Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Amerika və avropalı şagirdlər hansı əsərləri mütaliə edir?

 

Bu əsərlərdən Azərbaycan məktəblərində istifadə etmək olarmı? 

Bünyamin BÜNYADZADƏ 

Bədii mütaliə istənilən halda insanın mənəvi cəhətdən kamilləşməsində xüsusi əhəmiyyətə malikdir. Bədii mütaliənin müsbət təsiri yeniyetməlik dövründə  daha da effektiv olur. Bu dövr insan yaddaşının ən həssas dövrü olduğu üçün şagirdlər həmin imkandan maksimum şəkildə yararlanmalıdır. Şagirdlərdə bədii zövqün formalaşması sinifdənxaric oxu və mütaliədən daha çox asılıdır. Uşaq ədəbiyyatı və ümumiyyətlə, bədii ədəbiyyat, yaş dövründən asılı olaraq, ardıcıl şəkildə mütaliə olunduqda daha effektiv olur.

Ölkəmizdə dövlətin diqqət və qayğısı sayəsində bu istiqamətdə bir sıra mühüm işlər görülüb. Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi və çoxsaylı  nəşr olunaraq respublikanın bütün kitabxana şəbəkəsinə hədiyyə edilib. Bu nəşrlər sayəsində gənc nəsil bədii və elmi ədəbiyyata ehtiyacını ödəməklə istifadə edə bilir. Lakin bununla belə şagirdlərimizə, sinifdənxaric oxu üçün bir neçə dünya miqyaslı yazıçıların əsərlərini tövsiyə edirik. Qeyd edək ki, həmin müəlliflərin əsərləri Avropa - Amerika və ümumiyyətlə, dünyanın bir çox ölkələrinin orta məktəblərində sinifdənxaric oxu kimi tövsiyə olunur və hətta müəyyən hallarda birbaşa dərsliklərə daxil edilir.  XX əsrin ən böyük ədəbiyyatçılarından biri, görkəmli ingilis yazıçısı Ernest Seton Tompsonun  "Seçilmiş əsərləri", əsasən də "Balaca vəhşilər", "Mənim həyatım" romanları  və bir çox hekayələri,  xüsusən 5-11-ci sinif şagirdləri üçün faydalı ola bilər. Yazıçının demək olar ki, hər hekayəsi qəhrəmanlıq hissləri və əməllərinin əks olunduğu flora və faunanın həyəcanlandırıcı həyat hekayəsidir. Yazıçı təbiətə sevgi ilə oxucu qəlbini birdəfəlik fəth edir. Nəzərə almaq lazımdır ki, hazırda dünyanın qlobal problemlərindən biri də məhz ekologiya və təbiətlə bağlıdır. Bu mənada, şagirdlərin belə əsərlərə maraqlı olmasına çalışmaq əhəmiyyətli sayıla bilər. Dünyaca məşhur yazıçı, britaniyalı Lüis Kerrolun əsərləri isə əsasən ibtidai siniflər üçün çox əhəmiyyətli hesab olunur.  Onun "Alisa möcüzələr ölkəsində" adlı əsəri xüsusən Avropa  xalqlarına mənsub uşaqların çox sevdiyi əsərdir. Yazıçının uşaqlar üçün yazdığı əsərləri, dünyanın bir çox ölkələrində uşaq ədəbiyyatı üçün ən faydalı əsərlərdən sayılır. Lüis Kerrolun müəllifi olduğu ən məşhur əsərlərdən birinin yazılma səbəbi də çox maraqlıdır. Yazıçı rəsm çəkməyi çox sevirmiş. O həm də XIX  əsrin ən yaxşı fotoqrafı olub. Bir gün parkda oynayan 3 qız uşağının fotosunu çəkmiş və onun əsl Alisa ilə tanışlığı da belə başlamışdır. Bu qızlardan biri olan Alisa, onun sehrli povestinin baş qəhrəmanı olmuşdur. Bu nağıl 1865-ci ildə yazılmışdır. Əsərin əsas süjeti Alisanın gördüyü qəribə yuxular əsasında qurulmuşdur. 1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış olmuşdur. Yazıçının ikinci, "Alisa güzgü arxasında" nağıl-povestinin baş qəhrəmanı isə bu qız olmuşdur. Bu əsəri müəllif 1871-ci ildə qələmə almışdır. Kerrol, "Deyingənin ovu" və "Silviya və Bruno" adlı əsərlər də yazmışdır. XX əsr ingilis ədəbiyyatının ən nüfuzlu nümayəndələrindən biri olan Virginya Vilfun dediyi sözlər yazıçının ədəbi portretini tam şəkildə əks etdirmişdir. "Kerrol əsl professor olub. Eyni zamanda yazıçının xarakterində saflıq və şəffaflıq olub. Lakin bunun arxasında qeyri-adi möhkəmlik dayanmış, onun da altında uşaqlıq gizlənmişdir. O, heç kimə nəsib olmayan bir şey etmişdir. Uşaqlıq aləminə qayıda bilmiş və onu elə təsvir etmişdir ki, biz də uşaqlaşmışıq".

Müasir dünya ədəbiyyatının digər məşhur yazıçısı isə Amerika ədəbiyyatının çox istedadlı ədibi Con Hoyer Apdaykdır. Yazıçının "Seçilmiş əsərləri", xüsusən də "Dovşan, qaç", "Kentavr" romanları və müxtəlif məzmunlu hekayələri, əsasən yuxarı sinif şagirdlərimizə  tövsiyə olunur. "Dovşan, qaç" romanının ideyasında cəmiyyət üçün ailə, övlad, valideyn  və  yaxın qohumluq münasibətlərini müqəddəs saymağın  zəruriliyi  vurğulanır. "Kentavr" romanında isə  müəllif, bədii fikrin ən zəngin qaynaqlarından sayılan yunan mifologiyasındakı bəzi obrazlar vasitəsilə yazıçı təxəyyülünün daha dolğun ifadəsinə, təsvirlərin orijinal reallığına, mühakimələrin canlı, dinamik səslənməsinə nail olmuşdur.  Daha sonra digər yazıçı, alman ədəbiyyatının görkəmli nümayəndəsi Lion Feyxtvangerdir. Onun bədii yaradıcılığı şagirdlər üçün tövsiyə olunan bədii nümunələr sırasındadır. Yazıçının "Qəribə adamın müdrikliyi, yaxud "Jan-Jak Russonun ölümü və ölməzliyi", "Lautenzak qardaşları" romanları və müxtəlif hekayələri mütaliə üçün məqsədəuyğundur.  Bu yazıçı həm də XX əsr ədəbiyyatına ən oxunaqlı tarixi roman müəllifi kimi daxil olmuşdur. Tarixi mövzulara müraciət etməsinə baxmayaraq, müasir dövrün ən aktual problemləri həmişə yazıçının diqqət mərkəzində olmuşdur. Lion Feyxtvanger bədii yaradıcılığında XX əsrin ümidlərini, arzularını, çatışmazlıqlarını adekvat şəkildə təcəssüm etdirən böyük sənətkarlardan biri kimi xarakterizə edilir. Bədii irsinin öyrənilməsi, xüsusən yeniyetmələr üçün məsləhət görülən yazıçılardan biri də ingilis yazıçısı, Nobel mükafatı laureatı Redyard Kiplinqdir.  O, 1882-1889-cu  illərdə Hindistanda yaşayıb.  Buna görə də onun əsərlərində Hindistan mövzusu geniş yer tutur. Müəllifin "Cəngəlliklər", "Nağıllar" kitabları bütün dünyada uşaqlar tərəfindən böyük maraqla oxunur. Bu yazıçı "Puk Təpəsinin Cırtdanı",  "Mükafatlar və Pərilər"  adlı məşhur kitabların müəllifidir. Həmin kitablardakı  əsərlər qədim İngiltərə nağılları əsasında yazılıb. Şekspirin pyeslərindən götürülmüş  "Cırtdan Pak"-ın dili ilə söylənilən qədim ingilis nağılları da Avropa uşaq ədəbiyyatında özünəməxsusluğu ilə seçilir. "Cəsur kapitanlar" əsəri isə sırf yeniyetmələr üçün nəzərdə tutulub.

Müəllifi olduğu bədii əsərlərlə dünyada diqqət çəkən digər yazıçılardan biri də alman ədibi Erix Mariya Remarkdır. O, XX əsr dünya ədəbiyyatının ən peşəkar yazıçılarından hesab olunur. Bütün yaradıcılığını müharibə mövzusuna həsr edən yazıçının əsərləri mənsub olduğu xalqın mənəvi əzablarının ən dərin və ən səmimi bədii təcəssümüdür. Dünya ədəbiyyatında insan qırğınına Remark qədər dərin nifrət oyada bilən, müharibə nəticəsində dünyaya səpələnən mühacirlərin fəlakətini təsirli bədii boyalarla təsvir edən ikinci bir yazıçı tapmaq çətindir. Yazıçının dilimizə tərcümə edilən əsərlərindən "Zəfər tağı" və "Lissabon gecəsi" romanlarını misal göstərmək olar. Digər ədib isə Cənubi Amerika ədəbiyyatının istedadlı nümayəndəsi, Braziliya yazıçısı Jorj Amadudur.  Bu yazıçının da bədii əsərləri dünyada maraqla oxunur. O, öz bestsellerləri ilə müxtəlif  ölkələrin milyonlarla oxucusuna Braziliyanı sevdirə bilmişdir. Yazıçının qələmindən çıxan əsərlərin hər sətrində qaynar həyat çağlayır, cənub temperamentindən qidalanan oynaq, bənzərsiz yumor süzülür. Oxuculara təqdim olunan "Qum dəryasının kapitanları", "Möcüzələr dükanı" romanları, "Zolaqlı Pişik və Göy Qaranquş" povesti və "Piranyansda möcüzə" hekayəsi yazıçının dünyaca məşhur əsərlərindəndir. Qeyd edək ki, adları sadalanan bütün əsərlər dilimizə tərcümə olunub.

Sonda bir daha əziz şagirdlərimizə haqqında məlumat verdiyimiz yazıçıların əsərlərini sinifdənxaric oxu və mütaliə üçün tövsiyə edirik. Çünki həmin bədii əsərlər hazırda dünyanın bir çox orta təhsil müəssisələrində mütaliə üçün tövsiyə olunur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov