Dekabrın
3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə ictimaiyyət
nümayəndələrinin, mədəniyyət xadimlərinin, qeyri-hökumət
təşkilatları təmsilçilərinin və jurnalistlərin 8 nömrəli
sanatoriya tipli, həmçinin 11 saylı inteqrasiya təlimli
internat məktəblərinə səfəri təşkil olunub.
Səfərin təşkilində məqsəd internat məktəbləri ilə daha
yaxından tanış olmağa, burada təhsil alan və yaşayan
uşaqlarla təmas qurmağa şərait yaratmaqdan ibarətdir.
Qonaqlar əvvəlcə Heydər Əliyev Fondunun dəstəyi ilə
əsaslı təmir olunmuş 8 nömrəli sanatoriya tipli
internatda şagirdlər üçün yaradılmış şəraitlə tanış
olublar.
Sonra 11 saylı inteqrasiya təlimli internat məktəbdə
yeni yaradılmış yaradıcılıq sinfinin açılışı olub.
Açılışda bəstəkar Faiq Sücəddinov və müğənni İlqar
Muradov da iştirak ediblər. Şagirdlərin hazırladıqları
bədii proqrama tamaşa edən qonaqlar onların əl
işlərindən ibarət sərgiyə də baxıblar. Şagirdlər
dulusçuluq, təkəlduz, xalçaçılıq, rəngkarlıq işlərindən
ibarət əsərləri barədə məlumat veriblər.
Sonra qonaqlar tədris ocağının şagirdləri ilə birgə
nahar ediblər.
Məlumat verilib ki, Təhsil Nazirliyinin tabeliyində olan
internat məktəblərində ilk dəfə olaraq ötən tədris
ilindən beynəlxalq və yerli standartların,
sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin
yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid
mərkəzdən idarə edilməsinə başlanılıb.
Qeyd edək ki, internat məktəblərin avadanlıq, geyim və
digər resurslarla təchizatı tələbata uyğun olaraq tam
yerinə yetirilir. Məktəblər üçün müasir avtobuslar
alınıb. Həmin nəqliyyat vasitələri ilə şagirdlərin Bakı
şəhərində, habelə bölgələrdə yerləşən tarixi abidə və
muzeylərə, ekskursiyalara və əyləncə məkanlarına
aparılması təşkil olunur. |