Azərbaycan Stolüstü Tennis Federasiyasının
təşkilatçılığı ilə "Şüa" İdman-Sağlamlıq Kompleksində
yeniyetmələr və gənclər arasında "TOP-16" turniri başa
çatıb.
Tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis
Federasiyasının vitse-prezidenti Fazil Məmmədov
dövlətimizin başçısının ölkəmizdə idmana böyük diqqət və
qayğı göstərdiyini, müasir standartlara cavab verən
idman və sağlamlıq infrastrukturunun yaradıldığını
bildirib.
F.Məmmədov deyib: "Bütün bunların nəticəsidir ki, bu gün
Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı,
beynəlxalq idman yarışlarına da ev sahibliyi edir.
Təsadüfi deyildir ki, 2015-ci ilin fevralında Beynəlxalq
Stolüstü Tennis Federasiyasının "Avropa TOP-16" Kuboku
uğrunda yarışları da Azərbaycanda keçiriləcək".
Fazil Məmmədov, həmçinin son illərdə stolüstü tennisin
inkişafı istiqamətində görülən işlərdən və nəzərdə
tutulan tədbirlərdən bəhs edib, yarış iştirakçılarına
uğurlar arzulayıb.
İki gün davam edən və şəxsi formatda keçirilən turnirdə
Bakı şəhərinin Qaradağ rayonunun Uşaq-Gənclər İdman
Mərkəzinin, "Neftçi", "NN" idman klublarının, Bakı
Tennis Məktəbinin, "Təhsil" Respublika İdman Mərkəzinin
idmançıları ilə yanaşı, Sumqayıt, Şabran, Şirvan və
Şəkidən olan tennisçilər iştirak ediblər.
Oğlanlar arasında yarışlarda Bakı Tennis Məktəbinin
tennisçisi Sənan Əliyev I, Bakı Tennis Məktəbinin
nümayəndəsi Nurlan Həsənov II və "Təhsil" Respublika
İdman Mərkəzinin idmançısı Əliverdi Şahgəldiyev III
yerləri tutublar.
Qızlar arasında isə "NN" klubunun idmançısı Məryəm
İmanova 1-ci , Sumqayıt "Təhsil " Respublika İdman
Mərkəzinin tennisçisi Nəzrin Əhmədova 2-ci və Sumqayıt
"Təhsil" Respublika İdman Mərkəzinin və "NN" idman
klubunun təmsilçisi Dinarə Məmmədova 3-cü yerlərə layiq
görülüblər.
Qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının
diplom və mükafatları təqdim edilib. |