Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Sumqayıt Dövlət Universitetində VIII Beynəlxalq elmi konfrans

 

Böyütmək üçün seçinDekabrın 3-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "Azərikimya" İstehsalat Birliyi, AMEA-nın Polimer Materialları İnstitutunun birgə təşkilatçılığı  ilə "Ekologiya və həyat fəaliyyətinin mühafizəsi" üzrə "Sənaye ili"nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq konfrans öz işinə başlayıb.

Öncə SDU-nun rektoru Elxan Hüseynov konfrans iştirakçılarını salamlayıb və Təşkilat Komitəsinin həmsədrlərini - "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevi, AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizovu, Bakı Ali Neft Məktəbinin prorektoru, professor Ramiz Hümbətovu təqdim edib.

Rektor çıxışında bildirib ki, son illər təbiətdə baş verən ciddi dəyişikliklər, kataklizmlər, ətraf aləmdə gedən ekoloji proseslər alimlərimizi düşündürən aktual problemlərdəndir. Ekoloji tarazlığın qorunub saxlanılması, yaşıllıqların salınması, ətraf aləmin mühafizəsi müasir dövrümüzün prioritet məsələsidir. Məlumdur ki, insan öz zəruri tələbatını təbiətdən alır. Məhz buna görə də yaşamaq uğrunda apardığımız mübarizədə təbiətlə birgə olmalı, ona ziyan vurmadan təbii tarazlığı qorumalıyıq. Ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsini gücləndirmək insanların sağlam və uzunömürlü olmasına xidmət edir.

Rektor vurğulayıb ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən etibarən daha intensiv xarakter alıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu dövrdə ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul edilib, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilib, geniş yaşıllaşdırma tədbirləri aparılıb.  Bu silsilə tədbirlərin davamı olaraq 2010-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə "Ekologiya ili" elan edilib. Ekologiya ili çərçivəsində müxtəlif tədbirlər həyata keçirilib, əhali arasında maarifləndirmə işləri gücləndirilib.

"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı  Muxtar Babayev  çıxışında ekoloji problemləri yaradan əsas səbəblər kimi neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasını göstərib. Bildirib ki, bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Lakin bununla yanaşı, hələ də bəzi görüləsi işlər vardır. Belə ki, Bakı və ətraf ərazilərin başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Azərbaycanda  ekoloji vəziyyətin dövlət səviyyəsində qorunması istiqamətində geniş layihələr həyata keçirilir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən, son illər milli parklar yaradılıb, qoruqların ərazisi genişləndirilib.

AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov "Karbon dioksidin yeni sənaye istehsallarının qurulmasında perspektivləri"   mövzusunda məruzə edib. Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyevin "Yaşıl iqtisadiyyat və ekoloji mühəndislik" mövzusunda geniş məruzəsi dinlənilib.

Sonra konfrans öz işini dörd bölmədə davam etdirib.

Konfrans dekabrın 5-də başa çatacaq. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov