Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbənin
uğuru
Azərbaycanın
istedadlı gənclərinin xaricı ölkələrdə əldə etdikləri
uğurlar hər birimiz üçün sevindirici və qürurvericidir.
Dünyanın tanınmış universitetlərində təhsil alan
gənclərimizin elm və texnikanın müxtəlif sahələrində
innovativ layihələrlə çıxış etmələri və ciddi uğurlar
qazanmaları istedadlı tələbələrimizin potensialından
xəbər verir. Bütün hallarda gənclərimizin xaricdə digər
ölkələrdən olan həmyaşıdları arasında yüksək
intellektual səviyyə nümayiş etdirmələri təhsilimizin
uğurları hesab oluna bilər. Belə istedadlı gənclərdən
biri, hazırda "2007- 2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Böyük Britaniyanın Şeffild
Universitetində kompüter elmləri ixtisası üzrə təhsil
alan Tərlan Süleymanovdur. Gəlin, onu yaxından tanıyaq.
Tərlan Süleymanov 1993-cü il avqustun 1-də Göyçay
şəhərində anadan olub. İlk təhsilinə Göyçay şəhər
3 nömrəli tam orta məktəbdə başlayıb. VII sinfə
qədər rus bölməsində təhsil alıb, daha sonra
2005-ci ildə imtahan verərək yüksək balla Ağdaş Özəl
Türk Liseyinə qəbul olunub. XI sinfi Bakı Özəl
Türk Liseyində bitirib. Ağdaş Liseyindən məzun
olduqdan sonra 2010-cu ildə ali məktəblərə qəbul
imtahanında 690 bal toplayaraq Qafqaz
Universitetinin ingilisdilli kompüter mühəndisliyi
fakültəsinə qəbul olunub. Göstərdiyi nəticəyə görə
dövlət başçısı İlham Əliyevin 8 sentyabr 2010-cu il
tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
Qafqaz Universitetinin I kursunu əla qiymətlərlə
bitirdikdən sonra Böyük Britaniyanın Şeffild Universitetinin
kompüter elmləri fakültəsinə qəbul olunub.
Dünya miqyaslı alim olmağı arzulayır
İngilis, rus, türk dillərini mükəmməl bilən Tərlan
Qafqaz Universitetində oxuduğu dövrdə kompüter
mühəndisliyi fakültəsi üzrə 1-ci yerə layiq görülüb.
Proqramlaşdırma və robot texnikasına daha çox maraq
göstərən Tərlan bu sahədə dünya miqyaslı alim olmağı
qarşısına məqsəd qoyub. Buna görə də yüksək səviyyəli
tədris və tədqiqatları ilə dünyanın aparıcı
universitetləri arasında özünəməxsus yeri olan Şeffild
Universitetini seçib.
-
Öz arzuma nail olmaq üçün mən Şeffild Universitetini
seçdim. Bu təhsil ocağı mənə maraq göstərdiyim elm
sahələri üzrə geniş nəzəri və praktik biliklər verir.
Bütün bunlar real şəraitdə müxtəlif kompaniyalarla iş
qurmağıma imkan yaradır. Mənim qardaşım da Şeffild
Universitetində kimya maşınqayırması üzrə təhsil alır.
Təhsil aldığım universitetdə nəzəri biliklərimizi
praktikada sınaqdan keçirmək üçün bir neçə kompüter və
mühəndislik laboratoriyamız var. Robotlarla iş isə
bizim üçün ən xoş məşğuliyyət sahəsidir. Robotların
müxtəlif tapşırıqları yerinə yetirməsini, necə
hərəkət etməsini müşahidə etmək doğrudan da çox
maraqlıdır. Ayrı-ayrı müəllimlər öz modullarına uyğun
olan müxtəlif tədris metodlarına malikdirlər.
Universitetdə həyatın müxtəlif aspektlərinə həsr olunmuş
mühazirələr, laboratoriya məşğələləri, dərs vəsaitləri
var. Bundan əlavə, xüsusi iş vaxtları var ki, biz
tələbələr bu və ya digər məsələlərlə bağlı
müəllimlərimizə müraciət edə və onlardan kömək ala
bilərik. Burada oxuduğum müddət ərzində təhsil mənə
çox şeylər verdi. Birincisi, mən əcnəbi tələbə kimi
ingilis dilini akademik səviyyədə mənimsədim. Bundan
əlavə, kompüter elmini daha dərindən öyrəndim,
proqramlaşdırma, robot texnikası, süni intellekt və
digər sahələrdə öz biliklərimi genişləndirdim.
Universitetdə keçirilən müxtəlif işçi toplantılar,
seminarlar və digər tədbirlər mənə öz biliklərimi
zənginləşdirməyə imkan verir.
Yenilikçi tələbə
Qeyd etdiyimiz kimi, Şeffild Universiteti təkcə Böyük
Britaniyada deyil, bütün dünyada kompüter mühəndisliyi,
texnologiyalar, robot texnikası sahəsində yeni
ideyaların gündəmə gəldiyi və həllini tapdığı bir ali
təhsil müəssisəsidir. 2014-cü ildə universitetin ən
yaxşı innovativ layihəsinin qalibi Tərlan Süleymanov
seçilib. Şeffilddə təhsilinin 3-cü ilində
fərdi dissertasiya proyektinə görə "The Floow"
şirkəti tərəfindən "Ən innovativ layihə" (The
Most Innovative Project) mükafatına layiq görülüb.
İngilis dilində "Animating 'Zeno' the RoboKind
Humanoid Robot: Navigationin a Mobile Environment"
(qısaca Səyyar Mühitdə Naviqasiya) adlandırılan
layihənin ideyası Tərlana məxsusdur. Şeffild
Universitetinin professoru Roger Moorenun rəhbərliyi
ilə həyata keçirilən layihədə "Zeno R50 RoboKind"
robotundan istifadə edilib. Layihənin əsas məqsədi
tamamilə öz-özünə (fully autonomous) hərəkət edən
sistemlərin əsas problemlərindən biri olan
naviqasiya problemini həll etmək olub. Tədqiqat işi
həmçinin robotlar və süni intellekt sahələri
üzrə bir neçə əhəmiyyətli mövzunu əhatə edib.
Universitet tərəfindən verilmiş təqdimatda Tərlan
Süleymanovun işlərinə yüksək qiymət verilib. Təqdimatda
qeyd olunub: "Biz mükafatı təkcə öz innovasiyalarımıza
görə yox, həm də yeni istedad və ideyalara veririk.
Şeffild Universitetinin "Ən yaxşı innovasiya layihəsi"
üzrə mükafat informatika fakültəsinin tələbəsi Tərlan
Süleymanova təqdim olunur. Biz Tərlana kiçik bir robot
verərək onun süni intellektini tədqiq etməyi təklif
etdik. Lakin o tipik həll variantını seçmək əvəzinə,
daha çətin həll variantına üstünlük verərək robotun
xarici müdaxilə olmadan nəqliyyat vasitəsi ilə müstəqil
idarə olunması imkanlarını araşdırmağa qərar verib",
-deyə təqdimatda qeyd olunub. Tərlanın hazırladığı
metodika robota dolayısı ilə nəqliyyat vasitələrinin
məhdud məkan daxilində hərəkətini idarə etməyə imkan
verir. "Kompüter həlli və süni intellektə əsaslanan bu
tədqiqat işi ən çətin problem və innovasiyadır. Buna
görə də biz düşündük ki, Tərlanın işi "Ən yaxşı
innovativ layihə" olmağa layiqdir. Və beləliklə də biz
Tərlanı təbrik edirik. Biz sizin işinizdən böyük
təəssüratla ayrılırıq, Tərlan! Sizin innovasiya və
istedadınızın gələcəkdə də özünü göstərəcəyi günü
gözləyirik",- deyə Şeffild Universitetindən verilən
açıqlamada bildirilir.
Tərlan Süleymanov layihəni bitirdikdən sonra robotlar
sahəsi üzrə daha geniş biliklərə sahib olmaq
üçün Şeffild Universitetinin Robotlar Mərkəzində (Sheffield
Centr for Robotics) yay təcrübəsi keçib. Təcrübə
müddətində yeni robotların quraşdırılması,
bacarıq və məhdudiyyətlərinin müəyyən edilməsi,
istifadə qaydalarının hazırlanması və demo
proyektlərin həyata keçirilməsi ilə məşğul olub.
Əlavə olaraq Zeno R50, Zeno R25 və NAO insanvari
robotları Şeffild şəhərində keçirilən "Beyin
Festivalı" (Festival of the Mind) çərçivəsində
"Robotların yeni erası: interaktiv sərgi" üçün (The
New Age ofRobotics: Interactive Exhibition)
nümayişə hazırlayıb. Seffild Universitetində
keçirilən seminarlarda ("Skills forSuccess Programme")
iştirakına və "Engineering: YouTre Hired" həftəsi
ərzində ən yaxsı layihəyə görə ali məktəb tərəfindən
təltif olunub.
Azərbaycan dili müəllimi
Tərlan Süleymanov Böyük Britaniyada təhsil aldığı
dövrdə Azərbaycan həqiqətlərini, dəyərlərini və
adət-ənənələrini əcnəbilərə çatdırmaq üçün bir
sıra fəaliyyətlərlə məşğul olub. O, Seffild
Universiteti nəzdində Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması və lobbiçilik
fəaliyyətləri üçün təsis edilmiş Azərbaycan
Cəmiyyətinin vitse-prezidenti və eyni zamanda İKT
meneceridir. Cəmiyyət tərəfindən hər il təşkil olunan
"Novruz festivalı", "Dünya həftəsi", "Dil
festivalı" və s. tədbirlərdə fəal iştirak edib.
Tərlan Süleymanov hər il Şeffild Universitetində
keçirilən "Xocalıya ədalət!" kampaniyasının əsas
təşkilatçılarındandır. O, 2014-cü ildə
universitetdə keçirilmış " Xocalıya ədalət!"
kampaniyasına həsr olunmuş videoçarx yaradıb.
- Hər il olduğu kimi, bu il də Şeffild Tələbələr
Birliyinin (Sheffield Students' Union) təşəbbüsü ilə
Dünya Həftəsi (World Week) təşkil olunur və bir həftə
ərzində müxtəlif tədbirlər həyata keçirilir. Biz Şeffild
Azərbaycan Cəmiyyəti olaraq bu tədbirlər çərçivəsində
Beynəlxalq Dil Festivalında və milli sərgidə fəal
iştirak edirik. Noyabrın 14-də paradın keçirilməsi ilə
həftəyə start verildi. Müxtəlif ölkələrdən olan
tələbələr öz bayraqları ilə 2 saat ərzində
universitetdən şəhər mərkəzinə doğru yürüş həyata
keçirərək tələbələrin birlik və bərabərliyini nümayiş
etdirdilər. Noyabrın 16-da Beynəlxalq Dil Festivalı
keçirildi. Mən festivalda Azərbaycan dili müəllimi
olaraq iştirak etdim. Festivalda xarici tələbələrə və
yerli əhaliyə Azərbaycan dili dərsləri keçdim. Bizə
ayrılan vaxt ərzində yerli və əcnəbi tələbələrə
Azərbaycan dili haqqında məlumat verməklə bərabər, eyni
zamanda Azərbaycan haqqında maraqlı faktlar,
Azərbaycanın zəngin mədəniyyəti və tarixinə aid
məlumatlar, iqtisadi, siyasi, elmi, idman və digər
sahələrdə əldə olunan nailiyyətlər və ölkəmizdə baş
tutacaq Avropa oyunları və Avropa çempionatı barədə
məlumat çatdırdıq. Noyabrın 19-da isə milli sərgi təşkil
olundu. Sərgidə Azərbaycana aid suvenirlər, milli
geyimlər və rəsmlər nümayiş olundu.
Şeffild Universitetini bitirdikdən sonra
Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq
istəyirəm. Bunun üçün də ilk öncə nüfuzlu
universitetlərin birində doktorantura təhsili almaq
arzusundayam. Gələcəkdə arzum öz sahəmdə ekspert olmaq
və elmə yeni ideyalar gətirməklə bəşəriyyətə xidmət
etməkdir.
Biz də ölkəmizin təhsil ənənələrini, mədəniyyətimizi
uzaq Britaniyada layiqincə təmsil edən Tərlana qarşısına
qoyduğu hədəflərə çatmaqda uğurlar arzulayırıq.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |