Bakı Fransız liseyinin direktoru cənab Alain Mante ilə
söhbət
Bu
ilin sentyabr ayında Bakıda yeni lisey binasının açılışı
oldu. 11 illik tədrisi fransız dilində olan Bakı-Fransız
Liseyi 2013-cü ildən fəaliyyətə başlasa da yeni binasına
bu il köçdü. Liseyi digərlərindən fərqləndirən bir cəhət
də buranı bitirən şagirdlərin attestatının Fransanın
Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə
uyğun olması və tanınmasıdır. Məktəbin məzunları öz
seçimlərinə uyğun olaraq təhsillərini Fransanın
istənilən ali təhsil müəssisəsinə müraciət edə bilərlər.
Şagirdlərin seçim etdiyi ixtisas uyğun olub-olmadığı
onların attestat qiymətlərinin nəticəsindən asılıdır.
İki ölkə arasında imzalanan sazişlə yaradılan liseyin
tərkibində uşaq bağçası da fəaliyyət göstərir ki, bura
iki yaşından yuxarı uşaqlar qəbul edilir. Biz də liseyin
hazırkı fəaliyyəti və gələcək planları ilə tanış olmaq
üçün bu təhsil müəssisəsinə yollanırıq.
Liseyin direktoru Alain Mante suallarımızı
cavablandırmağa hazır olduğunu bildirir. Biz də ona
təşəkkür edib müsahibəmizə başlayırıq.
Əvvəlcə cənab Mante özü barədə qısa məlumat verir:
- Fransanın Milli Təhsil Nazirliyinin əməkdaşıyam.
İbtidai sinif müəllimi olmuşam. Problemli uşaqlara dərs
demişəm. Məktəb psixoloqu diplomum var. Fransada və bir
çox ölkələrdə xüsusi problemli uşaqlar üçün məktəblərdə
direktor, Afrika ölkələrində pedaqoji müşavir olmuşam.
Təhsilin və tədrisin təşkili ilə məşğul idim. Daha sonra
yenidən Fransaya qayıtdım. Bu məktəb açılanda dedilər ki,
sən bu məktəbin təhsilində böyük rol oynaya bilərsən.
Biz madam Ronksanla (red: liseyin əvvəlki direktoru)
birlikdə bu liseydə tədrisi təşkil etdik.
Direktor
barəsində informasiya aldıqdan sonra məktəbin fəaliyyətə
başlaması və hazırkı işləri ilə bağlı söhbətə keçirik:
Lisey Azərbaycanın birinci xanımının təklifi ilə
yaradılıb. Əvvəl Bakı İstedadlar Təhsil Kompleksinin
binasında fəaliyyət göstərirdik. Tədrisə cəmi 32 nəfərlə
başlamışdıq. Onların 15-i bağça, 15-i ibtidai və 2-si
isə lisey səviyyəsində idi. Liseyin hazırda yerləşdiyi
binasının açılışı isə 2014-cü ilin sentyabrında ölkə
başçısı və onun xanımının iştirakı ilə olub. Liseyimizdə
fizika, kimya, İT laboratoriyaları var, İKT
avadanlıqları ilə tam təmin olunmuşuq. Məktəbdə tədrislə
Fransadan gəlmiş müəllimlər məşğul olur. Amma
azərbaycanlı müəllimlər də var. Məktəbin ali idarəetmə
orqanı İdarəetmə Komitəsidir. Komitənin sədri SOCAR-ın,
sədr müavini Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
xəzinədarı Heydər Əliyev Fondu, katibi Fransanın
Azərbaycandakı səfirliyi və eyni zamanda Fransız Dünyəvi
Missiyasının (MLF) nümayəndəsidir.
- Müəllimlər işə hansı şərtlərlə götürülür?
- Müxtəlif millətlərin nümayəndələri burada dərs deyir.
Yeni binaya gəldikdən sonra azərbaycanlı müəllimlərlə də
işləməyə başladıq. Çünki bu ildən şagirdlərin sayı iki
dəfə artıb. Artıq 77 nəfər şagirdimiz var. Müəllimlərin
də sayını artırmaq istəyirik. Yerli müəllimlər üçün
bizim birinci şərtimiz onlar fransız dilini mükəmməl
bilməlidir.
Direktor bizi liseydə dərs deyən müəllimlərlə də tanış
edir:
- Bağçada dərs deyən müəllimlər Vüsalə Yusifova və Sofi
Viyerdir. Sofi Viyerin həyat yoldaşı Aleksis Viyer
hazırlıq qruplarında və ibtidai siniflərdə dərs deyir.
Digər bir sinif müəllimimiz Gülər Həsənovadır. O, ikinci
və üçüncü siniflərə birlikdə dərs deyir. Fatma Djenayah
isə 4-cü və 5-ci siniflərdə tədrisi aparır. Yuxarı
siniflərdə, yəni 6-11-ci siniflərdə şagirdlərin sayı az
olduğundan onlara dərslər birləşdirilmiş bir qrupda
keçirilir. Şagird sayı kifayət qədər olmadığı üçün hər
fəndən ayrı-ayrı müəllim gətirmək olmur. 6-cı sinifdən
yuxarılar distant (məsafədən) təhsil alırlar. Ona görə
də lisey Distant təhsilin milli mərkəzi CNED (Fransa)
ilə müqavilə əsasında elektron vasitələrlə tədrisi
təşkil edir. Veronika Qayevskaya adlı müəllimimiz də bu
prosesdə şagirdlərə yardım edir. Onun yardımçısı
Fransada təhsil alan azərbaycanlı müəllim Elmira
Əliyevadır. Biz yaxın zamanlarda Fransadan yeni
müəllimlər də dəvət etməyi planlaşdırırıq.
- Uşaqlar hansı kriteriyalarla seçilir?
- Bu il seçim prosesi daha asan oldu. Fransız dilini
zəif bilən uşaqlar da qəbul olundu. Çünki məndən əvvəlki
direktor madam Ronksan xəstələndi. Seçim də iyul-avqust
aylarında, onun xəstələndiyi vaxtda, yəni mən direktor
təyin olunmamışdan əvvəl aparıldı. Köməkçi müəllim
seçimi apardığı üçün dili zəif bilən uşaqları da qəbul
edib. Məktəbə qəbul olan, lakin fransız dilini zəif
bilən uşaqların dərslərini davam etdirmək üçün onlara
intensiv və pulsuz fransız dili kursları keçirilir.
Fransada təhsil almış azərbaycanlı müəllimimiz Elmira
Əliyeva uşaqlara tapşırıqlarını başa salır. Bağça
uşaqları və ibtidai siniflərlə dil öyrənməkdə
problemimiz yoxdur. Onlar dili tez mənimsəyirlər. Daha
böyük uşaqlarda isə problem yaşanır. Onlara fransız
dilinə uyğunlaşmaq daha çətindir. Bundan başqa, 11
yaşından yuxarı, yəni lisey yaşındakı azərbaycanlı
uşaqlara Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan
tarixi və coğrafiyası fənləri də tədris olunur. Bu
dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən təqdim olunmuş müəllimlər tərəfindən
aparılır.
- Liseydə təhsil almaq üçün illik ödəniş nə qədərdir?
- Valideynlər ilk qeydiyyat üçün 500 manat ödəyirlər.
Bağça üçün illik 5500 manat, ibtidai siniflər üçün 6000
manat, yuxarı siniflər üçün isə 7000 manat
ödənilməlidir. Təhsil haqqını ödəməyən uşaqlar liseydən
xaric olunur.
- Uşaqlar liseydən kənarlaşdırıla bilər?
- Keçən ildən etibarən məktəbin daxili qaydaları
müəyyənləşdirilib. Bu qaydalarda uşağı məktəbdən
çıxarmaq halları yoxdur. Məktəbə daxil olmaq istəyən hər
hansı bir şagird imtahan verməlidir. Həmin imtahandan
keçəndən sonra məktəbə yazıla bilər.
- Fransa ilə mübadilə proqramı var?
- Bu liseydəki təhsil Fransa təhsil sistemi ilə təxminən
eynidir. Ona görə mübadilə proqramları yoxdur. Bu liseyi
bitirmək üçün şagirdlər CNED-in proqramına uyğun olaraq
imtahan verməli və həmin imtahandan keçməlidirlər.
Burada müvəffəqiyyətlə imtahan verən şagird Fransanın
istənilən universitetlərinə müraciət edə bilər.
- Gələcək planlar nədir?
- İlk növbədə uşaqların sayını artırmaqdır. Azərbaycanda
işləyən fransız əsilli ailələrin uşaqlarını liseyə cəlb
etmək istəyirik. Onlar da uşaqlarını bu məktəbə verə
bilərlər. Fransızlar arasında bu məktəb barədə məlumatı
olanlar var. Onlar öz uşaqlarının təhsilini burada davam
etdirmək istəyirlər. Məsələn, Qətər və Qazaxıstandan
zəng gəlmişdi. Valideyn Bakıda işləməyə qərar verib.
Çünki burada fransızdilli məktəbin olduğunu öyrənib.
Sonda direktorun Azərbaycan təhsilində aparılan
islahatlar barədə məlumatı olub-olmadığını öyrənməyə
çalışırıq:
- Azərbaycan təhsili barədə az da olsa məlumatlıyam.
Təhsil Nazirliyinin ciddi proqramları var. Bu ölkənin
təhsil sistemi Fransa təhsil sistemindən fərqlidir.
Azərbaycanda dili tez mənimsəyirlər.
Cənab Mante Azərbaycan şagirdlərinin riyazi biliklərinin
güclü olduğunu düşünür:
- Azərbaycanlı şagirdlərin riyazi bilikləri çox
yüksəkdir. Fransada daha yuxarı siniflərdə keçirilən
məsələləri burada aşağı siniflərdə təhsil alan şagirdlər
çox asanlıqla həll edirlər.
Söhbətin bu yerində qapı döyülür. Gənc azərbaycanlı
müəllim valideynlərin liseydə direktoru gözlədiyini
bildirir. Biz də artıq söhbətimizin yekunlaşdığını deyib,
direktorla sağollaşırıq.
Rüfanə GÜNƏŞ,
Fotolar: Rəşad RAMAZANOĞLUNUNDUR,
"Azərbaycan müəllimi" |