Heydər Əliyev təhsil haqqında
*
Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır.
Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri,
universitetləri, az hissəsini nəzərə almasaq, demək olar
ki, hamısı dövlətə məxsusdur. Dövlət təhsilin
maliyyələşdirilməsini yüksək təhsil almaq üçün müasir
maddi-texniki bazanın yaradılmasını, məktəblərin
şəraitinin yaxşılaşdırılmasını özünün əsas
vəzifələrindən biri hesab edir. Bilməlisiniz ki, bizim
büdcədə ən çox payı olan təhsil sistemidir.
Yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə
Bakı şəhəri 6 nömrəli məktəb-liseydəki nitqindən
1 sentyabr 2001-ci il
* * *
*
Biz bu günümüz, müstəqil
Azərbaycanın gələcəyi haqqında düşünsək, gənc nəslin
tərbiyəsinə ciddi fikir versək, ən əvvəl ali təhsil
almağa qadir, yəni buna öz biliyi, zəkası, fitri
istedadı ilə layiq olan gənclərin ali məktəblərə qəbul
olunmasını təmin etsək, onda gələcəyimiz üçün böyük
işlər görmüş olarıq. Odur ki, mən bu məsələyə xüsusi
diqqət yetirirəm.
Ali və orta ixtisas məktəblərinə qəbulla bağlı Prezident
Aparatında keçirilmiş müşavirədəki nitqindən
2
avqust 1994-cü il
* * *
*
Elm, təhsil, mədəniyyət
sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan
xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət
səviyyəsi, şüur səviyyəsi - bunların hamısı ilk növbədə
müəllimlərin, məktəbin səyi ilə olub, onların
xidmətlərinin nəticəsidir. Biz bu gün nə qədər çətin bir
dövrdə yaşasaq da, həyatımızda nə qədər ağır proseslər
getsə də bu nailiyyətləri heç vaxt unuda bilmərik.
Əksinə, biz bunları daim yada salmalıyıq. Çünki bunlar
bizim milli sərvətimizdir. Ona görə də mən xalqımızı bu
yüksək elm, təhsil, mədəniyyət səviyyəsinə gətirib
çıxarmış Azərbaycan məktəbinə, müəllimlərə, Azərbaycan
müəllimlərinin bütün nəsillərinə dərin minnətdarlığımı
bildirirəm və xalqın iradəsini ifadə edərək deyirəm ki,
biz Azərbaycan məktəbi ilə, təhsili ilə, müəllimləri ilə
fəxr edirik.
*
Azərbaycanın təhsili, məktəbləri
sona çatan XX əsr dövründə çox böyük nailiyyətlər əldə
etmişdir. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir
şəxsləri, maarifçiləri, ziyalıları, müəllimləri
xalqımızı savadsızlıqdan, ətalətdən çıxarmaq,
maarifləndirmək, təhsili inkişaf etdirmək üçün çox
işlər görmüşlər. Əgər Azərbaycan Respublikasının təhsil
tarixi yazılsa (bu tarix yazılmalıdır), şübhəsiz ki, hər
mərhələdə görülən işlər orada əksini tapacaq və öz
qiymətini alacaqdır. Bu gün isə onu deyə bilərəm ki,
əsrimiz sona çatır. Əsrin əvvəlindən indiyə qədər
Azərbaycanın ərazisində, xalqımızın həyatında, təhsil,
elm, mədəniyyət, şüurun inkişafı sahəsində çox böyük
işlər görülüb, böyük nailiyyətlər əldə olunub.
Azərbaycan xalqı savadsızlıqdan ümumi savadlılığa keçib.
O qaranlıq keçmişdən sonra indi respublikamızda xalqın
bütün təbəqələrini əhatə edən yüksək mədəniyyət, təhsil,
elm mövcuddur. Bunlar əsrimizin əvvəlindən indiyə qədər
yaşamış, yaratmış bütün nəsillərin fədakar əməyinin,
xalqa sədaqətlə xidmətinin nəticəsidir. Eyni zamanda
bunlar Azərbaycanın bütün nəsillərindən olan
müəllimlərin xalqımızı təhsilləndirmək, maarifləndirmək,
savadlandırmaq yolunda xidmətlərinin nəticəsidir.
Bakı şəhərinin təhsil işçiləri ilə görüşdəki nitqindən
31 avqust 1994-cü il
* * *
*
Azərbaycanın öz müstəqilliyini
bərpa etməsi, digər sahələrdə olduğu kimi, təhsil
sistemi qarşısında da böyük vəzifələr qoymuşdur.
Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil
sisteminin yaradılması üçün köklü islahatların həyata
keçirilməsi zəruri və təxirəsalınmazdır. Bu yolda
çətinliklər də az deyildir. Sevindirici haldır ki,
zəngin təcrübəyə və qədim ənənələrə malik Azərbaycan
məktəbi bu gün də qarşıya çıxan bütün çətinliklərə və
keçid dövrünün yaratdığı sıxıntılara baxmayaraq, məhz
Azərbaycan müəlliminin təlim-tərbiyəyə olan sönməz
həvəsi, xalqımızın və respublikamızın parlaq gələcəyinə
olan qırılmaz ümidi sayəsində öz işini uğurla davam
etdirir.
"Azərbaycan müəllimlərinin XI qurultayına" təbrik
məktubundan
24 sentyabr 1998-ci il
*
* *
*
Mən hesab edirəm ki, Azərbaycan
dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızda
təhsilin, maarifin inkişafı üçün daha da gözəl imkanlar
yaranıbdır. Doğrudur, bizim maliyyə, maddi vəziyyətimiz
bu imkanlardan istənilən səviyyədə istifadə etməyə imkan
vermir. Amma, eyni zamanda bu, müvəqqəti bir haldır. Biz
müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi
istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin
mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm
ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində
Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da
təkmilləşəcək, inkişaf edəcək və Azərbaycan uşaqları,
gəncləri bu inkişaf dövrümüzdə ilbəil daha da geniş,
yüksək təhsil alacaqlar.
Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqindən
25 sentyabr 1998-ci il
*
* *
*
Azərbaycan Respublikası milli
azadlığını, dövlət müstəqilliyini əldə edib və indi
milli dövlət qurmaq prosesi ilə məşğuldur. Bu,
Azərbaycan üçün, Azərbaycan xalqı üçün yeni bir tarixi
mərhələdir. Bu yeni mərhələdə şübhəsiz ki, Azərbaycan
dövlətinin, xalqımızın qarşısında çox mühüm və mürəkkəb
vəzifələr durur. Bu vəzifələrdən biri də Azərbaycanın bu
günü və gələcəyi üçün yüksək təhsilli, yüksək
mədəniyyətə malik olan, müasir tələblərə cavab verən
mütəxəssislər hazırlamaqdır.
Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ali təhsil
almağa göndərilən tələbələrlə görüşdəki çıxışından
5 oktyabr 1992-ci il, Naxçıvan şəhəri
Heydər Əliyev müəllim
haqqında
*
Həyatını müəllimliyə həsr edən
insanlar, həqiqətən, fədakar, xalqına, millətinə
sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən
insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri
hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən
olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik
edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər.
Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli
müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın
bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola
bilərdimi? Biz bunların hamısını məktəblərdən,
universitetlərdən, müəllimlərdən, sizdən almışıq. Mən
müəllimlərimi həmişə böyük hörmət və ehtiramla
xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm.
Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax,
mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan
duyğular hər bir gəncin hafizəsində qalsın.
*
Hər kəs öz həyatında müəllimlə
özünün əlaqəsi haqqında fikirlər söyləyə bilər. Ancaq
mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini
keçib gəldiyim həyatımda ən çox yadımda qalan mənim üçün
əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük
minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz
daxili istedadımla yanaşı, müəllimlərimin mənə
verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə
göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və
bu gün də uğurlu edir.
Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqindən
25 sentyabr 1998-ci il
*
* *
*
Bu gün ölkəmizin qarşısında
duran problemlərin həllində müəllimlərin fəal iştirakı
xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan müəlliminin bir
məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı
çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə
çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü
Vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan,
yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab
verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək!
*
Azərbaycan müəllimlərinin
cəmiyyətimizin həyatında oynadığı rol müstəsna
əhəmiyyətə malikdir. Müəllimlik xalqımızın ən çox hörmət
etdiyi, ən çox əziz tutduğu bir peşədir. Təsadüfi deyil
ki, cəmiyyətimizin ən layiqli nümayəndələri sənətindən,
işindən asılı olmayaraq müəllim adlandırılır.
Tariximizin bütün dövrlərində bu ada məhəbbətlə
yanaşılmış və onun daşıyıcılarına xüsusi ehtiram
bəslənmiş, diqqət göstərilmişdir.
"Azərbaycan müəllimlərinin XI qurultayına" təbrik
məktubundan
24 sentyabr 1998-ci il
*
* *
*
Məktəb, müəllimlər həmişə xalq,
insanlar arasında, ictimaiyyətdə hörmət, ehtiram
qazanmışlar və buna layiq olmuşlar. Müəllim adı yüksək
addır. Azərbaycanda müəllimə daim böyük hörmət olmuşdur.
Müəllim cəmiyyətdə tanınan, hörmət edilən şəxs olmuşdur.
Heç də təsadüfi deyildir ki, dilimizdə insanların
bir-birinə müraciət formasında "müəllim" sözü şəxslərin
müəllim olub-olmamasından asılı olmayaraq istifadə
edilib... Bu ondan irəli gəlir ki, xalqımız
savadsızlıqdan, gerilikdən, ətalətdən bugünkü günə qısa
tarixi bir müddətdə gəlib çatmaqda müəllimlərin rolunu
qiymətləndirir və qarşısındakı adama hörmət əlaməti
olaraq "müəllim" deyir. Ona görə də müəllimin cəmiyyətdə
xüsusi yeri olduğu artıq heç kəsdə şübhə oyatmır.
Müəllimə hörmət, ehtiram həmişə olub. Bu gün də,
gələcəkdə də olmalıdır.
Bakı şəhərinin təhsil işçiləri ilə görüşdəki nitqindən
31 avqust 1994-cü il
Heydər Əliyev gənclər və vətənpərvərlik haqqında
*
Vətənpərvərlik çox geniş məna
daşıyır. Vətənpərvərlik təkcə o deyil ki, gedib Vətəni
silahla müdafiə edəsən. İnsan gərək həyatının hər
dövründə, fəaliyyətinin bütün sahələrində öz vətəninin,
ölkəsinin qayğısı ilə yaşasın, həm onun
iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin
qayğısı ilə yaşasın. Bunlar hamısı vətənpərvərlikdən
doğan bir şeydir. Vətənpərvər insan öz mədəniyyətinin
də, iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də
inkişaf etməsini istəyir, xalqının rifah halının
yüksəklərə qaldırılmasını istəyir. Bütün bunlar
vətənpərvərlik məfhumuna daxil olan anlayışlardır.
*
Lazımdır ki, bizim gənclərimiz,
orta məktəblərdə təhsilalan gənclər bütün fənlərdən
yaxşı hazırlaşsınlar. Bu günün tələbləri, gələcəyin
tələbləri baxımından, dünyanın hər yerində, bütün
ölkələrdə inkişaf etmiş iqtisadiyyatı, texnologiyanı,
texnikanı mənimsəmək, onları respublikada tətbiq etmək,
ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, təhsilini,
elmini dünya standartları səviyyəsinə qaldırmaq üçün
bizim gənclərimiz gərək yaxşı hazırlaşsınlar. Məktəblər
onlar üçün lazım olan fənlərin hamısının tədrisini gərək
yaxşı təşkil etsinlər. Beləliklə də bizim gənclərimiz
gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək
təhsil almış gənclər olsunlar.
*
Xalqımızı, gəncləri
vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə etmək
üçün orta məktəblərdə çox iş görülməlidir. Müstəqil
dövlətdə yaşayan hər bir vətəndaş birinci növbədə bu
dövlətin müstəqilliyinin, suverenliyinin təmin
olunmasını öz həyatının əsas vəzifəsi və məqsədi
bilməlidir. Ona görə də bizim gənclər, təhsil alan
nəslimiz gərək məktəblərdə ilk addımlarından
vətənpərvərlik əhvali - ruhiyyəsi ilə tərbiyə olunsun.
Bütün dərslər, xüsusən humanitar fənlər gərək
gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu
aşılasın, tərbiyə etsin və bunlar hər bir gəncin
qəlbində sarsılmaz bir qalaya çevrilsin.
Bakı şəhərinin təhsil işçiləri ilə
görüşdəki nitqindən
31 avqust 1994-cü il |