Müdafiə günü
Fidan
ƏBDÜRRƏHMANOVA,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı
Bu gün ilin tən yarısı, yəni iyun ayının 1-i idi. Qaçqın
şəhərciyində möhkəm hazırlıq gedirdi. Bu gün uşaqların
Beynəlxalq müdafiə günü idi. Müxtəlif təşkilatlardan
şəhərciyə qonaqlar gələcəkdi. Uşaqlara nə hədiyyə
edəcəklərini bilmirəm, amma onların gününün xoş keçəcəyi
indidən hiss olunurdu. Bu gün, elə bil, təbiət də
uşaqların üzünə gülürdü. Günəş göyün ən yüksək hissəsinə
qalxaraq, var qüvvəsi ilə işıq saçırdı. Könül qızını
qayğıkeşliklə yuxudan oyadaraq, səliqə ilə yeni donunu
geyindirdi. Axı bu gün onun bayramı idi. Cəmilənin
sualları bitib-tükənmirdi:
-Bu gün ad günümdür?
-Yox,- deyə anası səbirlə onun suallarına cavab
verirdi.
-8 martdı?
-Yenə də düz tapmadın. Uşaqlar bayramıdır.
Cəmilə bir az özündən razı halda anasına dedi:
-Bəs atam deyir sən böyük qızsan. Məgər mən uşağam?
-Axı hələ məktəbə getmirsən, əgər məktəbə getsəydin
bütün bayramları yaxşı yadda saxlayardın.
-Anacan gör həyətdə nə qədər şar var? - deyə, Cəmilə
baxaraq təəccübləndi. Tələsik naharını edib, həyətə
endi. Bütün uşaqlar həyətdə idi. Uşaqlar çox
sevinirdilər. Müxtəlif yerlərdən qonaqlar gəlmişdi.
Onlar şəhərciyin bütün uşaqlarına hədiyyələr payladılar.
Sonra da məclisin təşkilatçıları uşaqlardan arzularını
soruşdular. Bu uşaqlar qaçqın şəhərciyində yaşasalar da,
müharibənin əziyyətli günlərini, çox şükür ki,
yaşamayıblar. Könül hələ birinci sinifdə oxuyarkən
Qarabağ müharibəsinin şahidi olmuşdu. Əlifba bayramını
keçirməmiş, düşmənlər onları öz elindən, obasından
qovmuş, evlərini yandırmışlar. Günlərlə meşələrdən,
dağlardan keçərək, yol gəlmişlər. Könül öz uşaqlığını
atasız, anasız, qohum-əqrəbanın evində, qaçqın
düşərgələrində keçirmişdi. Amma bu gün onun
ağrısı-acısını unutduran qızı var.
İndi bu həyətdə oynayan uşaqlar sülh şəraitində doğulmuş
uşaqlardır. Onlar biz valideynlər kimi,
qardaş-bacılarını, ata-analarını, itirməmişdir. Ona görə
bu qədər şən görünür, ürəkdən sevinə bilirdilər. Qoy
Tanrı bu sevinci onlara çox görməsin. Qəlbindən bir hiss
keçdi. Kaş mən də uşaq olaydım, məndən arzumu
soruşaydılar, o zaman belə cavab verərdim:
-Uşaqlıqda yaşadığım evimizə getmək istəyirəm, atamın,
anamın ruhu olan həyətdə oynamaq istəyirəm. Görəsən,
Qarabağa indi bir uşaq getsə onu müdafiə edən olarmı?!
Sərçənin arzusu
Bir
sərçə balası hər günorta bir pəncərənin önündə
civildəyir. Evdə yaşayan uşaqlar əllərində qalan kökə
parçaları, süfrədən yığılan çörək qırıntıları ilə
sərçənin balaca qarnını doyururdular. Sərçə o uşaqlarla
yeyir, onlarla oynayırdı. Elə ki vaxt gəlib günorta
yuxusuna çatırdı, sərçə yaman darıxırdı. Anaları
uşaqları çarpayılarına uzadıb, həzin səsi ilə lay-lay
deyirdi. Uşaqlar yuxuya gedənə qədər ana yadında qalan
bütün laylaları oxuyurdu. Uşaqların üstünü örtüb otaqdan
çıxırdı. Sərçə isə laylaların şüşənin o tayına çatan
zümzüməsindən gözlərini qıyıb, başını tüklərinin
arasında gizlədirdi. Xeyli zaman keçdi. Uşaqlardan biri
yaman qırıldanırdı, deyəsən, danışmaq istəyirdi. Sərçə
yaman sevinirdi. Deyəsən, arzusuna yavaş-yavaş
yaxınlaşırdı. Bir gün sərçə uşağa deyir:
-Mənim bir arzum var. Doğulduğum gündən heç kəs mənə
layla deməyib. Sən mənə bir layla de, mən də yatım.
Uşaq deyir:
-Elə isə mən sənə layla deyim, sən də mənə deyərsən.
Onlar razılaşırlar. Uşaqlar nahar edib yataqlarına
uzandılar. Sərçə də balaca bədəni ilə güllü yorğanın
altına girdi. Uşaq sərçənin tüklərini sığallayaraq,
anasının oxuduğu laylalardan yadına düşənləri oxudu.
Sərçə xumarlanıb yatdı. Ertəsi gün sərçə uşağı yatırmalı
idi. Sərçə hey fikirləşdi, layla deyə bilmədi. Tez-tez o
baş-bu baş yorğanın üstündə gəzə-gəzə öz adını deməyə
başladı:
Quş-quş-quş-quş.
Uşaqlar xeyli gülüşdü. O qədər güldülər ki, haldan düşüb
yatdılar.
Elə o gündən uşaqlar laylalarla bərabər anasından
quş-quş da deməyi istədilər. |