Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Təhsil Problemləri İnstitutunun təşkilatçılığı  ilə seminar

 

Seminarda Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, professor Şalva Aleksandroviç Amonaşvili iştirak edib

Böyütmək üçün seçin1-4 dekabr 2014-cü il tarixlərində Bakı şəhərində "Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları" mövzusunda seminar keçirilib. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə baş tutan  seminarı Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili aparıb.

Dekabrın 1-də "Avropa" otelinin Bakı zalında keçirilən  açılış mərasimində  Təhsil  Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov,  əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili, Gürcüstan Beynəlxalq Humanist Pedaqoqika Mərkəzinin prezidenti, psixoloq  Paata Amonaşvili, Moskvada fəaliyyət göstərən "Valideyn qayğısı" Beynəlxalq İctimai Hərəkatın sədri Klara Mansurova, Sankt-Peterburqdakı Ümuminsan dəyərləri İnstitutunun filial direktou, Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru Valeriy Voşin və  respublikamızın müxtəlif bölgələrində, eləcə də paytaxtımızda fəaliyyət göstərən bir çox orta məktəblərin direktorları və müəllimləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, tərbiyəçiləri, tanınmış alimlər iştirak ediblər.

Mərasimi Təhsil  Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq seminar iştirakçılarını salamlayıb və qonaqları təqdim edib.  Bildirib ki, tədbirdə iştirak edən professor Şalva Amonaşvili məşhur pedaqoq, Rusiya Təhsil Akademiyasının akademiki, Ukrayna Təhsil Akademiyasının xarici üzvü, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti və humanist pedaqogikanın ideya müəllifidir. Dünyaca məşhur alim, humanist pedaqogikanın əsasını qoyan akademik Şalva Amonaşvilinin pedaqogika elminə verdiyi töhfələrdən danışan Qulu müəllim  onun iştirakı ilə aparılacaq seminarın,  təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşma ilə bağlı söyləyəcəyi dəyərli fikirlərin, mülahizələrin  təhsil işçilərimiz tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu deyib. 

Çıxış üçün söz alan  əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov professor Şalva Amonaşvili ilə tanışlığının onun və digər təhsil işçilərinin inkişafında əhəmiyyətli rol oynamasından, pedaqogika elminə gətirdiyi yeniliklərdən, dünya elmində humanist pedaqogikanın əsasını qoymaqla özünəməxsus  yer tutmasından danışıb.

Sonra  Şalva Amonaşvili seminar iştirakçıları ilə humanist  pedaqogika haqqında fikirlərini bölüşüb.  Qeyd edib ki, bu gün əsas problemlərdən biri sürətlə dəyişən cəmiyyətə uyğunlaşmağa qadir bir şəxsiyyət yetişdirmək və humanist müəllim şəxsiyyətinin formalaşmasında tətbiq edilə biləcək vasitələrlə mənəviyyatı, nəcibliyi, alicənablığı üzə çıxarmağı bacarmaqdır. Humanist pedaqoji düşüncə məktəb həyatının daim yeniləşməsi üçün imkan yaradır. Onun əsas postulatları- uşağın imkanına inam, onun orijinal təbiətini üzə çıxarmaq, şəxsiyyət kimi hörmət etmək, ədalətli olmaq  və müasir pedaqoji düşüncə, öz metodları, formaları ilə tarixi, sosial milli və iqtisadi şəraitdən asılı olaraq yeni pedaqoji sistemlərin meydana gəlmasinə şərait yaratmaqdan ibarətdir.  Bütün bunları isə müəllim kollektivlərinin yaradıcılıq işlərindəki çoxistiqamətli fəaliyyətlə əldə etmək mümkündür.

Akademik daha sonra hazırda böyüməkdə olan nəslin xarakterik xüsusiyyətlərindən, müəllimlərin  uşaqlara düzgün yanaşma prinsiplərindən, onlarla rəftarda daha humanist olmağın zəruriliyindən, bu istiqamətdə diqqət yetirilməli olan məqamlardan söz açıb.

Onu da qeyd edək ki,  Şalva Amonaşvilinin "Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları" mövzusunda apardığı və  dekabrın 4-dək davam edən   seminarda  təhsil işçiləri tanınmış pedaqoqdan "ustad dərsləri" almaqla yanaşı, Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq  Paata Amonaşvilinın təqdimatını da dinləyiblər.

Şalva Amonaşvili ilə ünsiyyətdə olan seminar iştirakçıları onunla və digər qonaqlarla  fikir mübadiləsi aparıblar. Geniş diskussiya və işgüzarlıq  şəraitində keçən  beynəlxalq seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov