaq ikinci yerin qalibi olan Qafqaz Universitetinin
komandasına üç min manat məbləğində simvolik mükafatı
təqdim edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir
iştirakçılarına nazir Mikayıl Cabbarovun təbrikini
çatdırıb. Daha sonra "Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyası və "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası" haqqında
məlumat verən nazir müavini bu istiqamətdə həyata
keçirilən islahatlar barədə danışıb. Bu müsabiqənin
əhəmiyyətini vurğulayan Firudin Qurbanov regional
səviyyədə təşkil edilmiş yarışmanın gələcəkdə daha
genişmiqyaslı olmasını arzulayıb. Nazir müavini
müsabiqənin qalibi olan Azərbaycan Dövlət İqtisad
Universitetinin komandasına altı min manat məbləğində
simvolik mükafatı təqdim edib. |