Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Təhsil  Şurası Gürcüstanda beynəlxalq elmi-təcrübi konfrans keçirib

 

Böyütmək üçün seçinAzərbaycan Təhsil Şurası  artıq neçə illərdir ki, təhsilimizin müxtəlif problemlərinə, yeniliklərin elmi-nəzəri təhlilinə, qabaqcıl təcrübənin öyrənilib yayılmasına həsr olunmuş tədbirlər təşkil edir. Bu tədbirlərdə Təhsil Şurasının üzvü olan qabaqcıl müəllimlər, həmçinin pedaqoji ictimaiyyətin nümayəndələri iştirak edirlər. Şura bu sahədəki fəaliyyətini daha da genişləndirmək və ona sistemli xarakter vermək üçün ötən il keçirilmiş və təhsil naziri cənab Mikayıl Cabbarovun da iştirak etdiyi hesabat konfransının nəticələrini əsas götürərək  "Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına Dəstək Proqramı" təsdiq edib. Proqrama əsasən respublikamızın regionlarında, həmçinin Bakının təhsil müəssisələrində artıq bir sıra elmi-təcrübi konfranslar, görüşlər keçirilib, müvafiq təkliflər irəli  sürülüb.

Təhsil Şurasının Gürcüstanın Kobuleti şəhərində bu şəhərin bələdiyyə idarəsi ilə birgə "Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi" mövzusunda 13-15 noyabr 2014-cü il tarixlərində keçirdiyi elmi-təcrübi konfrans da şuranın qəbul etdiyi proqramın müddəaları əsasında gerçəkləşib.

Elmi-təcrübi konfransda Gürcüstanın Acarıstan Respublikası Təhsil Nazirliyinin təhsil, mədəniyyət və idman şöbəsinin müdiri Şuşana Surmanidze, Kobuleti Resurs Mərkəzinin direktoru Madona Qoqitidze, Kobuleti şəhər bələdiyyəsinin deputatı Arçil Çenteradze, eyni zamanda şəhər təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər, məktəb rəhbərləri iştirak ediblər. Konfransda Azərbaycan nümayəndə heyətini Təhsil Şurası İdarə Heyətinin üzvləri - "Təhsil və zaman" qəzetinin redaktoru Böyükağa Mikayıllı və Bakı şəhəri 129 nömrəli tam orta mərtəbin direktoru Samir Mehdizadə, Bakı şəhəri 114 nömrəli tam orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi Ceyran Novruzova, həmin məktəbin direktor müavini Nailə Ələsgərova, Lənkəran Rayon Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, Salyan şəhər 1 nömrəli humanitar fənlər təmayüllü liseyin müəllimi, respublikanın əməkdar müəllimi Zabul Əhmədov və başqaları - ümumilikdə 20-dən çox təhsil işçisi təmsil edib.

Konfransı Azərbaycan Təhsil Şurası İdarə Heyətinin üzvü Samir Mehdizadə açaraq  "Təhsil müəssisələri arasında əməkdaşlığın təlim keyfiyyətinin yüksəldilməsində rolu" mövzusunda çıxış edib. S.Mehdizadə çıxışında Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud durumundan, təhsilin cəmiyyətin inkişafındakı rolundan, beynəlxalq təcrübə mübadiləsinin təlim keyfiyyətinin yüksəldilməsinə təsirindən, təcrübə mübadiləsi sahəsində gələcək əməkdaşlığın istiqamətlərindən bəhs edib. Mövzu ətrafında azərbaycanlı və gürcü müəllimlərin çıxışları, müzakirələri olub. Qarşılıqlı fikir mübadiləsi aparılıb. Tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Elmi-təcrübi konfransın ikinci iş günü Kobuleti şəhər 1 və 2 nömrəli orta məktəblərlə tanışlıqla başlayıb. Nümayəndə heyətimizi hərarətlə qarşılayan kobuletili müəllimlər həvəslə öz iş təcrübələrindən danışıb, azərbaycanlı müəllimlərin tövsiyələrini dinləyiblər.

Konfrans iştirakçıları Kobuletinin 15 kilometrliyində yerləşən Çakvin kənd orta məktəbi ilə də tanış olub, məktəbin iki yüz nəfərdən ibarət olan rəqs ansamblının çıxışlarına tamaşa ediblər.

Çakvin məktəbində Azərbaycan Respublikasının əməkdar müəllimi, iki dəfə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, Salyan şəhər Aşıq Pənah adına 1 nömrəli humanitar təmayüllü məktəb-liseyin müəllimi Zabul Əhmədovun 11-ci sinifdə "Vektorların skalyar hasili" mövzusunda apardığı dərs maraq doğurub.

Elmi-təcrübi konfransda  Təhsil Şurası İdarə Heyətinin üzvü, "Təhsil və zaman" qəzetinin redaktoru Böyükağa Mikayıllı "Azərbaycanda təhsil: nailiyyətlər, perspektivlər" mövzusunsda məruzə edib.  Məruzəçi  konfrans iştirakçılarının diqqətini Azərbaycan təhsilində son illər həyata keçirilən tədbirlərin dinamikasına cəlb edib, hazırda Azərbaycan təhsilinin intibah dövrünü yaşadığını vurğulayıb.

Şirvan şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Seyyub Əsədov konfransda informasiya - kommunikasiya texnologiyalarında istifadə etməklə "Qarabağ xanlığı" mövzusunda dərs nümayiş etdirib. Onun mövzunun verdiyi imkanlardan istifadə edərək Qarabağın tarixi haqqında faktlara əsaslanmaqla verdiyi məlumat gürcü müəllimlərinin dərin marağına səbəb olub.

İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Çingiz Muradovun konfransda "Azərbaycanın xalq yazıçısı Məmməd Arazın həyat və yaradıcılığı" mövzusunda nümayiş etdirdiyi dərs də Azərbaycan mədəniyyətinin, poeziyasının, mənəvi dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.

Konfransda habelə Aşıq Pənah adına Salyan şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi, respublikanın əməkdar müəllimi Zabul Əhmədov "Azərbaycanda təhsilin informasiyalaşdırılması", Bakı şəhər 111 nömrəli tam orta məktəbin müəllimi Meliha Əsədova "Azərbaycan və Gürcüstanın təhsil sahəsində Avropaya inteqrasiyası",  Şamaxı rayon Sabir qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Gülnurə Babaşova "Müəllim kadrlarının hazırlığı",  Kobuleti Resurs Mərkəzinin rəisi Madona Qoqitidze "Gürcüstan təhsil sistemində islahatlar", Çakvin kənd 1 nömrəli orta məktəbin müəllimi Nana Modebadze "Orta təhsil islahatları bizim məktəbimizdə necə həyata keçirilir" mövzusunda çıxışlar ediblər. Konfransın sonunda Azərbaycan Təhsil Şurası ilə Gürcüstan Respublikası Kobuleti şəhər Bələdiyyəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb, iştirakçılara sertifikatlar təqdim olunub.  

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov