Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Bilik Fondu Praqada sərgi keçirib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dekabrın 3-dən Çexiya Respublikasının paytaxtı Praqa şəhərində üç günlük sərgi keçirib.

"Azərbaycan elmi xaricdə" proqramı çərçivəsində reallaşan sərgi "Azərbaycanın geologiya elmi Çexiyada" adlanır. Əvvəlcə Praqanın "Ambasador" otelində "dəyirmi masa" təşkil olunub. "Azərbaycan - Çexiya: Tarixi-mədəni münasibətlər" mövzusunda keçirilən müzakirələrdə elm-təhsil, siyasət, incəsənət, iş adamları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iki dost ölkənin ortaq dəyərlərindən danışıb, tarixi-mədəni əlaqələrin yüksələn xətt üzrə  inkişaf  etdiyini  vurğulayıb.  Karlov  Universitetinin  Yaxın  Şərq  və  Afrika  ölkələri  üzrə  İnstitutunun  professoru  Eduard  Gombar,  dilçi alim  Tomas  Lane,  AMEA-nın  müxbir  üzvü  Arif İsmayılzadə,  Təbiət  Tarixi Muzeyinin direktoru Tariyel  Eybətov, petrologiya üzrə tanınmış çex tədqiqatçısı  Shah Vali Faryad, Çexiya milli təbiət muzeyinin  direktoru  Jirina  Daskova  və muzeyin digər əməkdaşı tanınmış paleontoloq Jiri Kvacek, Çexiya  Sənaye  Nazirliyinin  təmsilçisi Pavel Kavina, universitetin  geologiya  üzrə  professoru Pavel  Bosak  müzakirələrdə  çıxış  ediblər.

Karlov Universitetində baş tutan "Azərbaycanın geologiya elmi Çexiyada" adlı sərginin açılışında universitetin rektoru Tomas Zima Azərbaycanla Çexiya Respublikasının böyük enerji tərəfdaşı olduğunu diqqətə çatdırıb. Çexiyanın enerji tələbatının 20 faizindən çoxunu Azərbaycanın ödədiyini xatırladan rektor  deyib ki, belə layihələr iki ölkə arasındakı elmi mübadilənin inkişafına təkan verir.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Azərbaycan elminin xaricdə tanıdılması məqsədi ilə Bilik Fondunun həyata keçirdiyi layihələri alqışladığını bildirib və qeyd edib ki, belə tədbirlərin bütün elm sahələrini əhatə etməsi  vacibdir. Səfirin sözlərinə görə, elmimizin xaricdə tanıdılması tələbə və müəllim mübadiləsinə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və siyasətinin təbliğinə şərait yaradacaq. Sərgiyə qatılan çexiyalı alimlər deyiblər ki, nümayiş olunan eksponatlar Azərbaycanın geologiya elmi - zəngin yeraltı və yerüstü sərvətləri haqqında xeyli bilgilər verib. Növbəti günlərdə "Azərbaycan elmi xaricdə" proqramı çərçivəsində, Bilik Fondunun xətti ilə Azərbaycandan Çexiyaya gedən alimlərin mühazirələri dinlənilib. 

Bünyamin BÜNYADZADƏ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov