Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə doktoru
|
Aşıq keçmə bu dağdan,
Keç, su içmə bu dağdan,
Şəhidlərin qanını
Süzür çeşmə bu dağdan.
Aşıq vətəndə qaldı,
Gözüm itəndə qaldı,
Sordum yurdun halını,
Sözüm ötəndə qaldı.
Aşıq dağa yaxındır,
Bu güllər bu dağındır,
Dağdan arana sel var,
Sorun bu nə axındır.
Aşığam dağa həsrət,
Bülbüllər bağa həsrət.
Millətim düzdə qaldı,
Qırıldı ağa həsrət.
Əzizim, karvan keçir,
Önündə sarvan keçir,
Sorun öyrəndik, bəlkə
Bizim diyardan keçir.
Aşıq, bir quş olaydım,
Yurda qonmuş olaydım,
Bir qara bulud kimi,
Dolmuşam boşalaydım.
Aşıq çıxıb yol üstə,
Başın qoyub qol üstə,
Bu yoldan qıyıb keçmə,
Allahdan bir yol istə.
Burdan bir yol keçirdi,
Bu yol kimi keçirdi?
İstədim ki, qayıdam,
Bu yolu kim köçürdü?
Əzizim, bir varım var,
Könlümdə qubarım var.
Mən qaldım, şəhid oldum,
Bu bağda nübarım var.
Mən aşiqəm elimdə,
Daraq qaldı telimdə,
Görən kimlər qırıldı,
Kimlər qaldı elimdə.
Əzizim, ot üstünə,
Sərilləm ot üstünə.
Dağların təpəsindən
Yıxıldım od üstünə.
Əzizim, yol ayrılıb,
Bədəndən qol ayrılıb,
Arana gətdi məni
Dağlardan yol ayrılıb.
Könül, başım ağrıyır,
Gözdə yaşım ağrıyır,
Qoynuna yağı girən
Dağım-daşım ağrıyır.
Əzizim, elim hanı,
Quruyan selim hanı,
Verin mənə darıyım,
Yolunan telim hanı.
Mən gələn may idimi,
Bahar, ya yay idimi,
Yaşıl ətəkli dağım
Arana tay idimi.
Eləmi bom-boş qalıb,
Gözümdə nə yaş qalıb,
Sarayımın yerində
Bir quruca daş qalıb.
Eləmi qarlı dağdan,
Çıxmışam barlı bağdan,
Bağımı kim yolubdur,
Tanımadım uzaqdan.
Əzizim dağdan aşdı,
Dillənib dağ danışdı,
Aran mənə yovuşmur,
Oylağım dağdı, daşdı.
Əzizim uzaqdamı,
Arandamı, dağdamı,
Yaman günə salıbdır
Güllə baran Ağdamı.
Millət yolun hayana,
Lənət səndən doyana,
Zəfər marşı çalınsın,
Bəlkə şəhid oyana.
|
|
|