Dekabrın
1-də Bakıdakı 5 nömrəli tam orta məktəbdə 1 dekabr -Ümumdünya
QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Nəsimi
Rayon Cənclər və İdman İdarəsinin, "Aids"lə
Mübarizə İctimai Birliyinin , Qafqaz Universitetinin və
Bakı Rabitə Kollecinin nümayəndələri iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl qonaqlar məktəbin foyesində "Gigiyenik
ləvazimatlar", bir dəfəlik istifadə üçün nəzərdə
tutulan tibbi avadanlıqlar, "Dezinfeksiyaedici
maddələr", "Biz narkomaniyaya yox deyirik!" və "Stop!
AİDS" başlıqları altında sərgiyə baxıblar.
Sonra Qafqaz Universitetinin müəllimi Ayaz Abbasovun,
Rabitə Kollecinin müəllimi Teymur Fərhadovun, eləcə də
məktəbin biologiya müəllimlərindən Vəfa Kərimova və
Könül Rzayevanın əməkdaşlıq çərçivəsində reproduktiv
sağlamlıqla bağlı III, VI, X və XI siniflərdə "açıq
dərs"ləri olub. "Açıq dərs"lərdə iştirak edən qonaqlar
Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş
maarifləndirici dərslərdən çox razı qaldıqlarını
bildiriblər.
Daha sonra məktəbin akt zalında yuxarı sinif
şagirdlərinin, Rabitə Kolleci və Qafqaz Universitetinin
tələbələrinin iştirakı ilə elmi-praktik konfrans
keçirilib. Konfransı giriş sözü ilə açan məktəbin
direktou Nərminə Gündüzlü tədbirin tərbiyəvi
əhəmiyyətindən danışıb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Ziyad
Nəsibov QİÇS və onun törədə biləcəyi fəsadlar haqqında
məlumat verib. Konfransda Nəsimi Rayon Gənclər və İdman
İdarəsinin rəis müavini Şahmar Tağıyev, "Aids"lə
Mübarizə İctimai Birliyinin əməkdaşı Ehtiram Paşayev,
Rabitə Kollecinin I kurs tələbəsi Qızılgül Zeynalova,
Qafqaz Universitetinin II kurs tələbəsi Elnarə
İsgəndərli və başqaları çıxışlarında gəncləri QİÇS-lə
mübarizəyə çağırıblar. Tədbirdə Ümumdünya QİÇS-lə
Mübarizə Gününə aid müxtəlif slaydlar və videoçarx
nümayiş etdirilib.
Konfrans şagirdlərdən ibarət rəqs qrupunun rəqsi və "Biz
bir dünyayıq" mahnısı ilə başa çatıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |