Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Xarici xəbərlər

 

ABŞ-da dünya universitetlərinin ilk reytinq cədvəli tərtib olunub 

Amerikanın "US News and World Report" jurnalı özünün dünya universitetlərinin ilk reytinq cədvəlini açıqlayıb.  Reytinq cədvəlində ayrı-ayrı  universitetlərin  (500 ali məktəb) göstəriciləri  Böyük Britaniyanın QS, Times Higher Education və Şanxay  reytinq  sıralamalarındakı göstəricilərdən fərqlənir.  Jurnal universitetləri elmi məqalələr, sitatgətirilmə, qlobal  reputasiya da daxil olmaqla 10 kriteriya və 20 elmi sahə üzrə  qiymətləndirib.  ABŞ-ın Harvard Universiteti  20 elm sahəsindən 10-u üzrə liderdir. Daha sonra  4 elm sahəsi ilə  Massaçusets Texnologiya İnstitutu və 2 elm sahəsi üzrə Kaliforniya Berkli Universiteti gəlir.  Hollandiyanın Vagenin Universiteti kənd təsərrüfatı  elmləri sahəsində ilk yeri tutmuş yeganə qeyri-Amerika universitetidir.  Böyük Britaniyanın Oksford və Kembric universitetləri ilk 10-luqda yer almış qeyri-Amerika ali məktəbləridir. Onlar müvafiq olaraq 5-ci və 6-cı sıralarda yer alıblar.  London İmperial Kolleci reytinqdə 12-ci sıradadır.  Kanadanın Toronto Universiteti reytinqdə  14-cü sırada qərarlaşıb.  QS, Times Higher Education və Şanxay  reytinq  sıralamalarında  ən reytinqli yerlərdə (12, 13  və  19-cu yerlərdə) olan İsveçrənin Sürix Ali Texnik Məktəbi "US News and World Report" jurnalının sıralamasında 26-cı yerdədir.  "US News"un versiyasına görə, 24-cü yerdə olan Tokio Universiteti Asiyanın ən yaxşı  ali məktəbidir. Reytinq sıralamasında Sinqapur Milli Universiteti  Pekin və Honkonq universitetlərindən sonra 55-ci yerdədir. 


Dünyanın ən yaxşı tələbə şəhərlərinin adları açıqlanıb 

Böyük Britaniyanın Quacquarelli Symonds (QS) konsaltinq şirkəti dünyanın ən yaxşı 50 tələbə şəhərinin (QS Best Student Cities 2015)   adlarını açıqlayıb.  Tərtibçilər  şəhərləri qiymətləndirərkən QS World University Rankings sıralamasına daxil olan universitetlərin sayı, həyat səviyyəsi, tələbə-əhali nisbəti, təhsil  və kirayə haqları,  eləcə də  gələcəkdə işlə təmin olunma imkanları kimi kriteriyaları əsas götürüblər.  Tədqiqat gedişində əhalisinin  sayı  250 mindən artıq, ərazisində ən azı dünya reytinqlərində 2 ali məktəbi olan 116 şəhər təhlil olunub.  Reytinqə  3 ildir fasiləsiz olaraq Paris başçılıq edir.   Melburn 6-cı yerdən 2-ci yerə qalxaraq öz mövqeyini xeyli yaxşılaşdırıb, London isə 3-cü yerə enib.  Rusiyanın reytinqdə yeganə şəhəri  olan Moskva 38-ci yerdən 43-ə keçməklə  öz mövqeyini  pisləşdirib.  Ən yaxşı tələbə şəhərlərinin ilk 10-luğuna  aşağıdakılar daxildir: 1.Paris, 2.Melburn, 3.London, 4.Sidney, 5. Honkonq, 6.Boston, 7. Tokio, 8. Monreal, 9. Toronto, 10.Seul.


Oksford Universitetinə tələbə qəbulu rekord həddə çatıb 

Böyük Britaniyanın "Teleqraf"  qəzetinin məlumatına əsasən, növbəti tədris ilində Oksford  Universitetinə qəbul uğrunda rekord sayda tələbə mübarizə aparacaq.  Əksinə,  qəbul qaydalarının sərtləşdirilməsi ilə əlaqədar olaraq  Kembric Universitetinə  tələbat  azalıb. Yeni məlumatlar göstərir ki, Oksford  Universitetinə qəbul olmaq üçün  ərizələrin sayı  rekord səviyyəyə,  18325-ə  çatıb.  Ötən ilin eyni dövrü ilə müqayisədə  (17484 ərizə)  artım təxminən 5% təşkil edib.  Ali məktəb tərəfindən ayrılmış  3100 yer uğrunda abituriyentlər arasında  sərt  mübarizə gedəcəyi bildirilir.  Kembric Universiteti, əksinə, bildirib ki, abituriyentlərin sayının artmasını "gözləmir" və abituriyentlərin sayı haqqında məlumatları dərc etməkdən imtina edib.

Bu il ilk dəfə olaraq Britaniyanın məşhur ali məktəbi abituriyentlər qarşısında bir sıra  tələblər qoyub ki,  bu da universitetə  daxil  olmaq arzusunda  olanların axınının  azalmasına səbəb olub.  Ötən il  Kembric Universitetində 3300 yer uğrunda 16720 namizəd mübarizə aparıb.  Oksfordun tələbələr  üçün tələbləri əvvəlki kimi qalıb. Bu da ona gətirib ki, əlaçılar öz sənədlərini   Kembric Universitetinə  yox, onun əzəli rəqibi olan Oksforda verməyə  hazırlaşırlar.


İnternetdə pulsuz elmi kitabxana açılıb 

UNESCO  tərəfdaşlıq dəstəyi ilə İnternet şəbəkədə pulsuz Ümumdünya elmi kitabxana açıb. Kitabxana alimlər, müəllimlər və tələbələr tərəfindən  internetdə müxtəlif  mətn və məqalələrin  pulsuz istifadəsini təmin edəcək.  Hazırda kitabxana  təxminən 70 video, 25 kitab, 300 məqalə,  həmçinin əlaqələndirici vasitə rolunda çıxış edəcək  rəqəmli platformaya malikdir. Kitabxana hələlik müvəqqəti olaraq  UNESCO və "Nature Education"un saytlarında  (http://www.unesco.org/wls), (http://www.unesco.org/wls) yerləşdirilib.  


Əcnəbi tələbələr Fransaya il ərzində  1,7 milyard avro xeyir verir 

 Son tədqiqatlara görə, hazırda Fransada orta hesabla 295000 əcnəbi tələbə təhsil alır.  Bu, əcnəbi tələbəni qəbul edən ölkə üçün böyük imkanlar deməkdir.  Tələbələr burada pul xərcləyir, yerli universitetlərin maliyyələşdirilməsinə və  yeni iş yerlərinin açılmasına  xidmət edirlər. Əcnəbi tələbələr təhsil aldıqları ölkədə  mənzil, yemək, səhiyyə, nəqliyyat və əyləncə üçün  ayda 920 avro xərcləyirlər. Buna  hələ  təhsil haqları da əlavə olunur.  Əcnəbi tələbələrin ölkə ərazisində sərf etdikləri  vəsaitlərin ümumi həcmi  4,6 milyard avroya çatır.  Əgər bu vəsaitdən yerli özünüidarə orqanları tərəfindən  əcnəbi tələbələr üçün  sərf olunan xərcləri ( ev, ərzaq və sosial müdafiə) çıxsaq, dövlətin əldə etdiyi təmiz gəlir ildə 1,7 milyard avro təşkil edir.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov