Mütəxəssislər şagirdlərdə dünyagörüşün formalaşması üçün
hansı əsərlərin oxunmasını zəruri hesab edir?
Könül Nəhmətova, "Azərbaycan müəllimi"
Orta məktəb şagirdlərinin
mütaliə probleminə cari ilin sentyabrında təhsil naziri
Mikayıl Cabbarovun ciddi tələbkarlıqla yanaşması ölkə
ictimaiyyəti, valideyn və müəllimlər tərəfindən müsbət
qarşılandı. Bu məsələ ilə bağlı qəzetimizdə də mütəmadi
olaraq ayrı-ayrı mütəxəssislərin, pedaqoqların maraqlı
fikirləri dərc olunub. Bədii əsərlərin şagirdlərin
inkişafına, dünyagörüşünün formalaşmasına təsiri ilə
bağlı məqalələr verilib.
Orta məktəb şagirdlərinin ən çox
eşitdiyi söz "oxu", "mütaliə et", "bədii əsərlər oxu"
sözləridir. Bunu yalnız ədəbiyyat müəllimləri deyil,
digər humanitar fənn müəllimləri də tələb edirlər. Hətta
riyaziyyat, biologiya, coğrafiya kimi fənn müəllimlərinə
də şagirdlərə öz fənlərini daha asan qavramağa kömək edə
biləcək bədii əsərlərin tövsiyə edilməsi maraqlı
olmalıdır. Amma "oxu" deməklə məsələ həll olunmur.
Müəllimlər "niyə oxumalıyam", "bədii əsərləri oxumaq
mənim nəyimə lazımdır" kimi suallarla da qarşılaşa
bilərlər. Yəqin ki, qarşılaşmamış da deyillər...
Məsələnin yüksək əhəmiyyətini
nəzərə alaraq redaksiyamız bu mövzunu daim gündəmdə
saxlayır. Ancaq bu dəfə biz şagirdlərimizə mütaliəyə
sərf olunan vaxtdan daha yaxşı faydalanmaq,
dünyagörüşün formalaşmasına hansı əsərlərin daha çox
təsirini bilmələri üçün mütəxəssislərin tövsiyələrini
çatdırırıq.
Bədii əsərləri nə üçün oxuyuruq?
Professor Buludxan Xəlilov: "Bu gün bədii əsərlərdən uzaq düşən şagirdlər
müstəqil danışmaq və yazmaq bacarıqlarını da itirirlər.
Ona görə ki, bədii əsər oxumayan şagirdin lüğət tərkibi
də kasad olur. O danışanda çətinlik çəkir, fikrini ifadə
etmək üçün sözlər tapa bilmir. Bir sözlə, şagirdin
şifahi nitqi qüsurlu olur. Bədii əsər oxumayan şagirdin
bədii zövqü zəif olduğundan o, yazı mədəniyyətində də
qüsurlu olur. Fikrini yazılı şəkildə ifadə edə bilmir.
Bədii zövq olmadan şagird fikrini bədii şəkildə ifadə
edə bilməz. Daha doğrusu, yazılı nitqini qura bilməz.
İngilis yazıçısı Nil Heyman: Bədii ədəbiyyatın iki təyinatı var. Birinci, o
sizi yeni sözlər öyrənməyə, başqa tərzdə düşünməyə,
irəli addımlamağa məcbur edir. Dərk etmək lazımdır ki,
oxumaq özü də həzz verir.
Bir dəfə bunu edəndən sonra siz
oxumağa məhkum olursunuz. İkinci cəhdisə empatiya
yaratmasıdır. Televiziya verilişinə, ya filmə baxarkən
siz başqalarının başına gələnləri izləyirsiniz. Bədii
ədəbiyyat - nəsə hərflərdən və bir ovuc durğu
işarələrindən yaratdığınızdır və siz yalnız xəyallardan
istifadə edərək bir dünya yaradırsınız,
məskunlaşdırırsınız və ətrafa özgə gözü ilə baxırsınız.
Heç vaxt dərk etməyəcəyiniz şeyləri dərk edirsiniz. Dərk
edirsiniz ki, xarici dünya da sizsiniz. Siz başqa biri
olursunuz və öz dünyanıza qayıdanda sizdə artıq nəsə
dəyişmiş olur.
Mütəxəssislər şagirdlərdə dünyagörüşün formalaşması üçün
hansı əsərlərin oxunmasını zəruri hesab edir?
Artıq orta məktəbdə mütaliənin sistemli təşkilinə
nəzarətlə bağlı təşəbbüs görünür
Orta məktəb şagirdlərinin
mütaliəsinin təşkilinə nəzarətin necə həyata
keçirilməsini araşdırmaq məqsədi ilə Bakı şəhərində bir
neçə məktəbin direktoru və Azərbaycan dili və ədəbiyyat
müəllimi, kitabxana nümayəndələri ilə görüşdük.
Məktəblərdə mütaliənin təşkili, əsasən, ədəbiyyat
müəllimləri tərəfindən aparılır. Lakin müəllimlər və
kitabxanaçılar mütaliəyə marağın qənaətbəxş olmamasını
vurğuladılar. Ən çox mütaliə edənlər V-VIII sinif
şagirdləridir. Onlar da əksərən sinifdənxaric oxu
materiallarını götürmək üçün müraciət edirlər
kitabxanaya.
Mütaliənin təşkilinə nəzarətlə
bağlı 246 nömrəli məktəb xüsusi diqqətimizi çəkdi.
Məktəbə yeni direktor təyin olunmuş Almaz Bayramova az
müddət içərisində Azərbaycan dili və ədəbiyyat
müəllimlərinin birgə iştirakı ilə orta məktəb
şagirdlərinin mütaliəsi üçün tövsiyə olunan ədəbiyyat
siyahısını tərtib edib. Bu siyahı I sinifdən başlayaraq
X sinfə kimi şagirdlər üçün nəzərdə tutulub. XI sinif
şagirdlərinin buraxılış və qəbul imtahanlarına
hazırlaşmaları nəzərə alınaraq bu siyahının onlara şamil
olunması uyğun görülməyib. İbtidai sinif şagirdləri üçün
mövzular müəyyənləşdirilərək ədəbiyyat seçimi
müəllimlərin ixtiyarına verilir. I-IV siniflər üçün
kiçikhəcmli nağıllar, anaya, ailəyə aid hekayə və
şeirlər, vətənpərvərlik, yaxşılıq, etik qaydalar,
Azərbaycanın sərvətləri haqqında, böyüklərə hörmət,
təbiəti, heyvanları sevmək mövzusunda bədii ədəbiyyat
nümunələrinin seçilib oxudulması ibtidai sinif
müəllimlərinin vəzifəsi kimi müəyyənləşdirilir.
V-X sinif şagirdlərinin klassik
ədəbiyyatın mütaliəsinə xüsusi diqqət yetirilir. Şifahi
xalq yaradıcılıq mütaliəsinə geniş yer verilməsi işin
təqdirəlayiq tərəflərindəndir. Milli ədəbiyyatımızla
yanaşı dünya ədəbiyyatına da marağın artırılması bu
təşəbbüsün məqsədləri sırasındadır.
Bəs şagirdlər hansı kitabları almağa üstünlük verirlər?
Elmlər Akademiyası metrosunun
ətrafında məktəb və universitetlərin çox olması
səbəbindən ilk maraqlandığımız kitab mağazalarını da bu
ərazidən seçdik. Şagirdlərin daha çox hansı kitabları
almaları ilə maraqlandıq. Olduğumuz dörd mağazada,
əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün kitabların daha
çox alınması, xüsusilə də rusdilli bədii əsərlərin
üstünlük təşkil etdiyi faktı üzə çıxdı. Məktəb
şagirdlərindən isə daha çox II-IX sinif şagirdlərinin
kitab aldığı bildirildi. Daha çox satılan kitablar
qısaldılmış bədii əsərlərdir ki, məktəb dərsliyində
sinifdənxaric oxu mövzusunu təşkil edir. Şagirdlərin
alıcılıq səviyyəsinə gəlincə adıçəkilən dörd mağazadan
biri istisna olmaqla, digər üçündə vəziyyət o qədər də
ürəkaçan olmadı.
Mütəxəssislər hansı bədii əsərləri oxumağı tövsiyə
edirlər?
Tanınmış pedaqoq Əjdər Ağayev uşaqlara mütaliə vərdişlərinin aşılanma prosesini
üç mərhələyə ayıraraq hər birinin özəlliklərini
incəliklərinə qədər təhlil edir. İlkin mərhələ
məktəbəqədər yaşlı uşaqların mütaliəsidir. Bu mərhələdə
şəkilli kitablar üstünlük təşkil edir. "Yalnız sözlü
oxuma olmur, şəkillər də oxunur" deyən pedaqoq uşaqların
böyüklərlə birlikdə kitablardakı şəkilləri müzakirə
etməsini düşünmə, qavrama qabiliyyətinin formalaşmasında
zəruri hesab edir. Kiçikyaşlı uşaqlara iki-üç dəfə
rəsmli kitablar alınarsa, növbəti dəfə özləri bunu tələb
edəcəklər.
Əjdər Ağayev I-VII sinif
şagirdləri üçün qəti olaraq müəyyən yazıçı və əsər
adlarını dəqiq müəyyənləşdirməyin əhəmiyyətini deyil,
daha çox hansı mövzuda əsərlərin oxunmasını
müəyyənləşdirməyin önəmli olması fikrindədir. Aşağı
sinif şagirdlərində mütaliə insani keyfiyyətlərin
aşılanması xarakterini daşıyır. Buna görə də müəllimlər
vətən, ailə, insanlıq məhəbbəti, təbiətə, heyvanlara
sevgi, böyüyə hörmət, dostluq, inam və iman və s.
hissləri aşılayan kiçikhəcmli maraqlı, məzmunlu bədii
əsərlərin seçilib oxutdurulmasına diqqət etməlidirlər.
Artıq yuxarı siniflər hesab
olunan VIII-XI siniflərdə konkret hansı əsərlərin
oxudulması haqqında düşünmək daha böyük əhəmiyyət kəsb
edir. Görkəmli pedaqoqa görə, bu mərhələdə şagirdlərə
qəhrəmanlıq, həyatla mübarizə, özünə inam motivləri
üstünlük təşkil edən bədii əsərlərin seçiminə xüsusi
diqqət verilməlidir. Ə.Ağayev Cek Londonun "Həyat eşqi"
əsəri timsalında dünya ədəbiyyatından belə əsərlərin
şəxsiyyətin formalaşmasındakı mahiyyətini açıqladı.
İsmayıl Şıxlının "Dəli Kür" romanı da şagirdlərə milli
hisslərin aşılanmasında xüsusi əhəmiyyətli nümunə kimi
dəyərlidir. Dövrün tarixini şagirdlərin təxəyyülündə
tarix fənnindən daha artıq canlandırmaq baxımından
professor tarixi romanların yuxarı sinif şagirdlərinə
oxudulmasını məqsədəuyğun hesab edir.
Ə.Ağayev uşaq ədəbiyyatının
yazılmasını şərəfli bir iş sayaraq bunun çox
məsuliyyətli bir öhdəlik olduğunu da vurğuladı. Pedaqoq
müasir bədii nümunələrin içərisində "söz bolluğu verən
və hikmət bolluğu verən" əsərlərin olduğundan bəhs etdi.
Şagirdlərə hikmət bolluğu vermək istəyən müəllimlərə
Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Zahid Xəlil, Xanımana
Əlibəyli, Teymur Elçin kimi uşaq yazarlarının bədii
əsərlərindən bəhrələnməyi tövsiyə etdi.
Uzunmüddətli pedaqoji
təcrübəsi, ədəbiyyatşünaslığı və yazıçılığı,
məktəbdarlığı, naşirliyi ilə, kitab marketinin təsisçisi
kimi tanınan Şəmil Sadıqovun da mütaliənin
təşkili ilə bağlı fikirləri, tövsiyələri təhsil
sahəsində çalışan və bu sahəyə maraq göstərənlər üçün
faydalıdır. Ona görə, ilk növbədə önəmli olan nə oxutmaq
deyil, necə oxutmaqdır. Şagirdlərin mütaliə
vərdişlərinin qazandırılması istiqamətində ən böyük
məsuliyyət məktəbəqədər təhsil verən müəllimlərdən
başlayaraq XI sinfə dərs deyən müəllimlərin üzərinə
düşür. Buna görə də müəllimlərin qarşısında duran əsas
məqsəd mütaliəyə maraq oyatmaqdır. Ş.Sadıqov hətta öz
müəllimlik təcrübəsindən bir epizodu danışaraq, bu yolda
yanlış addımları şagirdlərin mütaliədən ömürlük uzaq
düşməsinə səbəb ola biləcək qədər təhlükəli hesab edir.
O, söylədi ki, pedaqoji təcrübəsinin ilk illərində
səriştəsizlikdən yeddinci sinif şagirdlərindən İsa
Hüseynovun "İdeal" romanını oxumağı tələb etmiş, mümkün
olduğu qədər oxutmuş, oxuda bilmədiklərinə isə əsərin
məzmununu danışmışdır. Lakin indi düşünür ki, bu onun
tərəfindən böyük bir yanlışlıq olub. Çünki alimlik
fəaliyyəti dövründə "İdeal" əsərinin dərk edilməsinin
asan bir iş olmadığı və hətta bunun hər kəsə nəsib ola
bilməyəcəyi qənaətinə gəlib.
Şəmil Sadıqov da aşağı sinif
şagirdlərinə mövzular üzrə bədii əsər seçiminin tələb
olunması fikrindədir. Yuxarı siniflərdə isə ədəbiyyat
nümunələrinin seçimi artıq müəyyən mütaliə vərdişlərinə
malik şagirdlərin intellektual səviyyəsinin
qaldırılmasına xidmət göstərməlidir. Buna görə də X-XI
siniflərdə dünya ədəbiyyatı nümunələrinin tədris
olunmamasını təəccüblə qarşılayır. Dünya ədəbiyyatı
tarixindən xəbəri olmayan abituriyentin gələcəkdə necə
yaxşı bir filoloq ola biləcəyini təsəvvürə gətirmək
çətindir.
Şəmil Sadıqov orta məktəb
şagirdlərinə klassik Azərbaycan ədəbiyyatının ölməz
abidələrini, "Dədə Qorqud", "Koroğlu" dastanlarının,
əfsanə və rəvayətlərin, həmçinin "Altun" nəşriyyatı
tərəfindən hazırlanan klassik dünya ədəbiyyatı
nümunələrinin sadələşdirilmiş variantının oxunmasını
tövsiyə edir. |