Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Ümumtəhsil məktəblərində şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi

 

İlham CAVADOV,
Təhsil Problemləri İnstitutunun monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Böyütmək üçün seçinMüasir dövrdə ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi təlim prosesində əks-əlaqənin təmin edilməsi, təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacibdir. Qiymətləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, təhsil alanların (şagirdlərin, tələbələrin və s.) nəyi mənimsədiklərini, nələri öyrəndiklərini, nələri edə bildiklərini və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirməyə obyektiv şərait yaradır.

Qiymətləndirmə təlim prosesinin gedişi və nəticələri haqqında informasiya əldə etməyə, şagirdlərin inkişaf dinamikasını izləməyə imkan verir, şagird şəxsiyyətinin formalaşmasına təsir göstərir, onlarda öz müvəffəqiyyətlərinə və yoldaşlarının nailiyyətinə tənqidi münasibət tərbiyə edir, hər bir şagirddə məsuliyyət hissini artırır. Şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi psixo-pedaqoji cəhətdən də önəmlidir. Qiymətləndirmə prosesində şagirdlərin təfəkkürü fəallaşır, hafizəsi təkmilləşir, məntiqi düşüncə qabiliyyəti inkişaf edir və praktik məsələlərin təhlilində onlarda məsuliyyət hissi yaranır. Şagirdlərin fəaliyyətinin və təlim nailiyyətlərinin qiymətləndirilməsi həmçinin ümumdövlət əhəmiyyəti daşıyır. Ona görə də qiymətləndirmə prosesində aşağıdakı məsələlərə xüsusi diqqət verilməlidir:

- təlim nəticəsinin məktəbin yerləşdiyi ərazidən, onun əhatəsindən, bu əhatədə yerləşən əhalinin sosial vəziyyətindən, şəhər və ya kənd məktəbi olmasından, təhsil alan oğlan və qızların say nisbətindən, şagirdlərin hansı dil qruplarına mənsub olmasından asılılığına;

- məktəb kurikulumu üzrə hansı şagirdlərdə müvəffəqiyyət göstəricisinin güclü və zəif olmasına, məzmunda edilmiş dəyişikliyin təlim prosesinə təsirinə;

- şagirdlərin təlim göstəricilərinin fənlər üzrə toplanmış nəticələri əsasında standartların dəyişilməsinə ehtiyacın olub-olmamasına;

- müxtəlif şəhərlərdə, seçilmiş rayonlarda və kənd məktəblərində fənlər üzrə şagirdlərin təlim nailiyyətləri arasındakı korrelyasiyaların xüsusiyyətlərinə və xarakterinə görə təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması. 

Bütün bunlar müəllimin qiymətləndirmə fəaliyyətinin dəqiq olmasının,  müəllimin qiymətinin şagird tərəfindən qəbul edilməsinin əsasını təşkil edir. Onu da qeyd etmək lazımdır ki, bu halda qiymətləndirmə prosesi, yəni qazanılmış təlim nəticələrinin qiymətləndirilməsi, yeni biliklərin qazanılması, ötürülməsi, təkrarı və möhkəmləndirilməsi kimi əsas göstəricilər prosesin inkişafını təmin etməyə başlayır.

Müasir qiymətləndirmə prosesində nəinki idraki (əqli) fəaliyyət, eyni zamanda keyfiyyət göstəriciləri, həmçinin şagirdlərdə formalaşan bacarıq və vərdişlər, bilikləri mənimsəmə və istifadə səviyyəsi nəzərə alınmağa başlanıldı. Bu halda, şagirdlərin biliyinin keyfiyyət göstəricilərini aşağıdakı kimi qruplaşdırmaq olar:

- biliklərin tamlığı - şagirdin anlayışlar, nəzəri müddəalar və s. haqqında biliklərinin həcmi, genişliyi, zənginliyi;

- biliklərin davamlılığı -müəyyən vaxt keçdikdən sonra şagirdin əvvəl aldığı bilikləri yaddaşında bərpa edə bilməsi;

-biliklərin dərinliyi - şagirdin öyrənilənlərin mahiyyətini, səbəb və nəticə əlaqələrini anlaması;

- biliklərin dəqiqliyi - şagirdin öyrənilən fənnin baza anlayışlarını təşkil edən faktları, mühüm müddəaları dərk edərək seçə bilməsi;

- biliklərin dərk edilməsi - şagirdin istifadə edilən faktları, müddəaları isbat etmə, arqumentləşdirmə, məntiqi düşünmə, müstəqil mühakimə yürütmə  qabiliyyəti;

- biliklərin sistemliliyi - şagirdin nəzəri biliklərinin müxtəlif elementləri, hissələri arasında əlaqələrin olması;

- biliklərin ümumiləşdirici olması - şagirdin bilikləri bloklar, sxemlər şəklində ümumiləşdirə bilməsi, baş verən hadisələrdə inkişafı və dinamikanı müəyyən etməsi;

- biliklərin çevikliyi - şagirdin əldə etdiyi bilik və bacarıqları qeyri-standart şəraitlərdə, situasiyalarda istifadəsi; 

- biliklərin praktik istifadəsi - şagirdin müxtəlif fəaliyyət növlərində (çalışmalar, məsələlər, inşalar və başqa tapşırıqlar) biliklərin tətbiqi, tətbiq üçün üsul və priyomları seçə bilmək bacarığı.

Göründüyü kimi, müasir şəraitdə təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinin ən mühüm şərtlərindən biri elmi cəhətdən əsaslandırılmış qiymətləndirmənin aparılmasıdır. Qiymətləndirmə - təhsilin məzmununda (kurikulumda) və texnologiyasında (təlim strategiyalarında və s.) dəyişikliyə gətirib çıxarmalı, şagird-müəllim və şagird-şagird qarşılıqlı münasibətlərinə əsaslanan yeni interaktiv (fəal) təlim-tədris prosesinin yaradılmasına və təkmilləşdirilməsinə xidmət etməlidir. Çünki şagirdlərin təlim nailiyyətlərinin məktəbdaxili qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir.

Müasir qiymətləndirmənin xüsusiyyətlərinə görə müəllim şagirdin səhvlərini deyil, nailiyyətlərini qeyd etməli, cəzadan çox dəstək verməyə çalışmalı, şagirdin səhv cavabına "Sən düz demirsən" demək əvəzinə, "Bu maraqlı fikirdir, lakin sualımız başqadır", "Bir daha cəhd et, səndə alınacaq", "Bir az da fikirləş, məqsədə yaxınsan" kimi həvəsləndirici fikirlərlə dəstək verməlidir. Bu zaman qiymətləndirmədə əks-əlaqə təmin olunar, şagirdin təlimə marağı yüksələr.

Şagirdlərin təlim nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsinin əsas məqsədi sinif və məktəb səviyyəsində onların bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənmək, təlim-tərbiyə prosesini yaxşılaşdırmaq və dinamik inkişafını təmin etməkdir.

Bunun üçün qiymətləndirmə meyarları (rubriklər) hazırlanarkən alt-standartın tələbinin, mənimsəmənin səviyyələrinin (yadda saxlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq) və dərsdə reallaşdırılması nəzərdə tutulmuş təlim məqsədlərinin nəzərə alınması zəruri şərtdir.

Bu zaman hazırlanacaq qiymətləndirmə vasitələrinin qiymətləndirmə standartlarının mənimsəmənin səviyyələri üzrə (yadda saxlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq) 4 çətinlik səviyyəsində hazırlanması praktik əhəmiyyət kəsb edir. Çünki summativ qiymətləndirmə vasitələrinin (istər kiçik summativ, istərsə də böyük summativ qiymətləndirmə vasitələrinin) hazırlanmasında qiymətləndirmə standartlarından istifadə məzmun standartlarının mənimsəmə səviyyəsinin düzgün ölçülməsinin etibarlı göstəricisidir.

Fikrimizcə, şagirdlərin təlim nailiyyətlərinin məktəbdaxili qiy-mətləndirilməsi pedaqoji prosesi tənzimləməyə, keyfiyyətini yüksəltməyə, həm də mövcud çatışmazlıqlar barədə təhsili idarəedənləri və valideynləri məlumatlandırılmağa xidmət edən yeganə pedaqoji vasitədir.  Bu baxımdan da  şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirməsinin düzgün təşkili və qiymətləndirmə aparılarkən məqsədin aydın olması təhsilin keyfiyyəti barədə dəqiq informasiyanın alınmasında və onun yüksəldilməsində mühüm rol oynayır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov