Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Döyüş alnımıza yazılıb

 

Gilas ağacı 

Adil NƏHMƏTLİ
"Dəyanət vəqfi" liseyi, X sinif şagirdi
 

Mən hələ xeyli balaca idim, biz zəngin deyildik, həyət-bacamız da o qədər geniş olmayıb. Lakin həyətimizdə qonşulardan heç kimdə olmayan gilas ağacı var idi. Şəhər məhləsiydi, camaat meyvə-tərəvəzi bazar, dükandan alırdı. Biz isə təbii şəkildə bu ağacdan faydalanırdıq. Anam ürəyiyumşaq qadındır. Bizim həyətimizdə gilas ola-ola qonşuların gedib pulla almalarına razı ola bilmirdi. Hmm... Saf anam... Bir gün qonşu uşaqlarını həyətə dəvət etdi, onlar da acgözlüklə ağaca daraşdılar. İkinci gün özləri qapımıza gəldilər, bir az yeyib qayıtdılar. Bir neçə gün keçdi... Səhər namaza durmuşdum, namazımı qıldım və adətim üzrə həyətə düşüb qaçmaq istədim. Lakin qapını açar-açmaz qarşılaşdığım səhnə ayağımı qurutdu. Mənim gilas ağacım... Yazıq gilasım mənim... Qoca gilas ağacı tən ortadan ikiyə bölünmüşdü. Göz yaşları ilə ağaca sarıldım. İçim parçalanır, gözlərim yanırdı. Hasarımızın başında oturan bir neçə həyasız uşaq dişlərini ağardırdı. Onlara tərəf başımı qaldırdım. Qəlbimdəki qəzəb hissi ölmüş, yerini mərhəmət hissi tutmuşdu. Bu uşaqlara, bu adamlara, bu "insanlığa" yazığım gəlirdi artıq.

İndi həmin hasarın başından qonşunun gilas ağacı hər yaz üzümə gülümsəyirsə də, mən ona əl uzatmıram...


Döyüş alnımıza yazılıb 

Birinci Qarabağ müharibəsinin ən qızğın günləriydi. İlkin könüllü cəbhəyə gedəndə hər kəsin vaxtilə gülüb ələ saldığı o arıq, sısqa uşaq indi Vətənin harayına o "hər kəs"dən tez yetişmişdi. "Hər kəs" kef çəkəndə İlkin kar olmamaq üçün qulaqlarını bərk-bərk sarımışdı. Düşmənin atdığı bombalar çox yaxın partlayırdı İlkinə.

Çox ağlamışdı Nuranə, İlkinin bura gəlmək istədiyini eşidəndə. Axı bura gedər-gəlməz   olmuşdu indi. Gedən bir də gəlmir. Ölən bir də dirilib qayıtmır... "Amma yenə də Vətən sağ olsun".  İlkin bu sözləri yol boyu hey təkrarlayır, sanki özünə təsəlli verirdi. Bununla belə, söz vermişdi sevgilisinə, geriyə sağ dönəcəkdi... Qəddar fələk... Həyatın bizim üçün qoyduğu qanun budur: "Döyüş alnımıza yazılıb". İlkin alnını qaşıdı qeyri-ixtiyari... Necə oldu, heç özü də bilmədi. Sanki alnından o sözü silmək istədi. Amma alınmadı... Əvəzində isə alnına tuşlanacaq o "cəhənnəm nəsnəsi", o "qansız güllə" əlini parça-parça etdi. Hm... Guya yaxşı oldu ki, bu... Axı hamı bilir ki, bura gələn ölməlidir, ya indi, ya sonra. Dəxli yoxdur, əvvəl-axır ölməlidir.

Soyuq dekabr günləri idi. Gecə yarısı mənfi "filan" dərəcə şaxtada irəliləyən dəstə isinməyə yer axtarırdı kəşfiyyat zamanı meşədə. İlkin isə hey fikirləşirdi: "Döyüş alnımıza yazılıb, ölüm ki yox...". Lakin qorxdu alnını qaşımağa bu dəfə. Və... Deyəsən bu son idi... Başını paramparça etmişdi o kiçik, amma böyük, nər kimi igidləri yerə sərməyə qadir olan dəmir parçası. Axı söz vermişdi sevgilisinə, söz vermişdi ki, ölməyəcək. Axı o verdiyi hər bir sözün üstündə durmuşdu indiyədək. Hə, indi yadına düşdü, getməzdən əvvəl bir vərəqdə bu sözləri yazıb qoymuşdu sevgilisi və anası üçün:

"Şəhidlər heç vaxt ölmür"

O da ölmədi, əksinə, dirildi, oyanış baş verdi birdən-birə həyatında. Layiqli ömür, layiqli... Layiqli həyat, yeni həyat, yeni alın yazısı...

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov