Dekabrın
10-da Yaponiyanın Azərbaycandakı səfirliyi İmperator
Akihitonun anadan olmasının 81-ci ildönümü münasibətilə
rəsmi qəbul təşkil edib.
AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri
səsləndirildikdən sonra səfir Tsuquo Takahaşi bildirib
ki, Konstitusiyaya görə, Yaponiya İmperatoru yapon
xalqının birlik rəmzidir və onun doğum günü milli bayram
kimi qeyd olunur.
Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan
diplomat vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı
səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə
inkişafına töhfə verir. Siyasi, iqtisadi, təhsil,
mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq daha da dərinləşir.
Səfir ölkələrimiz arasında əlaqələrin bundan sonra da
inkişaf edəcəyinə əminliyini bildirib.
Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün
münasibətilə yapon xalqını Prezident İlham Əliyevin
adından təbrik edib, dövlətimizin başçısının xoş
arzularını çatdırıb. Nazir bildirib ki, ölkələrimiz
arasında müxtəlif sahələrdə əlaqələr genişlənir.
Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə
Yaponiya hökumətinə minnətdarlığını bildirən Mikayıl
Cabbarov ölkələrimizin müxtəlif sahələrdə fəal
əməkdaşlıq etdiyini vurğulayıb. Nazir əmin olduğunu
bildirib ki, ikitərəfli münasibətlər getdikcə daha da
möhkəmlənəcək və genişlənəcək.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli
Məclisin deputatları, xarici ölkələrin Bakıdakı
səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. |