Dekabrın 3-də Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutunda Humanist Pedaqogika Mərkəzinin
açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə Təhsil Problemləri
İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru
Qulu Novruzov, "Təhsil prosesində uşaqlara
şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları"
mövzusunda keçirilən seminarla əlaqədar Bakıda səfərdə
olan Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq
Humanist Pedaqogika Assosiasiyasının prezidenti,
psixologiya elmləri doktoru, professor Şalva
Aleksandroviç Amonaşvili və onunla birgə adıçəkilən
tədbirə qatılan Gürcüstan Beynəlxalq Humanist Pedaqogika
Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili,
Moskvada fəaliyyət göstərən "Valideyn qayğısı"
Beynəlxalq İctimai Hərəkatın sədri Klara Mansurova,
Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun
filial direktou, Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü,
psixologiya üzrə fəlsəfə doktoru Valeriy Voşin iştirak
ediblər.
Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov
və Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq
Humanist Pedaqogika Assosiasiyasının prezidenti,
psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili
Humanist Pedaqogika Mərkəzinin rəmzi açılışını bildirən
qırmızı lenti kəsərək bu münasibətlə hamını təbrik
ediblər. Tanınmış alim Şalva Amonaşvilini və digər
qonaqları Humanist Pedaqogika Mərkəzində yaradılmış
şəraitlə yaxından tanış edən direktor Qulu Novruzov
ölkə başçısı cənab İlham Əliyevin elmin və təhsilin
inkişafına göstərdiyi diqqət və qayğıdan, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xosməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın rəhbərliyi altında Fond tərəfindən təhsillə
bağlı həyata keçirilən irimiqyaslı tədbirlərdən,
sosialyönümlü layihələrdən danışıb.
Azərbaycanda ilk dəfə belə bir mərkəzin yaradıldığını
deyən Qulu Novruzov burada bir sıra tədbirlərin
keçiriləcəyini söyləyib. Mərkəzlə tanışlıqdan olduqca
məmnun qalan qonaqlar burada olan metodik vəsaitlərə
baxıblar. Professor Şalva Amonaşvili bu mərkəzin
yaradılmasını yüksək qiymətləndirərək müəllifi olduğu
kitabları həmin mərkəzə hədiyyə edib.
Sonra Şalva Amonaşvilinin və digər qonaqların
institutun kollektivi ilə görüşü keçirilib. Qulu
Novruzov qonaqları rəhbərlik etdiyi institutda görməkdən
məmnunluq hissi keçirdiyini söyləyərək onlara bu
elmi-tədqiqat müəssisəsinin fəaliyyəti haqqında ətraflı
məlumat verib. Professor Şalva Amonaşvilinin ideya
müəllifi olduğu humanist pedaqogikanın əhəmiyyətindən
danışan direktor, onun pedaqogika elminə əvəzsiz
töhfələr verdiyini xüsusi vurğulayıb.
Görüşdə Şalva Amonaşvili onları belə səmimi
qarşıladıqlarına görə özünün və qonaqların adından
təşəkkür edib. Humanist pedaqogika ilə bağlı fikir və
mülahizələrini azərbaycanlı həmkarları ilə bölüşən
professor səmimi əməkdaşlığın bundan sonra da davamlı
olacağına ümidvar olduğunu bildirib.
Çıxış edən digər qonaqlar da belə görüşlərin
keçirilməsinin, alim və pedaqoqlarımızla,
müəllimlərimizlə daha yaxından ünsiyyətdə olmalarını
təqdirəlayiq hal olduğunu deyiblər.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |