Qəbul imtahanının rekordçusu Fatimeyizəhra Nəbizadə ilə
söhbət
"Magistr təhsilimi Amerikanın
Kaliforniya ştatında almaq və Azərbaycana qayıdıb dərs
demək istəyirəm"
Bu sözləri 2014-cü il qəbul imtahanlarında maksimum
nəticə göstərən və adı ilə də diqqət mərkəzində olan
Fatimeyizəhra Nəbizadədən eşidirəm. Redaksiyamıza qonaq
olan Fatimeyizəhra Nəbizadədən tələbəlik həyatı və
dərsləri barədə söhbətə başlayırıq.
- İstərdik ki, səni tanıyaq.
- 1997-ci ildə Bakı şəhərində doğulmuşam. "Türkiyə
Diyanət Vəqfi" liseyinin məzunuyam. TQDK-nın qəbul
imtahanında 700 bal topladım. Qafqaz Universitetinin "Kimya
mühəndisliyi" ixtisasını seçdim. Qəbula 3 il həm təhsil
aldığım liseydə, həm də "Araz" kurslarında
hazırlaşmışam. Ailədə 5 nəfərik - atam, anam, bacım,
qardaşım və mən. Atam energetika mühəndisi, anam isə
tibb bacısıdır. Qardaşım Türkiyədə təhsil alıb, o da
mühəndisdir. Bacım tibb təhsili alıb və Türkiyədə
təhsilini davam etdirir.
- Dostların səni necə tanıyır?
- Dostlarım məni çox oxuyan kimi tanıyır.
- Xarakterin necədir, hansı mənfi və müsbət
xüsusiyyətlərin var?
- Sevmədiyim xüsusiyyətim çox emosional olmağımdır. Hər
şeyə tez reaksiya verirəm. Sevdiyim xüsusiyyətim
məqsədimə çatmağa çalışmağımdır.
- "Həmişə məqsədlərinə çatasan"- deyib, mühəndis olmağa
necə qərar verməsi ilə maraqlanırıq:
- Atam və qardaşım mühəndisdir. Ən sevdiyim fənnim isə
fizikadır. Bütün bu amillər seçimimə çox kömək etdi.
8-ci sinifdən qərar verdim ki, mühəndis olacağam. Anam
və bacım tibb sahəsində olsa da, bacımın çətinliklərini
görürdüm. Həm də o sahə mənə görə deyildi.
- Ailən seçiminə qarışıb?
- Ailəm daima mənə dəstək olub. Seçimi mənə buraxıblar.
- Məktəbdə müəllimlərinin ixtisas seçimində köməyi olub?
- Örnək götürdüyüm müəllimlərim çox idi. Amma mənim
üçün fizika-riyaziyyat müəllimlərimin yeri ayrı olub.
Müəllimlərim həmişə deyirdi ki, sən 700 bal
toplayacaqsan.
- Ali məktəbə hazırlıq mərhələsi zamanı dərslərində
ailənin hansı köməkliyi olub?
- Atam, qardaşım dərslərimdə kömək edirdilər. Amma
dərslərimi demək olar həmişə özüm hazırlamışam.
- Tələbə adını qazanmaq üçün hazırlıq kursuna getmək
mütləqdirmi?
- Bu fərdidir. Şagirdin özündən asılıdır. Məktəbdəki
dərslərini oxusa uğur əldə edə bilər. Amma yüksək nəticə
üçün hazırlıq olmalıdır.
- Qəbul imtahanlarında, yaxud ali məktəblərdə nələrin
dəyişməsini istəyirsən?
- Düşünürəm ki, çalışmaqla 700 bal toplamaq olar. Qəbul
imtahanı nə çətin, nə də asan deyil. Amma
universitetlərdə çoxlu yeniliklərin olmasını,
tələbələrin təcrübəsi üçün daha yaxşı şəraitin, geniş
imkanların yaradılmasını istəyirəm. Universiteti bitirib
işə qəbul olanda təcrübə daha çox önəm daşıyır, nəinki
oxuduğun dərslər.
Əvvəldə də qeyd etdiyimiz kimi, onun balı ilə yanaşı adı
da diqqət mərkəzində idi. Bu adın qoyulma tarixini
soruşuruq:
- (gülür)
Adımı anam qoyub. Yuxu görüb, deyiblər qızın olacaq. O
da mənə bu adı verib.
Adı fərqli olan bu qızın tələbə həyatı necədir?
Tələbəliyi şagirdlikdən nə fərqləndirir? Bütün bunlar
barədə danışmağa başlayırıq:
- Tələbəlik mənim üçün yenidir. Tam öyrəşə bilmirəm.
Universitet, dərslər yaxşıdır. Zaman-zaman məktəb
vaxtına qayıtmaq, şagird olmaq istəyirəm. Məktəb vaxtı
daha əyləncəli, qayğısız idi. Həm də mən ətrafıma tam
uyğunlaşa bilməmişəm.
- Bəlkə sakitliyindən irəli gəlir?
- Mən liseyə qəbul olanda da eyni problem yaşamışdım.
Sonralar öyrəşdim.
- Sosiallaşa bilmədiyini deyirsən. Sosiallaşmaq üçün nə
edirsən?
- Universitetdə tanıdıqlarım çoxdur. Bu mənə öyrəşməyə
kömək edir.
- Dərslərdə hansı problemlərin var?
- Hələ ki, hazırlıq kursundayam. Ancaq ingilis dili
keçirik. İxtisasa hazırlıqdır bu. Dil də elə bir şeydir
ki, gündəlik onunla məşğul olmalısan. Dərslərim
yaxşıdır. Qarşıdan imtahanlar gəlir. Həftəlik sınaqlarda
nəticələrim yaxşıdır. Amma daha yüksək olmağına
çalışıram.
- Tələbə kimi tədbirlərdə iştirak edirsən?
- Tələbəlik daha məsuliyyətlidir. Hər addımını məqsədin
üçün atmalısan. Universitetdə klublar var. Mən də
akademiya klubuna üzv olmuşam. Bu, tələbələr üçün
seminarlar təşkil edən bir klubdur.
- Dərsdən sonrakı vaxtını necə dəyərləndirirsən?
- Arada bir gəzməyə gedirəm. Ailəmlə vaxt keçirirəm.
Dərslərimi hazırlayıram. Saz çalmaq istəyirəm. Öyrənmək
üçün universitet nəzdində kluba yazılmışam.
- Niyə saz?
- Mən özüm Qazaxlıyam. Ailəlikcə aşıq musiqisini sevirik.
- Sazdan başqa nəyə marağın var?
- Futbolu izləyirəm. "Fənərbaxça"nın azarkeşiyəm.
- Futbol oynamısan?
- Çox az.
Gələcəyin mühəndisinin gələcək planları ilə
maraqlanırıq:
- Amerikada Kaliforniya ştatında ixtisasım üzrə magistr
təhsili almaq istəyirəm. Sonra universitetə qayıdıb
müəllim, akademik fəaliyyət göstərəcəyəm. Mən hətta
fikirləşirdim ki, bakalavr dönəmində bir-iki illik gedim
xaricdə oxuyum. Amma düşündüm ki, magistr daha
məqsədəuyğundur.
Söhbət əsnasında tələbə yerinə bir neçə dəfə şagird
deyən birinci kurs tələbəsi və gələcəyin mühəndisinə
qonağımız olduğu üçün təşəkkür edib, onunla
sağollaşırıq.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |