Azərbaycan Velosiped İdmanı Federasiyası "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının
müvafiq bəndinin icrası, velosiped idmanının daha da
populyarlaşması və kütləviliyi, gənclərin asudə
vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin
təbliği məqsədilə yeni layihənin icrasına başlayıb.
Federasiyadan aldığımız məlumata görə, Azərbaycan Dövlət
Pedaqoji Universiteti tələbə gənclər təşkilatı ilə əldə
olunmuş razılığa əsasən, noyabrın 29-da Veloparkda
adıçəkilən ali təhsil ocağının fakültələrarası "Tələbə
kuboku" yarışı keçirilib. Komandaların tərkibi 4
nəfərdən (2 qız, 2 oğlan) ibarət olub. Estafet yarışında
mübarizə aparan iştirakçılar velosiped və digər zəruri
avadanlıqlarla təmin ediliblər. 16 komandanın iştirak
etdiyi yarışın ilk mərhələsindən sonra ən yaxşı nəticə
göstərən 4 kollektiv müəyyənləşib və onlar final
yürüşündə çempionluq uğrunda mübarizə aparıb.
Yekunda kimya fakültəsinin komandası hamını qabaqlamaqla
"Tələbə kuboku"nun qalibi olub. İkinci yeri tarix
fakültəsi, 3-cü yeri isə coğrafiya və ibtidai hərbi
hazırlıq fakültəsinin komandaları tutublar.
İlk 3 yeri tutan komandalar Azərbaycan Velosiped İdmanı
Federasiyası tərəfindən müvafiq olaraq 200, 150 və 100
manat pul mükafatı, kubok, medal və diplomla təltif
ediliblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin
tələbələri arasında keçirilən bu yarış pilot layihə idi
və yaxın aylarda digər ali təhsil ocaqları arasında
ümumrespublika "Tələbə kuboku"nun təşkili də nəzərdə
tutulur. |