Zivər MƏMMƏDOVA,
"Zəngi" liseyinin ibtidai sinif müəllimi
Müasir
şagirdlər əylənərək öyrənmək istəyirlər. Biz müəllimlər
də bunu əsas götürərək dərslərimizi elə qurmalıyıq ki,
şagirdlər öyrənməyə həvəs göstərsinlər və özü də
bilmədən əyləncənin içində yeni bilik əldə etsinlər.
Əldə etdiyi bilikləri isə mütləq tətbiq etməyi
bacarsınlar. Müəllimin izahı mütləqdir, amma izaha uyğun
rəngarəng, maraqlı, düşündürücü təqdimatın olması dərsi
daha maraqlı edir. Şagird müəllimin izahını vizual
olaraq gördükdə dərsi daha yaxşı başa düşür və vizual
olaraq alınan informasiya daha uzun müddət yadda qalır.
Multimedia tədris vəsaitləri söylənən bu fikri həyata
keçirməyə kömək edir.Vəsaitlər təlim prosesinin canlı,
maraqlı, rəngarəng olmasına imkan yaradır. Fənlərin
tədrisi zamanı hər bir müəllim seçdiyi standartları
reallaşdırmağı qarşısına məqsəd qoyur və bu məqsədə
çatmaq üçün çalışır. Vəsaitlərdə olan mövzular kurikulum
standartlarına əsasən hazırlanır. Hər mövzu verilən
standartları reallaşdırmağa kömək edir. Dərsliklərdə
verilən mövzular çox geniş olmadığı üçün müəllimlər
standartları möhkəmləndirmək üçün çox rahatlıqla bu
vəsaitlərdən istifadə edə bilərlər.
Vəsaitlərin dərsliklə eyni məzmunda olmaması şagirdlərə
yeni məlumatlar vermək imkanı yaradır. Şagirdlər eyni
mövzu haqqında daha çox məlumat almış olurlar. Dərslikdə
verilən mövzuya başqa mövqedən yanaşmaq, əlavə
məlumatlar almaq şagirdlərin dünyagörüşünün inkişafında,
nitqinin zənginləşməsində, yaradıcı təfəkkürünün
formalaşmasında müəllimlərin yaxın köməkçisidir.
Bir müəllim kimi mən dərslərimin daha canlı, maraqlı
qurulması üçün daim axtarışdayam. Bu axtarışlara çox
vaxt sərf olunur. Vaxt itkisinin qarşısını almaq üçün "oxuyuruq.biz"
portalında yerləşdirilən multimedia resurslarından
istifadə edirəm. Hər bir fənnin elektron vəsaitinin
olması çox yaxşıdır. Fənlərarası inteqrasiya yaratmaq
üçün də vəsaitlər çox əlverişlidir. İstənilən mövzunun
motivasiya hissəsini qurmaq bir çox müəllimlər üçün
çətinlik törədir. Buradakı mövzularda olan
tapşırıqlardan belə motivasiya kimi istifadə etmək olar.
Tapşırıqların rəngarəng, müxtəlif məzmunda olması
şagirdlərə işləmək üçün geniş imkanlar yaradır.
Şagirdlər təkcə sinifdə yox, evdə də bu vəsaitlərdən
rahat istifadə edə bilər. Belə ki, mövzuları tam, dolğun
izah olunduğundan müəllim olmadan belə, şagirdlər
mövzunu başa düşüb, tapşırıqları yerinə yetirə bilər.
Tapşırıqlar hər bir səviyyədə olan şagirdlərin bilik və
bacarıqları nəzərə alınaraq hazırlanıb. Sadə və mürəkkəb
tapşırıqların olması şagirdləri də düşünməyə sövq edir.
Onlar sadə tapşırıqları yerinə yetirdikcə əldə etdikləri
biliklər mürəkkəb tapşırıqları yerinə yetirmək üçün
imkanlar yaradır. Həmçinin tapşırıqların yerinə
yetirilməsi zamanı kompüterdən istifadə olunması
şagirdlərin kompüter bacarıqlarını da inkişaf etdirir.
Şagirdlər təkcə sinifdə deyil, evdə də bu vəsaitlərdən
istifadə edirlər.
Bizim liseydə ibtidai sinif müəllimləri dərslərində bu
multimedia resurslarından istifadə edirlər. Vəsaitdə
olan mözvulara, tapşırıqlara müəllim istədiyi kimi
yanaşa bilər. Seçdiyi standartı reallaşdırmaq üçün
müxtəlif mövzularda olan tapşırıqları seçib dərsində
istifadə edə bilər. Hər bir müəllimə bu vəsaitlərdən
istifadə etməyi məsləhət görürəm. |