Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Qiymətləndirmə sahəsində fəaliyyətlərimizin əsasını təşkil edən sənəd

 

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini,  pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, əməkdar müəllim

Azərbaycanda həyata keçirilən təhsil islahatlarının mühüm istiqamətlərindən birini qiymətləndirmə sahəsində görülmüş işlər təşkil edir. Ümumi təhsil pilləsində şagirdlərin qiymətləndirilməsi ilə bağlı əldə olunmuş nailiyyətlər onların içərisində xüsusi olaraq fərqlənir.

Doğrudur, uzun illər təhsil sahəsində irəliləyişlərimizi təhsil alanların stimullaşdırılması, qiymətləndirilməsi izləsə də, həmişə bu sahədə subyektivlik, qeyri-konkretlik daha çox üstünlük təşkil etmişdir. Qiymətləndirmə şəxsiyyətin dəyərləndirilməsi baxımından özünün humanist mövqeyini göstərə bilməmiş, müəllimlərin mülahizələri, yanaşma tərzi kimi meydana çıxaraq, şagirdlərin obyektiv dəyərləndirilməsi vasitəsinə çevrilməmişdir. 

Ölkəmizdə aparılan təhsil islahatlarında şagird nailiyyətlərinin qiymətləndirilməsinə üstün yer ayrılması  bu zərurətdən meydana gəlmişdir. İlk dəfə 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" dövlət sənədi hazırlanmış və onun "Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi" bölməsində qiymətləndirmə məsələlərinin ilkin qaydaları təsbit edilmişdir. Artıq  2009-cu ildə ölkənin təhsil tarixində birinci dəfə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" Azərbaycan hökuməti tərəfindən təsdiq olunaraq istifadəyə verilmişdir.

Qiymətləndirmə Konsepsiyasının hazırlanması nələri reallaşdırdı?

Bu Konsepsiyanın meydana gəlməsi Azərbaycanda ümumi təhsilin inkişafına təkan vermiş, ümumi təhsilin idarə olunması sisteminin humanist və demokratik prinsiplər əsasında qurulmasına zəmin yaratmışdır. Təhsilin məzmun, eləcə də texnologiyalar baxımından inkişaf etməsini, müəllim-şagird münasibətlərində yeni yanaşma tərzinin formalaşmasını stimullaşdırmışdır.

İlk növbədə bu konsepsiya heç bir vaxt Azərbaycanda mövcud olmayan, yeni bir idarəetmə mexanizminin formalaşdığını meydana çıxardı. Bu mexanizmdə dünyanın mütərəqqi ölkələrinin təhsil sahəsindəki qiymətləndirmə ənənələri ümumiləşdirilməklə yanaşı, Azərbaycanın mövcud təhsil durumu, onun idarəetmə və qiymətləndirmə sahəsindəki özünəməxsus cəhətləri mühüm amil kimi nəzərə alındı. Məktəb rəhbərlərinin, eləcə də müəllimlərin qiymətləndirmə sahəsində mütərəqqi yanaşmalarına istinad olundu.

Qiymətləndirmə Konsepsiyasında başlıca məqsədlərin, fəaliyyət istiqamətlərinin  müəyyən olunmasına ümumi məsələlər kimi baxılmış, onun yaradılmasını zəruri edən şərtlər izah edilmişdir. Demokratik və humanist xarakterə malik bir təhsil sistemi kimi Azərbaycan təhsilinin özəllikləri, inkişaf istiqamətləri, qiymətləndirmə mexanizmlərinin bu prosesdəki əhəmiyyəti və faydası, özünəməxsus cəhətləri açıqlanmışdır. Ən başlıcası, istifadə olunacaq qiymətləndirmə növlərinin texnoloji parametrləri üzərində xüsusi dayanılmış, onlardan istifadənin prosedur cəhətləri şərh olunmuşdur.

Təhsil sahəsində qiymətləndirmənin sistemi dedikdə, ilkin olaraq onun məzmununun müəyyənləşdirilməsi yada düşür. Qiymətləndirmənin məzmunu fənn kurikulumlarında əhatə olunduğundan bu sənəddə həmin məsələ sadəcə xatırlanır və qiymətləndirmə mexanizmləri və vasitələrinin yaradılmasında məzmun standartlarının, fənn  kurikulumlarının bir mənbə kimi əsas olması xüsusi qeyd edilir: "Qiymətləndirmə mexanizmlərinin və vasitələrinin yaradılması təhsilin məzmun standartları və fənn kurikulumları hazırlandıqdan sonra növbəti mərhələlər hesab olunur".

Qiymətləndirmə Konsepsiyasında şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri, qiymətləndirmə növlərinin ümumi cəhətləri, məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə növlərinin mahiyyət və məzmunu konseptual olaraq müəyyənləşdirilir.

  Qiymətləndirmə Konsepsiyasında qarşıya qoyulmuş məqsədlərin mahiyyəti nədən ibarətdir?

Konsepsiyada qiymətləndirməyə dünyanın qlobal təhsil problemi kimi yanaşılır, onun hazırlanmasını şərtləndirən səbəblər göstərilir. Bu qiymətləndirmə mahiyyət etibarilə dünyanın siyasi, iqtisadi, sosial dəyişiklikləri ilə əlaqələndirilir. Elə dəyişikliklər ki, onlar cəmiyyətdə idarəetmənin daha demokratik üsullarına keçilməsi, ölkədə açıq vətəndaş cəmiyyətinin qurulması, inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi, beynəlxalq bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması və milli özünəqayıdış hisslərinin aşılanması məqsədlərinə yönəlməklə özündə dünyəvi cəhətləri ümumiləşdirir.

Doğrudan da, dünyanın inkişaf etməkdə olan demokratik ölkələrindən biri kimi Azərbaycan təhsil sistemində daha ümumi məqsədlərə doğru yönəlmiş qiymətləndirmə fəaliyyətlərini qura bilməyimiz bu sahədə irəliləyişlərimizdən xəbər verir. Başqa sözlə, bu cəhətlər işimizin müsbət yöndə olduğunu göstərir.

Konsepsiyanın qlobal məqsədlərə yönəlməsi istər-istəməz onun tətbiq imkanlarını genişləndirir, humanist və demokratik təhsil sisteminin qurulması baxımından gələcək fəaliyyəti təmin edir. Konsepsiyanın tətbiq olunması:

ilk növbədə cəmiyyətdə müasir baxışların, dəyərlərin (mədəniyyətlərin) formalaşmasına təkan verir;

ikinci, bazar münasibətləri şəraitində müəyyən olunmuş məzmunun (standartların) mənimsənilməsinə şərait yaranır;

üçüncü, qiymətləndirmə prosedurlarını müəyyən edən normativ-hüquqi baza yaradılır;

dördüncü, milli qiymətləndirmə sistemi yaradılır və ölkənin beynəlxalq qiymətləndirmədə iştirakı təmin edilir.

Qiymətləndirmə Konsepsiyası çərçivə sənədi  kimi hansı xüsusiyyətlərə malikdir?

Konsepsiyada qeyd olunur ki, "Bu sənəd çərçivə sənədi kimi, Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan   Respublikasının təhsil sahəsində islahat proqramının tələblərinə və dövlətin təhsil siyasətinə, qiymətləndirmənin müasir dünya standartlarına uyğun hazırlanmışdır və yeni qiymətləndirmə sisteminin prinsipləri üçün  baza rolunu oynayır".

Fikrimizcə, bu müddəalar  ümumi xarakter daşımaqla özündən sonra bir sıra sənədlərin hazırlanması üçün bünövrə rol oynayır.

Onlardan birincisi, məkdəbdaxili və milli qiymətləndirmə konsepsiyasının hazırlanmasıdır. Bu sənəddə şagird nailiyyətlərinin uzunmüddətli strategiyası müəyyənləşdirilməli, məktəbdaxili və milli qiymətləndirmənin məqsədi, vəzifələri, təşkili məsələləri, vasitələri və sair öz əksini tapmalıdır. Şagird nailiyyətlərinin qiymətləndirilməsində geniş yayılmış imtahan formasının beynəlxalq tələblərə uyğun qurulması istiqamətində müddəalara xüsusi yer ayrılmalıdır.

İkincisi, şagird nailiyyətlərinin qiymətləndirilməsi  ilə bağlı pedaqoji, metodik ədəbiyyatın yaradılması, təhsil menecerləri üçün köməkçi resursların hazırlanmasıdır.   

Üçüncü, kurikulum islahatı çərçivəsində müvafiq qiymətləndirmə vasitələrinin yaradılmasıdır. Bu zaman şagirdlərin idraki, hissi və psixomotor fəaliyyətləri sahəsində nailiyyətlərinin xüsusiyyətləri nəzərə alınmalıdır. Şagird nailiyyətlərini qiymətləndirmək üçün verilmiş təlim tapşırıqlarında hər bir fənnin xüsusiyyətləri diqqət mərkəzində saxlanılmalıdır.

Konsepsiyada qiymətləndirmənin hansı növlərindən bəhs olunur?

Qiymətləndirmə Konsepsiyasında məzmun standartlarının mənimsənilməsi istiqamətində istifadə olunan qiymətləndirmə növləri sadalanır və onlar aşağıdakı kimi ifadə edilir:

* ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə);

* irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə);

* yekun (summativ) qiymətləndirmə.

Bu təsnifat "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədinin "Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi" bölməsindəki məktəbdaxili qiymətləndirmə ilə bağlı müddəaları tamamlamaqla davam etdirilir. "Bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər üzrə) formalarda yazılı və şifahi qiymətləndirilir" fikrinin ifadəsində  nisbətən konkretləşdirilir.  Yeri gəlmişkən qeyd edək ki, bu məsələlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2010-cü ildə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədində də ("Təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi" başlığı ilə verilmiş hissədə) öz əksini tapır. Ümumiyyətlə, dünyada qəbul olunmuş diaqnostik, formativ və summativ qiymətləndirmə növlərinin Azərbaycan təhsilinə gəlməsi mütərəqqi hal kimi qiymətləndirilir. Ölkəmizdə humanist və demokratik təhsil sisteminin qurulmasında bu qiymətləndirmə növləri əhəmiyyətli pedaqoji hadisə kimi dəyərləndirilir.

Konsepsiya çərçivə sənədi olduğundan burada qiymətləndirmə növlərindən ümumi şəkildə danışılır, onların mahiyyəti haqqında təsəvvür yaradılır, faydalı cəhətlərindən bəhs olunur.

Diaqnostik qiymətləndirmə, ümumiyyətlə, hər hansı pedaqoji fəaliyyətin başlanğıc mərhələsində aparılır. Mahiyyət etibarilə nəzərdə tutulmuş fəaliyyətə başlamazdan əvvəl diaqnoz qoyulur, hər hansı müvafiq istiqamət müəyyənləşdirilir. Bu mərhələdə müəllimin fəhmi, intuisiyası, bir pedaqoq kimi peşəkarlığı onun köməyinə gəlir. Düzgün diaqnostik qiymətləndirmə düzgün istiqaməti müəyyənləşdirir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  diaqnostik qiymətləndirmə özünün prosedur qaydaları ilə mövcud ola bilər. Bu qiymətləndirmənin düzgünlüyü qəbul olunmuş prosedur qaydalara əsasən müəyyənləşir. Həmin prosedur qaydaların isə hazırlanması vacib hesab edilir.

Formalaşdırıcı qiymətləndirmə öyrənmə prosesində tətbiq olunur. Təlim, tədris prosesinin istiqamətini müşahidə etməyə, onun məqsədyönlü olub-olmaması barədə qərara gəlməyə imkan verir. Başqa sözlə, təlimin, tədrisin düzgün istiqamətləndirilməsini təmin edir.

Konsepsiyada formativ qiymətləndirmə barəsində ancaq ümumi məlumat verilir. Onun əhəmiyyəti şərh edilir, haqqında ümumi təsəvvür yaradılır. Bu isə ona məxsus prosedur qaydaların, yaxud müvafiq təlimatın hazırlanmasını  zəruri tələb kimi qarşıya qoyur.

Summativ qiymətləndirmə yekun qiymət kimi ifadə edilir. Bəzən məktəblərdə bu növ qiymətləndirmə ilə ənənəvi yekun qiymət arasında fərq görmür, onları eyni anlayış kimi izah edirlər. Belə bir yanaşma ənənəvi və yeni qiymətləndirmə arasındakı fərqin aydın dərk olunmamasından irəli gəlir. Ümumiyyətlə, kurikulumların tətbiqi vəziyyətinin öyrənilməsi göstərir ki, müəllimlər müxtəlif növ qiymətləndirmələrin aparılmasında, onlara aid vasitələrin hazırlanmasında çətinliklərlə rastlaşırlar.

Məlum olduğu kimi, yeni fənn kurikulumlarının tətbiqinə başlanıldığı dövrdən yeddi ilə yaxın bir vaxt keçir. Bu müddətdə bütün fənn kurikulumlarının hazırlanması işi başa çatdırılmış, ibtidai siniflərdə yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı xeyli təcrübə toplanmışdır. Həm təlimin məzmununda, həm də təlim prosesində yeni qiymətləndirmə mexanizmlərinin hazırlanması baxımından nailiyyətlər əldə olunmuşdur. Lakin bütün bunlarla yanaşı, görülmüş işlərin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün aşağıdakı bir sıra tədbirlərin həyata keçirilməsi faydalı hesab edilir:

* bütün fənlərə aid qiymətləndirmə vasitələrinin müəyyənləşdirilməsi və nümunələrin hazırlanması;

* qiymətləndirmənin hər bir növünə aid qaydaların hazırlanması;

* şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müəllimlərin peşəkarlığının artırılması, bunun üçün həm respublika, həm də bölgələrdə yaradılmış kurslarda ona xüsusi yer ayrılması;

* hər bir məktəbin idarəetmə sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə işlərin aparılmasının diqqət mərkəzində saxlanılması, ona keyfiyyətin idarə olunma mexanizmi kimi yanaşılması;

* müəllimlərin ehtiyac və tələbatlarına cavab verən davamlı məktəb tədbirlərinin təşkili və keçirilməsi və s.

Qiymətləndirmə Konsepsiyasının tətbiqi bizə nə verir?

Qiymətləndirmə Konsepsiyasının tətbiqi aşağıdakı nəticələrin əldə olunmasına imkan yaratdı.

1. Ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemi yaranır.

2. Azərbaycan təhsilində qlobal dünyanın qəbul və inkişaf etdirdiyi qiymətləndirmə sistemi formalaşır.

3. Dəyərlərə əsaslanan şəxsiyyətyönümlü təhsil sisteminin inkişafı təmin olunur.

Beləliklə,

* təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında məlumat əldə etmək mümkün olur;

* məntiqi təfəkkür vərdişlərinin inkişafı təmin edilir;

* şagirdlərin inkişafını ardıcıl və sistemli olaraq izləmək, istiqamətləndirmək mümkün olur.

Nəhayət, onu qeyd etmək lazımdır ki, yeni Qiymətləndirmə Konsepsiyası əsasında hazırda formalaşmaqda olan qiymətləndirmə sistemini əvvəlki ilə iki cəhətdən müqayisə etmək və fərqləri meydana cıxarmaq mümkündür.

1. Yeni qiymətləndirmə sisteminin məqsədi şəxsiyyətin inkişafını izləmək  və onun formalaşmasını təmin etməkdən ibarətdir. Humanist və demokratik prinsiplərə istinad olunmaqla şəxsiyyətin dəyərlərə yiyələnməsini stimullaşdırmaq, keyfiyyət göstəricisi kimi onu əsas götürməkdir.

2. Qiymətləndirmə Konsepsiyası yeni qiymətləndirmə sisteminin formalaşmasını tələb edir. Yeri gəlmişkən qeyd edək ki, ənənəvi təhsildə qiymətləndirmə sistemi olmamışdır. Yalnız pedaqogika dərsliklərində beşballı qiymətləndirmə ilə bağlı şərhlər verilmişdir. Bəzi fənlər üzrə qiymət və yazı normaları hazırlanmışdır.

Yeni  qiymətləndirmə sistemi yaradılmaqla ilkin olaraq onun fəlsəfəsi müəyyənləşdirilmişdir: aktuallığı əsaslandırılmış, məqsəd və vəzifələr, spesifik cəhətlər şərh olunmuşdur. Elmi-pedaqoji əsas kimi prinsiplər müəyyənləşdirilmişdir. Qiymətləndirmənin məzmununun (qiymətləndirmə standartları) hazırlanması üzərində iş davam etdirilir. Onun növləri, formaları, vasitələri müəyyənləşdirilir. İlkin təcrübələr onu göstərir ki, qiymətləndirmə fəaliyyətlərinə dair qaydaların mükəmməl hazırlanması, aydın, anlaşıqlı və konkret olması onun səmərəli və keyfiyyətli qurulmasının ən etibarlı təminatçısıdır.

Ölkəmizdə həyata keçirilən təhsil islahatları çərçivəsində qiymətləndirmə siyasəti mükəmməl normativ-hüquqi bazaya əsaslanmaqla məqsədəuyğun şəkildə davam etdirilir. Onun yeni təhsil texnologiyalarından biri kimi öyrənilməsi və tətbiq olunması bu gün təhsil sahəsində fəaliyyət göstərən hər bir pedaqoji işçidən tələb olunur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov